Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

alidada

ər. – xətkeş, tərəf

Astronomiyageodeziyada bucaqları ölçmək üçün istifadə edilən alət.

Sadə variantda A. mərkəzdən keçən ox ətrafında dönən, uclarına optik qurğu bərkidilmiş xətkeşdən ibarətdir.

Coğrafiya terminləri lüğəti

allotrof göl

yun. allos – başqa + yun. trophe – qidalanma

Biogen, mineral və üzvi maddələri, əsasən, sutoplayıcı sahədən qəbul edən göl.

Coğrafiya terminləri lüğəti

allüvi

lat. alluvio – yığın, çöküntü

Daimi və müvəqqəti çay axınlarının gətirilib çay dərələrində, Yer səthinin çökək sahələrində yığdığı qırıntılar, aşınma materialları.

A. çöküntüləri çınqıl, daş, gil, qum, lil və s. materiallardan ibarətdir. Onlar axmazlarda, çay yatağında toplanır, çaylaqlar, deltalar, düzənliklər, terraslar əmələ gətirir. Bu termini elmə 1823-cü ildə ingilis alimi Uilyam Baklend daxil edib.

Coğrafiya terminləri lüğəti

allüvial düzənliklər

Çay dərəsində, çayların mənsəbində, yaxud sahillərinin alçaq hissələrində çöküntülərin toplanması nəticəsində əmələ gəlmiş düzənlik.

A.D.-lər, əsasən, akkumulyasiya prosesində yarandıqları üçün çökmə mənşəli faydalı qazıntılarla zəngin olur. Qərbi Sibir, Mesopotamiya və Kür-Araz ovalıqlarında aşkar edilmiş neft-qaz yataqları A.D.-də yerləşir. Bu ovalıqlarla yanaşı, Volqa və Dnepr çaylarının çox geniş allüvial terrasları, Xuanxe, Nil və Hind çaylarının mənsəb hissələrindəki delta düzənlikləri də A.D.-ə misal ola bilər.

See also:

Coğrafiya terminləri lüğəti

alp çəmənliyi

Yüksək dağlıq qurşaqda alçaqboylu ot bitkilərindən ibarət çəmənlik.

A.Ç.-nin hündürlüyü dağın yerləşdiyi coğrafi enlikdən, onun iqlimindən və yamaclarının meyilliyindən asılıdır. Alp dağlarında və Qafqaz dağlarının qərbində A.Ç. 2200 m-dən 3000 m-ə qədər hündürlükdə yerləşir. A.Ç.-nin bitki örtüyünü, əsasən, qısagövdəli çoxillik ot bitkiləri təşkil edir. Burada gülçiçəklilər, zəngçiçəklilər, paxlalılar və s. bitki qrupları yayılıb. A.Ç.-indən yay otlaqları kimi istifadə olunur.

See also:

Coğrafiya terminləri lüğəti

Alp qırışıqlığı

Avropada Alp dağlarının adından

Yer qabığında qismən Mezozoy Kaynozoy eralarında baş vermiş dağəmələgəlmə mərhələsi.

Bu mərhələ ilk dəfə Alp dağlarında tədqiq edildiyindən A.Q. adlandırılıb (alp – kelt dilində “hündür dağ” deməkdir). A.Q. Mezozoyun əvvəlindən başlanıb, Kaynozoyun Neogen dövründə şiddətlənib və sonunda zəifləyib. A.Q. hələ də davam edir. O, iki zolaqdan ibarətdir. Birinci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlis, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Myanmanın dağ silsilələrini əhatə edir. İkinci zolağa isə Uzaq Şərqdə meridian istiqamətində uzanan Sakit okean ətrafı dağ silsilələri Koryak silsiləsi, Kamçatka yarımadası, Saxalin, Yapon adaları, Malay arxipelaqı, o cümlədən And dağları, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakı dağ silsilələri daxildir.

See also:

Coğrafiya terminləri lüğəti

alp qurşağı

Dağlıq ərazilərdə meşə və subalp qurşaqlarından yuxarıda, nival qurşaqdan aşağıda yerləşən təbii hündürlük qurşağı.

A.Q.-nın bitkiləri alçaq temperatur, qısa vegetasiya dövrü şəraitinə uyğunlaşdıqları üçün onların gövdəsi qısa, yarpaqları xırda olur. A.Q. Alp, Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında təxminən 2200-2600 metrdən 3000-dək, Himalay dağlarında 3600-4000 metrdən 5000-dək hündürlükdə zolaq yaradır.

See also:

Coğrafiya terminləri lüğəti

alternativ energetika

1. Bərpa edilən qeyri-ənənəvi enerji mənbələrindən enerji hasilatı, onun toplanması və paylanması ilə məşğul olan iqtisadiyyat sahələrinin məcmusu.

A.E. tükənməz təbii resurslardan və təbiət hadisələrindən (günəş şüaları, külək, su axını, qabarma və çəkilmə, bioloji tullantılar və s.) istifadə edir, beləliklə, tükənən resursların, ətraf mühitin, insan sağlamlığının qorunmasına, enerji istehsalının artırılması və ucuzlaşdırılmasına şərait yaradır. A.E. iqtisadiyyatın ən müasir texnologiyalara əsaslanmış və sürətlə inkişaf edən sahələrindəndir. Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, 2014-cü ildə bu sahənin inkişafına 270 mlrd. dollardan çox investisiya qoyulub. 2030-cu ilədək investisiya qoyuluşunun həcmini 400 mlrd. dollara, dünya energetikasında A.E.-nın payını isə 32%-ə çatdırmaq planlaşdırılır. Bunun nəticəsində atmosferdə zərərli tullantıların həcmini 1,1 mlrd. ton azaltmaq mümkün olacaq. Azərbaycanda da A.E.-nın inkişafına dair dövlət proqramı qəbul edilib və bu proqramın həyata keçirilməsi üçün müvafiq strukturlar, müəssisələr yaradılıb.

2. Ənənəvi olmayan enerji mənbələrindən enerji istehsalı və ondan istifadə üsullarını öyrənən elm sahəsi.

See also:

Coğrafiya terminləri lüğəti