Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tropiklər

1. Günəşin ildə bir dəfə zenitdə göründüyü coğrafi paralellər.

Yer kürəsində iki tropik var. Onlardan biri ekvatordan 23,5° (dəqiq – 23°26’21,4”) şimalda yerləşir, Şimal və ya Xərçəng tropiki adlanır. Bu tropik üzərində günəş zenitə iyunun 22-də – yay gündönümündə, Xərçəng bürcünə daxil olduqda qalxır. İkinci tropik isə ekvatordan 23,5° (dəqiq – 23°26’21,4”) cənubda yerləşir, Cənub və ya Oğlaq tropiki adlanır. Günəş Cənub tropiki üzərində zenitə dekabrın 22-də – qış gündönümündə, Oğlaq bürcünə daxil olduqda yüksəlir. T.-in coğrafi enlikləri Yerin fırlanma oxunun meyilliliyi ilə üst-üstə düşür və məhz onunla müəyyənləşdirilir: T. günəşin zenitdə göründüyü ən son paralellərdir. Bu paralellərdən şimala və cənuba günəş heç vaxt zenitə qalxmır, onların arasında qalan hər bir məntəqədə isə ildə iki dəfə zenitdə görsənir.

2. Tropik qurşaqların, bu qurşaqlarda yerləşən bütün coğrafi obyektlərin ümumiləşdirilmiş adı.

Coğrafiya terminləri lüğəti