Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

botanika

yun. “botane” – ot, bitki, göyərti

Bitkilər aləmini öyrənən biologiya sahəsi.

B. elminin banisi qədim yunan təbiətşünası və filosofu Teofrast (e.ə. 372-287) olmuşdur. B. müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. öyrənir, tədqiq edir. Botanika elmi öz inkişafına qədim dövrlərdən başlamışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. Təxminən bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarmışlar. Kənd təsərrüfatı ilə məşğul olmağa başlayan insanların bitkilər haqqında bilikləri daha da artmış və onlar elmin inkişafına təkan vermişlər. Bitki növlərinin sayı 500 mindən artıqdır. B. özü müxtəlif sahələrə bölünür: bitki morfologiya – bitkilərin xarici quruluşunu; bitki anatomiyası – bitkilərin daxili quruluşunu; bitki fiziologiyası – bitkilərdə gedən həyat proseslərini; bitki sistematikası – bitkilər arasında qohumluq münasibətləri nəzərə alınmaqla onların qruplaşmasını öyrənir. Hazırda məlum olan bitkilər əsasən 2 qrupa bölünür: ibtidai bitkilər (yosunlar) və ali bitkilər (mamırlar, qıjıkimilər, çılpaqtoxumlular və örtülütoxumlular). İbtidai bitkilərdə vegetativ və generativ orqanlar inkişaf etməmişdir. Xloroplastları olmur, xlorofil maddəsi xromatoforda yerləşir. Ali bitkilərdə isə vegetativ və generativ orqanlardan bir-neçəsi və ya hamısı inkişaf etmişdir.

Biologiya terminlərinin izahlı lüğəti