əski türk. han; monq. kaan – ulu insan, öndər
Türk-monqol xalqlarında hökmdarın, monarxın titulu.
İlk dəfə X. sözünə III əsr Çin mənbələrində rast gəlinir. Bu termin Orxon-Yenisey abidələrində də öz əksini tapıb. İlk öncə tayfa başçıları, sonralar isə ali rəhbərlər, hökmdarlar X. adlanıb. Monqol imperiyasında ulusların rəhbərlərini dövlətin başçısından – xaqandan fərqləndirmək üçün onlara X. deyiblər. Monqol imperiyasının süqutundan sonrakı mərhələdə Azərbaycanda X. titulu “rəis”, “əmir” sözlərini əvəzləyib; məs.: Səfəvilər dönəmində ayrı-ayrı vilayət hakimləri (əmirlər) X. adlanıb. Osmanlı imperiyasının sultanları, Qacarların hakimiyyəti dövründə müxtəlif səviyyəli hərbi və mülki məmurlar da X. titulu daşıyıblar. Orta Asiyada, Azərbaycanda, Volqaboyunda və digər ərazilərdə bu termin həmçinin hökmdar anlamında işlədilib. Azərbaycanda XVIII əsrin ortalarında yaranmağa başlayan kiçik feodal dövlətlərinin – xanlıqların başçıları X.-lar olublar.
Tarix terminləri lüğəti