Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

xəritənin riyazi əsasları

Xəritə hazırlanarkən əsas götürülən riyazi qaydalar və göstəricilər: miqyas, kartoqrafik proyeksiya (Yerin ellipsoidinin müstəvidə əks etdirilməsi üsulu), dərəcə toru, coğrafi koordinatlar və s.

Xəritədən istifadə edən şəxs bu qaydaları bilməli, məsələn, iki məntəqə arasındakı real məsafəni bilmək üçün miqyas əsasında riyazi hesablama aparmalıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

xəritəşünaslıq

Kartoqrafiyanın nəzəri əsaslarını, inkişaf tarixini, kartoqrafik mənbələrin təhlil metodlarını, bu mənbələrin elementlərini, xüsusiyyətlərini və s.-ni öyrənən elm sahəsi, kartoqrafiyanın bir bölməsi.

Bəzən xəritələrdən istifadə metodlarını da X.-a aid edirlər.

Coğrafiya terminləri lüğəti

xətti eroziya

lat. erosio – yuyulma

Yer səthinin daimi, yaxud müvəqqəti su axınları ilə yuyulması nəticəsində uzun və ensiz çökəkliklərin yaranması, su axınının öz yatağını genişləndirməsi.

X.E., adətən, yağış və qarın əriməsi vaxtı maili relyefdə yumşaq süxurların yuyulması və cığırların açılması ilə başlayır. Təkrar yağışlar bu cığırları genişləndirir və dərinləşdirir, nəticədə yarğanlar, dərələr əmələ gəlir. X.E. denudasiya və ümumi eroziya prosesinin ən güclü faktorlarından biridir.

Coğrafiya terminləri lüğəti

xidmət sahələri coğrafiyası

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

İqtisadi coğrafiya elminin əhaliyə müxtəlif növ xidmət göstərən sahələrin inkişafı, yerləşdirilməsi və perspektivlərini öyrənən bölməsi.

X.S.C.-nın predmetini, əsasən, qeyri-maddi (səhiyyə, təhsil, mədəni-maarif müəssisələrinin işi və s.), habelə bir sıra maddi fəaliyyət sahələri (pərakəndə ticarət, ictimai iaşə, sərnişin nəqliyyatı, mənzil-kommunal təsərrüfatı və s.) təşkil edir.

Coğrafiya terminləri lüğəti

xionosfer

yun. chion – qar + yun. sphaira – kürə

Əlverişli relyef formalarında buzlaqların və qar yığınlarının yaranmasının mümkün olduğu troposfer qatı.

X. Yer kürəsini 10 km-ə qədər qalınlığı olan örtüklə əhatə edir. Bu qatda istilik və rütubətin nisbəti il ərzində düşən yağıntıların miqdarının buxarlanmadan və süxurlara sızmadan üstün olmasını təmin edir. X.-in yuxarı sərhədi ən hündür dağ zirvələrindən də yüksəkdə yerləşir. Bu həddə atmosfer yağıntılarının balansı sıfıra bərabərdir. X.-in aşağı sərhədi (buna iqlim qar xətti deyilir) isə qar xətti ilə üst-üstə düşür və müxtəlif coğrafi enliklərdə fərqli olur. Çox vaxt buzlaqların dilləri X.-in aşağı sərhədindən kənara çıxır.

Coğrafiya terminləri lüğəti

xorologiya

yun. choros – ərazi, vilayət + yun. logos – elm, təlim

Orqanizmlərin yayılmasının coğrafi və topoqrafik qanunauyğunluqlarını öyrənən elm sahəsi, biocoğrafiya elminin bir hissəsi.

Fitoxorologiya bitki növlərinin, zooxorologiya isə heyvan növlərinin yayılması qanunauyğunluqlarını araşdırır.

Coğrafiya terminləri lüğəti