Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

relyef

lat. relevo – qaldırıram

Formasından, mənşəyindən və ölçüsündən asılı olmayaraq Yer səthində bütün nahamarlıqların məcmusu.

Formalarına görə R.-lər müsbət (təpə, dağ və s.) və mənfi (dərə, yarğan və s.), mənşəyinə görə təbii və antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) olur. R.-in yaranmasında insanın rolu getdikcə artır: məsələn, karxanaların yerində dərələr əmələ gəlir, dağ ətəklərində terraslar salınır. Ölçülərinə görə isə Yer qabığının R.-ini beş qrupa bölürlər: planetar, meqa, makro, mezo, mikro. Planetar R. forması materikokean çökəkliyidir. Meqarelyeflərə dağlıq ərazilər və böyük düzənliklər, makrorelyeflərə – dağ silsilələri, dağ vadiləri, böyük göllərin çökəklikləri, mezorelyeflərə – təpələr, dərələr, yarğanlar, mikrorelyeflərə daha kiçikölçülü formalar daxildir. R.-in əmələgəlmə səbəbləri bəllidir: bunlar Yer səthinə təsir göstərən daxili (məs.: tektonik) və xarici (məs.: günəş şüalarının enerjisi, yağışlar və s.) proseslərdir. Amma bəzi suallar elmdə hələ də mübahisə doğurur: niyə Yerin yarımkürələrindən biri, əsasən, okeanlardan (çökəkliklərdən), digəri qurudan (yüksəkliklərdən) ibarətdir? Niyə bəzi okeanın sahili dağ silsilələri, digərinin sahili düzənliklərdən ibarətdir və s. R.-lə bağlı məsələləri geomorfologiya elmi öyrənir.

See also:

Coğrafiya terminləri lüğəti

respublika tabeli şəhər

Əhalisinin sayına, sosial-iqtisadi potensialına, respublika əhəmiyyətli müəssisələrinin olduğuna görə bəzi şəhərlərə verilmiş xüsusi status.

R.T.Ş. hansı ərazi vahidində yerləşməsindən asılı olmayaraq özü müstəqil inzibati vahiddir və birbaşa mərkəzi hakimiyyət orqanlarına tabedir. 2015-ci ilə olan vəziyyətə görə, Azərbaycan Respublikası daxilində 11 (Bakı, Gəncə, Sumqayıt, Naftalan, Xankəndi, Şuşa, Yevlax, Mingəçevir, Şirvan, Şəki, Lənkəran), Naxçıvan ərazisində 3 (Naxçıvan, Ordubad və Culfa) şəhər belə statusa malikdir.

Coğrafiya terminləri lüğəti

rezervat

Qoruq və ya yasaqlıq rejiminə malik, xüsusi mühafizə edilən təbii ərazi.

R.-larda mühafizə obyekti bütövlükdə biosenoz və ya nəsli kəsilməkdə olan orqanizm (bitki və ya heyvan) növləri ola bilər. R.-ların bataqlıq, meşə, ovçuluq və s. növləri var. Ən iri R.-lar İndoneziya, Böyük Britaniya, Tanzaniya, Keniya və ABŞ-da yaradılıb.

Coğrafiya terminləri lüğəti

rias tipli sahil

isp. ria – çay mənsəbi

Dağlıq ölkədə və ya yüksək ərazidə dənizin çay dərələrinin mənsəb hissəsini basması nəticəsində əmələ gəlmiş döngəli, ensiz körfəzləri olan sahil tipi.

R.T.S. Pireney yarımadasının şimal-qərb, İrlandiyanın cənub-qərb sahilləri və s. üçün xarakterikdir.

Coğrafiya terminləri lüğəti

rift

ing. rift – çat, yarıq

Yer qabığında çatabənzər uzun (yüz və min km-lərlə) xətti çökəklik, tektonik struktur.

R. Yer qabığının üfüqi hərəkəti, yaxud dartılması nəticəsində əmələ gəlir, onların eni, adətən, 30-70 km, bəzən daha dar (məs.: Ölü dənizdə), bəzənsə daha geniş (məs.: Qırmızı dənizdə) olur. Qitədaxili, qitələrarası və okeandaxili R.-lər fərqləndirilir. Çox böyük R.-lər R. qurşaqları zonası və ya sistemi adlanır. R. qurşaqları zonası litosfer tavalarının sərhədini təşkil edir. Bu sərhəd tavaların bir-birindən əks istiqamətdə hərəkətin başlanğıcı hesab olunur.

Coğrafiya terminləri lüğəti

riyazi coğrafiya

ər. riyazi + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Yerşünaslıq elminin astronomiya, geodeziyafiziki coğrafiya ilə sıx əlaqəli sahəsi.

R.C.-nın vəzifələri: a) Yer kürəsinin ölçü və dəqiq formasını, b) onun konkret zamanda kosmik fəzada vəziyyətini, c) Yer kürəsində hər hansı məntəqənin onun həndəsi sahəsinə nisbətən tutduğu mövqeni müəyyənləşdirməkdir.

See also:

Coğrafiya terminləri lüğəti

rumb

yun. rhymbos – dairəvi hərəkət

1. Maqnit meridianı (kompasın əqrəbi) ilə seçilmiş istiqamət arasında qalan bucaq.

R.-ların hesabını maqnit meridianından başlayaraq sağa və sola doğru 0-dan 90°-dək kompas dairəsinin 1/4 hissələri üzrə aparırlar; məsələn, 150° azimut 60° cənub-şərqi R.-a uyğun gəlir. R.-lar heç vaxt 90°-dən artıq olmadığı üçün onlardan geodezi hesablamalarda istifadə etmək əlverişlidir.

2. Kompas dairəsində üfüqün 1/32 hissəsinə uyğun gələn bölgü sistemi.

Bu bölgüyə (rumblara) əsasən, coğrafi obyektin mövqeyini müəyyənləşdirmək olur.

Coğrafiya terminləri lüğəti