Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqtisadiyyat

ərəbcə

1. Cəmiyyətin mallara və xidmətlərə tələbatının məhdud vəsaitlərlə maksimal dərəcədə ödənilməsi üsullarını, bu mal və xidmətlərin istehsalı, bölgüsü, satışı prosesində insanlar arasında yaranan münasibətləri öyrənən elm.

Makroiqtisadiyyat istehsal və bölgü sisteminin qanunauyğunluqlarını, habelə ictimai məhsulun, milli gəlirin həcmi, strukturu, keyfiyyəti, artımı, sosial tələbatın təminolunma səviyyəsi, məşğulluq və bu kimi problemləri araşdırır, onların həlli yollarını axtarır. Pozitiv iqtisadi nəzəriyyə mövcud vəziyyəti və perspektivləri təhlil edərək iqtisadi siyasətin hədəflərini – məqsədləri müəyyənləşdirir. Normativ iqtisadi nəzəriyyə İ.-ın təşkilinin sosial ədalət və səmərəlilik baxımından ən yaxşı üsullarını axtarır və faktik olaraq iqtisadi məqsədlərin reallığını yoxlayır, hədəfləri korrektə edir. Mikroiqtisadiyyat isə istehsal və istehlakın bilavasitə təşkili və idarəçiliyi ilə məşğul olur, İ.-ın özəyini təşkil edən müəssisələrdə tətbiq etmək üçün ən çevik, əlverişli modelləri seçir, az xərclə daha çox və keyfiyyətli məhsul buraxılmasına çalışılır.

2. İnsanların mallara və xidmətlərə olan tələbatı ödəmək üçün istifadə etdikləri üsulların, obyektlərin məcmusu, ümumi təsərrüfat.

İ. “ekonomika” termininin sinonimidir. Bu termin ilk dəfə e.ə. IV əsrdə  qədim yunan alimi Ksenofontun əsərinin adında işlədilib (oikonomike), hərfi mənada “ev təsərrüfatının idarə olunması bacarığı” anlamı verir.

Coğrafiya terminləri lüğəti

il

Yerin Günəş ətrafında öz orbiti üzrə tam dövretmə müddəti.

Bu müddət ərzində Yer planeti orbit üzrə 940 mln. km məsafəni saniyədə 29,8 km sürətlə 365 sutka 6 saat 48 dəqiqə 46 saniyəyə qət edir ki, buna da ulduz İ.-i (və ya siderik İ.) deyilir.

Coğrafiya terminləri lüğəti

ildırım

Atmosferdə əks yüklənmiş buludlar, yaxud Yerlə bulud arasında cəmlənmiş elektrikin ani olaraq boşalması hadisəsi.

Adətən, parlaq işıq və göy gurultusu ilə müşayiət olunur. İ.-ın yaratdığı cərəyanın şiddəti on, yüz minlərlə amperə, gərginliyi isə milyonlarla volta bərabər olur. İ. yerüstü (Yerə düşən) və buludlararası olmaqla iki böyük qrupa bölünür, lakin bəzən atmosferin çox yüksək qatlarında da İ. çaxması hadisələri qeydə alınır.

Coğrafiya terminləri lüğəti

ilin fəsilləri

İlin şərti olaraq bölündüyü, əsasən, orta temperatur və rütubətlilik dərəcəsi fərqi ilə səciyyələnən dörd dövr.

Fəsillərin (mövsümlər) bölgüsü müxtəlif cür aparılır. Təqvim üzrə fəsillər dünyanın əksər ölkəsində ilin 12 təqvim aylarını hər biri 3 aya bərabər olan 4 mövsümə bölməklə müəyyənləşdirilir. Astronomik mövsümlər – gündönümü (yay və qış) və gecə-gündüz bərabərləşməsi (yaz və payız) hadisələrindən asılı olaraq dəyişir. Ekliptika (Günəşin göy qübbəsində gözlə görünən hərəkət dairəsi) 90°-lik dörd sektora bölünür. Hər sektor – bir fəsildir. Günəş bu yolun başlanğıcında olanda (0°), martın 21-də yaz gecə-gündüz bərabərliyi hadisəsi baş verir və Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız girir. İyunun 22-də Günəş ikinci sektora çatır (90°), yay gündönümü olur və yay fəsli (Cənub yarımkürəsində qış fəsli) başlayır. Sentyabr ayının 23-də Günəş üçüncü sektorun sərhədinə yetir (180°), payız gecə-gündüz bərabərliyi baş verir və fəsil yenidən dəyişir (Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz). Nəhayət, 22 dekabrda Günəş hərəkət trayektoriyasının son mərhələsinə girir (270°), qış gündönümü olur və qış (Cənub yarımkürəsində yay) başlayır.

Coğrafiya terminləri lüğəti

immiqrasiya

lat. immigraro – köçüb gəlmək

Bir ölkənin vətəndaşlarının daimi, yaxud uzunmüddətli yaşayış üçün başqa ölkəyə köçüb gəlməsi.

Qısamüddətli yaşayış üçün səfər və turist səfərləri İ. hesab olunmur. İ.-nın iki başlıca səbəbi olur: başqa ölkədə həyatın cəlbediciliyi, yaxud şəxsin öz ölkəsində üzləşdiyi iqtisadi çətinliklər, siyasi təzyiqlər. Fövqəladə hallar, müharibələr zamanı kütləvi İ. halları da baş verə bilər. Demoqrafik böhran keçirən bəzi ölkələr İ. üçün əlverişli rejim yaratmaq, digərləri onu məhdudlaşdırmaq üçün tədbirlər görür. İstənilən halda bütün ölkələr İ. prosesini tənzimləməyə, qeyri-leqal İ.-nın qarşısını almağa çalışır, bu sahədə müvafiq qanunlar qəbul edir. Qeyri-leqal İ. başqa ölkə vətəndaşlarının ölkəyə qanunazidd yollarla daxil olması və yerləşməsi deməkdir.

See also:

Coğrafiya terminləri lüğəti

impulverizasiya

lat. im – içərisinə + lat. pulvis – toz

Şoran sahələrdən və dəniz sahilindən mineral maddələrin külək vasitəsilə toz (qum) halında sovrularaq başqa sahələrdə toplanması.

Coğrafiya terminləri lüğəti

infiltrasiya nəzəriyyəsi

Yeraltı suların mənşəyi haqqında nəzəriyyə.

İ.N.-nə əsasən, yeraltı sular – səth sularının torpaq-qrunta, süxurlara hopması və dərin qatlara süzülməsi nəticəsində əmələ gəlib və infiltrasiya prosesinin məhsuludur.

Coğrafiya terminləri lüğəti

infrastruktur

lat. infra – aşağı, altında + lat. struktura – quruluş, vəziyyət

Maddi istehsal prosesini və cəmiyyətin normal həyat fəaliyyətini təmin etmək məqsədilə yaradılmış kompleks təsərrüfat sahələri, xidmətlər şəbəkəsi, kommunikasiya sistemləri.

İstehsal istiqamətli İ.-a ticarət, kommunal-təsərrüfat, ictimai iaşə müəssisələri və s., qeyri-istehsal istiqamətli İ.-a təhsil, elm, mədəniyyət, səhiyyə, idman müəssisələri, müdafiə, hüquq-mühafizə, idarəçilik sistemləri və s., kommunikasiya istiqamətli İ.-a nəqliyyat, poçt, rabitə xidmətləri və qurğuları daxildir.

Coğrafiya terminləri lüğəti