Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fiziki coğrafiya

yun. physikos – təbiət + yun. geo – Yer + yun. grapho – yazıram

Yerin coğrafi təbəqəsinin və onun struktur hissələrinin inkişaf qanunauyğunluqlarını öyrənən təbiət elmləri kompleksi.

F.C. elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini tədqiq edən elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, qlyasiologiya, geokriologiya, limnologiya, torpaq coğrafiyası, biocoğrafiya və s. daxildir. Bununla yanaşı, F.C.-nın əsas vəzifəsi coğrafi təbəqənin komponentləri arasında enerji və maddələr mübadiləsini, onlarda baş verən struktur dəyişikliklərini, təbii-ərazi komplekslərini, bu komplekslərdən səmərəli istifadə yollarını və s.-ni öyrənməkdən ibarətdir. F.C.-nın tədqiqatlarında təbiətin mühafizəsi və ekologiyanın müasir problemləri xüsusi yer tutur.

Coğrafiya terminləri lüğəti

fiziki-coğrafi ölkə

Geoloji strukturun, yaxud onun əsas elementlərinin eyniliyi, tektonikatmosfer proseslərinin oxşarlığı, makrorelyefin ümumiliyi ilə xarakterizə olunan ərazi vahidi, materikin bir hissəsi.

F.-C.Ö. fiziki-coğrafi rayonlaşdırmanın ikinci ən böyük azonal vahididir (o, bir neçə coğrafi qurşaqda yerləşə bilər), fiziki-coğrafi sektorun tərkibinə daxildir və öz növbəsində fiziki-coğrafi vilayətlərə, əyalətlərə, rayonlara bölünür. Çox zaman bir neçə ölkə bir F.-C.Ö. təşkil edir (məs.: Britaniya adaları, Pireney yarımadası, Balkan yarımadası), yaxud əksinə, bir ölkə bir neçə F.-C.Ö.-yə bölünür (məs.: Rusiyada Ural, Şərqi Sibir, Orta Sibir, Baykal dağ ölkəsi, Altay-Sayan dağ ölkəsi və s.).

Coğrafiya terminləri lüğəti

fiziki-coğrafi proseslər

yun. physikos – təbiət + yun. geo – Yer + yun. grapho – yazıram + lat. processus – irəli getmək

Coğrafi qabıqda və landşaftda təbii hadisələrin ardıcıl dəyişməsi.

F.-C.P. maddələr, enerji və informasiya mübadiləsi ilə müşayiət olunur və çox vaxt landşaftın müəyyən xüsusiyyətlərinin dəyişməsi ilə nəticələnir. F.-C.P.-ə geomorfoloji, hidroloji, iqlim, bioloji və landşaft prosesləri aiddir.

Coğrafiya terminləri lüğəti

fiziki-coğrafi sektor

yun. physikos – təbiət + yun. geo – Yer + yun. grapho – yazıram + lat. sector < secare – ayırmaq, kəsmək

Rütubətdən, iqlimdən, okean axınlarıcərəyanlarının təsirindən asılı olaraq təbiət hadisələrinin özünəməxsus ritmikliyi ilə fərqlənən iri materik sahələri.

F.-C.S. – fiziki-coğrafi rayonlaşdırmanın ən böyük azonal ərazi vahididir və müxtəlif coğrafi zonaları özlərində birləşdirə bilər. Adətən, materiklər qərbi okeanətrafı, materikdaxili, şərqi okeanətrafı sektorlara, bəzən həmçinin onların arasında yerləşən keçid sektorlarına bölünür.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

flora

lat. Flora – Roma mifologiyasında çiçək və bahar ilahəsi

Müəyyən ərazi, ekosistem və ya biosenozun bitki növlərinin məcmusu.

Hər hansı keçmiş geoloji dövrdə yaşamış, süxurların və ya çöküntü qatlarının arasından qalıqları tapılmış bitki orqanizmləri kompleksi də öz dövrünün F.-sını təşkil edir. Fauna kimi F. da avtoxtonlardan (tarixən bir yerdə inkişaf etmiş bitkilərdən) və immiqrantlardan (gəlmə, gətirilmiş bitki növlərindən) ibarətdir. Ayrı-ayrı materiklərin, rayonların, ölkələrin, okeanların, dənizlərin, çayların öz spesifik F.-sı ola bilər. F. termini ayrı-ayrı bitki növlərinə də şamil edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

flora rayonlaşdırması

lat. Flora – Roma mifologiyasında çiçək və bahar ilahəsi + fr. rayon – şüa, radius

Yer səthinin, qurunun və Dünya okeanının xarakterik bitki aləminə, endemik cinslərin mövcudluğuna, onların inkişaf tarixinə, yayılma xüsusiyyətlərinə görə fərqləndirilən böyük ərazi vahidlərinə, akvatoriya sahələrinə bölünməsi.

F.R.-nda Yer səthi floristik region, vilayət, əyalət və bu kimi bir-biri ilə əlaqəli hissələrə ayrılır.

Coğrafiya terminləri lüğəti

flüger

holl. vleugel – qanad

Küləyin istiqamətini müəyyənləşdirmək üçün istifadə olunan meteoroloji cihaz.

F. şaquli ox üzərində yerləşdirilmiş və küləyin əsdiyi səmtə dönən metal lövhədən (bayraqdan) ibarətdir.

Coğrafiya terminləri lüğəti

fotobiosfer

yun. photos – işıq + yun. sphaira – kürə, təbəqə

Biosferin günəş şüaları ilə işıqlandırılan qatları.

F.-ə qurunun səthi və hidrosferin üst qatı daxildir.

Coğrafiya terminləri lüğəti

fotoplan

yun. photos – işıq + lat. planum – müstəvi

Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış dəqiq fotoqrafik planı.

F. xüsusi cihazlarda üfüqi vəziyyətə və eyni miqyasa salınmış fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə yerləşdirməklə hazırlanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti