Reklam
Reklam

Tarix terminləri lüğəti

qazəsgər

türk. kazasker – ordu hakimi

XIV əsrin ortalarından Osmanlı ordusunda baş hakim, hərbi məhkəmənin rəhbəri, sultan divanının üzvü.

Q. divana daxil olan şikayətlərə, XVI əsrin ortalarına – şeyxülislam vəzifəsi təsis edilənədək isə həm də dini işlərə baxıb. Sultan II Mahmudun (1808–1839) hərbi islahatlarından sonra Q. əvvəlki geniş səlahiyyətlərini itirib, lakin 1922-ci ildə Türkiyədə sultanlıq ləğv edilənə qədər yüksək dini rütbə kimi qalıb.

Tarix terminləri lüğəti

qazı

ər. – icra edən

Müsəlman ölkələrində şəriət mühakiməsini həyata keçirən hakim.

Orta əsrlərdə Q. həmçinin mülki və cinayət işlərinə dair hökmlərin icrasına nəzarət, notarius funksiyalarını həyata keçirib, yetimlərə qəyyumluq edib. IX əsrdən Q.-nı xəlifə, sonrakı dövrlərdə isə dövlət başçısı təyin edib. XIX əsrin əvvəlində rus işğalından sonra Azərbaycanda Q.-nın funksiyası ailə, din və qismən vərəsəlik məsələləri ilə məhdudlaşdırılıb. Dünyəvi məhkəmə sisteminin inkişafı ilə əlaqədar analoji proses digər müsəlman ölkələrində də baş verib. XX əsrdə bir çox müsəlman ölkələrində (Misir, Tunis, Türkiyə və s.) şəriət məhkəməsinin ləğvi ilə Q. institutu da aradan qalxıb.

Tarix terminləri lüğəti

qazi

ər. – cihad edən, qalib, fateh

1. Orta əsrlərdə müsəlmanların kafirlərə qarşı apardıqları müqəddəs müharibələrin (qəzavatın) iştirakçıları.

Bəzi ölkələrdə sərhədləri qorumaq və xalq üsyanlarını yatırmaq üçün, əsasən, yoxsullardan və marginal qrupların nümayəndələrindən ibarət xüsusi Q. dəstələri təşkil edilib.

2. Bir sıra müsəlman ölkələrində xüsusilə fərqlənən hərbi sərkərdələrə verilən fəxri titul.

Misal: Sakarya döyüşündə (avqust-sentyabr 1921) qələbəyə görə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamal Atatürkə Q. titulu verib. 1934-cü ildə Türkiyədə bu titul ləğv edilib.

Tarix terminləri lüğəti

qəbilə

İbtidai icma quruluşu dövründə insanların ictimai birliyinin əsas forması.

Q.-nin Erkən Paleolitdən Son Paleolitə keçid dövründə formalaşdığı ehtimal edilir. Qan qohumluğuna əsaslanan və qohum ailələrin birliyindən yaranan Q.-nin əsas əlaməti ekzoqamiya olub. Bu səbəbdən biri digərindən təcrid olunmuş vəziyyətdə yaşaya bilməyən müxtəlif Q.-lər tədricən tayfalarda birləşiblər. Öncə tayfa bir-biri ilə nikah münasibətlərinə girmiş iki Q.-nin üzvlərindən ibarət olub. Sonradan böyümə və parçalanma nəticəsində tayfanı təşkil edən Q.-lərin sayı artıb. Alimlər Q.-nin yalnız son formalarını tədqiq edə bildikləri üçün onun inkişaf tarixi, başlıca funksiyaları barədə mübahisələr hələ də qalmaqdadır. Əksər tədqiqatçılar Q.-ni ümumi əmlaka malik qohumların istehsal kollektivi hesab edirlər, lakin bəzi alimlər onun, əsasən, nikah münasibətlərini tənzimləyən institut olduğunu bildirirlər. “Divanü lüğat-it-türk”də Q. “boy” adlandırılır. Bir sıra türk dillərində “boy” sözü Q. termininin sinonimi kimi işlənir.

See also:

Tarix terminləri lüğəti

qədim dünyanın yeddi möcüzəsi

Antik dövrdə insan zəkası və əməyi ilə yaradılmış ən möhtəşəm memarlıq abidələri.

Q.D.Y.M. haqqında məlumatlara ellinizm dövründən başlayaraq yunan müəlliflərinin əsərlərində rast gəlinir. Bu siyahıda adı olan abidələrin “seçim” prosesi tədricən baş verib və müntəzəm olaraq bir “möcüzə” digərini əvəzləyib. İlk belə siyahıya Herodotun “Tarix”ində rast gəlinir. Oraya Samos adasında yerləşən cəmi 3 abidə daxil edilib. Q.D.Y.M.-nin müasir dövrümüzdə məlum olan klassik siyahısında isə aşağıdakı abidələr yer alıb: Xeopsun ehramı (Misir, e.ə. 2584–2561-ci illərdə inşa edilib), Semiramidanın asma bağları (Babilistan, e.ə. 605-ci il), Olimpdə Zevsin heykəli (Yunanıstan, e.ə. 435-ci il), Efesdə Artemida məbədi (indiki Türkiyə, e.ə. 550-cı il), Rodoslu Koloss (Yunanıstan, e.ə. 292–280-ci illər), İsgəndəriyyə mayakı (Misir, e.ə. III əsr) və Halikarnas mavzoleyi (Türkiyənin cənub-qərbi, e.ə. 351-ci il).

Tarix terminləri lüğəti

qədir gecəsi

ər. leylət ül-qədr – tale gecəsi, qüdrət gecəsi

İslam inancına görə, Quranın Məhəmməd peyğəmbərə nazil olunduğu gecə.

Q.G. hicri təqvimlə ramazan ayının 27-nə düşür. Dini inanclara əsasən, Q.G. göylərdə insanların taleyi həll olunur. Buna görə həmin gecə dindarlar niyyət edir, arzu və diləklərinin yerinə yetirilməsi üçün bəzən bütün gecəni məsciddə dua və Quran oxumaqla keçirirlər.

Tarix terminləri lüğəti