Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

amplituda

lat. amplitudo – kəmiyyət

1. Hər hansı dəyişən kəmiyyətin – təzyiqin, temperaturun, hündürlüyün və s. – müəyyən müddət ərzində maksimum və minimum göstəriciləri arasındakı fərq.

Məsələn, illik temperatur A.-sının ən böyük qiyməti Yakutiyada, ən kiçik qiyməti isə ekvatorial enlik üzərində müşahidə olunur. Sutkalıq temperatur A.-sının ən böyük qiyməti Böyük Səhrada, Ərəbistan yarımadası və Meksika yaylasında qeydə alınır və s.

2. Hər hansı tarazlıq vəziyyətdən, yaxud orta kəmiyyətdən yayınmanın maksimum həddi.

Məsələn, seysmik dalğanın təsiri altında mühitin hissəciklərinin tarazlıq vəziyyətindən kənara çıxdığı məsafə dalğanın A.-sı adlanır.

Coğrafiya terminləri lüğəti

andezit

And dağlarının adından

Tərkibinin üçdə ikiyə qədəri silisium-oksiddən ibarət vulkanik dağ süxuru.

A.-in rəngi boz və tünd-qara olur. Ondan tikinti işlərində, digər sənaye sahələrində geniş istifadə edilir. Əsas A. yataqları Kamçatka və Krım yarımadalarında, Kuril adalarında, Mərkəzi Asiya və Gürcüstanda yerləşir.

Coğrafiya terminləri lüğəti

anomaliya

yun. a – inkar şəkilçisi + yun. nomos – qanun

Proseslərin, hadisələrin müəyyən bir ərazi üçün xarakterik olmayan istiqamətə yönəlməsi, göstəricilərin normadan kənara çıxması.

Məntəqədə meteoroloji elementlərin (külək, təzyiq və s.) çoxillik normadan fərqli qiymət alması A. yaradır; məsələn, ərazinin orta aylıq temperaturunun səciyyəvi haldan (normadan) xeyli yüksək olması A. istilər adlanır.

Coğrafiya terminləri lüğəti

Antarktika

yun. anti – əks + yun. arktikos – şimal

Cənub qütbü sahəsində yerləşən, Antarktidanı, habelə Atlantik, Hind və Sakit okeanların (adaları ilə birlikdə) Antarktidaya yaxın hissələrini əhatə edən fiziki-coğrafi ərazi.

Bu ərazi 48-60° cənub enliklərindən cənuba doğru 52,5 mln. km2 sahə tutur. A.-nın hüquqi vəziyyəti 1959-cu ildə bağlanmış beynəlxalq müqavilə üzrə müəyyənləşdirilib: müqaviləyə əsasən, dünya dövlətləri A.-dan yalnız sülh məqsədləri ilə istifadə edə, burada sərbəst surətdə elmi tədqiqatlar apara bilərlər.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Antarktika antisiklonu

yun. anti – əks + yun. arktikos – şimal + anti + yun. kyklon – fırlanan

Antarktida üzərində qapalı yüksək təzyiq sahəsi.

Bu antisiklon atmosferin çoxillik təzyiq xəritələrində qabarıq nəzərə çarpır. A.A. Cənubi Amerika materikinin cənub rayonlarına və bəzi okean adalarına təsir göstərir və daxil olduğu ərazilərdə quraq, yağıntısız hava şəraiti yaradır: burada yay fəslində kəskin istilər, qış fəslində isə kəskin şaxtalar müşahidə olunur.

Coğrafiya terminləri lüğəti

Antarktika qurşağı

Yerin ən cənub coğrafi qurşağı.

A.Q. bütövlükdə Antarktidanı, ətraf adaları və ətraf su akvatoriyasını əhatə edir. Su akvatoriyasında A.Q.-nın sərhədi, adətən, yanvar ayının (ilin ən isti ayı) izotermi üzrə müəyyənləşdirilir. Bu qurşağın iqlimi olduqca sərt, radiasiya balansı və orta aylıq temperaturları mənfi işarəlidir. Materikin əksər hissəsi qalın buz qatı altındadır  A.Q.-nda Yer kürəsinin buzlaq sahəsinin 85%-dən çoxu cəmləşib. Sahilə yaxın yerlərdə süxurların üzə çıxdığı, bəzən bir neçə yüz km2-lik ərazilərə rast gəlinir. Dağlıq hissələrdə isə buzlaq örtüyü üzərində yüksələn qayalar – nunataklar görsənir. Bu iqlim qurşağında çay yoxdur, göllər, əsasən, materikin sahillərinə yaxın yerləşir, onların bir çoxunun yayda da donu açılmır. Antarktidanın buzsuz sahələrində və ətraf adalarda örtük əmələ gətirməyən şibyə, mamır və yosunlar bitir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti