Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

effuziya

1. Vulkan lavasının yerin səthinə çıxaraq yayılması.

E.-nın 3 növü mövcuddur: lateral, subterminalterminal. Səthə yayılan lava effuziv süxurlar və örtük əmələ gətirir.

2. Qazların kiçik məsamələrdən və ensiz çatlardan sızması.

Coğrafiya terminləri lüğəti

Efiopiya zoocoğrafi vilayəti

yun. zoon – heyvan + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Afrikanın Böyük Səhradan cənubda olan hissəsini, Ərəbistan yarımadasının cənubunu, Madaqaskar, Sokotra adalarını və bəzi başqa əraziləri əhatə edən zoocoğrafi ərazi.

E.Z.V. çoxlu məməlilərin, o cümlədən endemik növlərin – babuinlərin, lemurların, zürafələrin, okapilərin, zebrlərin, hippopotamların və s.-nin burada cəmləşməsi ilə səciyyələnir. Bəzi insanabənzər meymunlar – qorilla və şimpanzelər ancaq E.Z.V. üçün xarakterikdir. Bu zoocoğrafi vilayətin savannalarında antilopların, quşların, yırtıcı heyvanların növ müxtəlifliyi olduqca genişdir.

Coğrafiya terminləri lüğəti

ekliptika

yun. ekleiptike – tutulma

Günəşin il ərzində gözlə görünən hərəkətinin göy qübbəsində cızdığı xəyali xətt, böyük dairə.

E. müstəvisinin göy ekvatorunun müstəvisinə nisbətən meyilliliyi 23,5° təşkil edir. Bu müstəvilər iki nöqtədə kəsişir və həmin vaxtlarda Yerdə gündönümü hadisəsi baş verir. Başqa sözlə, E. müstəvisi – Yerin Günəş ətrafında fırlandığı müstəvidir.

Coğrafiya terminləri lüğəti

ekofil norma

yun. oikos – məkan, ev + yun. philos – dost + lat. norma – qayda

Təbiətin mühafizəsinə, təbii mühitin qorunub saxlanmasına xidmət edən qaydaların toplusu.

Mahiyyət etibarilə E.N.-lar insanların təbiətdən səmərəli istifadə qaydalarıdır.

Coğrafiya terminləri lüğəti

ekologiya

yun. oikos – məkan, ev + yun. logos – söz, elm, təlim

Orqanizmlərin bir-biri ilə və onları əhatə edən ətraf mühitlə qarşılıqlı əlaqələrini öyrənən elm.

E. təbiət elmlərinin xüsusi əhəmiyyətə malik sahəsidir və orqanizmlərin həyat tərzinə, inkişafına, çoxalmasına xarici mühit amillərinin təsirini, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi və s.) mühafizəsi üsullarını, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını araşdırır. E. terminini ilk dəfə amerikalı təbiətşünas Henri Devid Toro (1858) işlədib, lakin bu terminin tərifini 1866-cı ildə alman bioloqu Ernest Hekkel verib.

Coğrafiya terminləri lüğəti

ekoloji amillər

Ətraf mühitin orqanizmə təsir qüvvəsinə malik istənilən xüsusiyyəti, komponenti.

E.A.-in müəyyən qismi dəyişkən (temperatur, rütubət, külək və s.), müəyyən qismi daimi olur, onlar ayrı-ayrı orqanizm növlərinə müxtəlif cür təsir göstərir. Biotik, antropogen, abiotik E.A. fərqləndirilir. Biotik amillər canlı orqanizmlərin (bitkilər, heyvanlar, mikroorqanizmlər), antropogen amillər insanların fəaliyyəti ilə, abiotik amillər cansız təbiətdə gedən proseslərlə (təzyiq, maqnit sahəsi, relyef dəyişkənliyi) əlaqədardır.

Coğrafiya terminləri lüğəti

ekoloji böhran

Təbii fəlakətlərin (daşqın, quraqlıq, tufan və s.), yaxud antropogen faktorların təsiri (insanların atmosferi, hidrosferi çirkləndirməsi, meşəni qırması və s.) altında ekoloji sistemlərdə (biogeosenozlarda) tarazlığın pozulması nəticəsində yaranan vəziyyət.

Vaxtında tədbir görülmədikdə E.B. ekoloji fəlakətə çevrilə bilər.

See also:

Coğrafiya terminləri lüğəti

ekoloji fəlakət

Ətraf mühitdə, təbii şəraitdə dönməz dəyişikliklərlə və bu dəyişikliklərin canlı aləmə qarşısıalınmaz mənfi təsiri ilə səciyyələnən fövqəladə hadisə.

See also:

Coğrafiya terminləri lüğəti

ekoloji xəritə

Yer səthində, onun hər hansı hissəsində torpaq və bitki örtüyünün vəziyyətinin, mövcud ekoloji şəraitin şərti işarələrlə müstəvi üzərində təsviri.

Adətən, belə xəritələrə geniş izahedici mətnlər əlavə olunur.

Coğrafiya terminləri lüğəti

ekoloji tarazlıq

1. Ətraf mühitin öz təbii keyfiyyətlərini qorumaq və komponentlərini bərpa etmək bacarıqları nəticəsində biosferin uzunmüddətli dayanıqlığı, nisbi sabitliyi.

2. Təbii ekoloji komponentlərlə antropogen təsir nəticəsində dəyişmiş ekoloji komponentlər arasında ekosistemin davamlı inkişafını təmin edən kəmiyyət və keyfiyyət müvazinəti.

E.T.-ın pozulması dedikdə çox zaman atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi, təbii landşaftın dağıdılması başa düşülür.

Coğrafiya terminləri lüğəti

ekoloji təcavüzkarlıq

Bir ölkənin özünün ekoloji cəhətdən çirkli istehsal sahələrini və təhlükəli tullantılarını başqa ölkələrin ərazisində yerləşdirməsi.

XX əsrdə İEÖ-lərin ekoloji çirkli istehsal sahələrini, əsasən, Afrika və Asiyada İEOÖ-lərin ərazisinə köçürməsi halları geniş yayılmışdı və bu, yerli ictimaiyyətin, təbiəti mühafizə təşkilatlarının ciddi etirazlarına səbəb olurdu. E.T.-ın yaratdığı aqressiv faktorlar canlı aləmin genetik aparatına, reproduktiv funksiyasına və immun sisteminə təhlükə yaradır.

Coğrafiya terminləri lüğəti

ekosfer

yun. oikos – məskən, ev + yun. sphaira – kürə, təbəqə

Canlı aləmin və orqanizmlərin həyatına təsir göstərən bütün ekoloji faktorların vəhdətindən ibarət sistem.

E.-ə atmosferin, litosferin və hidrosferin canlı aləmlə əlaqədar olan hissələri aiddir. Lakin E. termini “biosfer”dən geniş anlayışdır: buraya yalnız canlıların yaşadıqları mühitin deyil, həm də onların həyatına təsir edən, yaxud edə biləcək kənar mühitin xarakteristikası daxildir. Termin və onun izahı elmə 1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində amerikalı alimlər tərəfindən daxil edilib.

See also:

Coğrafiya terminləri lüğəti