Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

izoterm

yun. isos – bərabər + yun. termos – temperatur

Müəyyən vaxt ərzində orta temperatur göstəricisi eyni olan sahələri iqlim xəritəsində birləşdirən izoxət.

İ. xəritələri əksər hallarda havanın çoxillik orta aylıq temperatur göstəriciləri, habelə fəsillərin və ya onların müəyyən dövrünün orta temperatur göstəriciləri əsasında tərtib edilir. İlk İ. xəritəsini 1817-ci ildə alman alimi Aleksandr Humboldt tərtib edib.

Coğrafiya terminləri lüğəti

jandarm

fr. gensdarme < fr. gens – adamlar + fr. armes – silah

İtibucaqlı qaya çıxıntıları.

J. dağ yamaclarında aşınma nəticəsində üzdə qalmış itiuclu qaya parçası, dağlarda qar xəttindən yuxarıda firnlər arasından çıxan, yaxud zirvələrdə karların arasını kəsən qaya qabırğası formasında ola bilər.

Coğrafiya terminləri lüğəti

jeoda

yun. geodes – torpaqdan olan

Dağ süxurlarının içərisində qapalı boşluq.

J. izometrik, yaxud dairəvi formada olur, onun daxilində müəyyən miqdarda minerallar toplaşır. J.-ların torpağın altında ölən, yaxud çöküntülərin altında qalan iynədərili heyvanların daşlaşmış qalıqlarından ibarət olduğu güman edilir.

Coğrafiya terminləri lüğəti

kaatinqa

port. kaatinqa – ağ meşə

Braziliya yaylasının şimal-şərqində alçaqboylu kserofit ağaclardan və kolluqlardan ibarət tropik ekoloji region.

Sahəsi 750.000 km2-dir, Braziliya ərazisinin 11%-ni təşkil edir. K. ölkənin iqtisadi baxımdan nisbətən geri qalmış hissəsidir. K.-da yay fəsli yağıntılı, qış fəsli quraq keçir, bitkilər aləmi, əsasən, sukkulentlər (yarpaqlarında və gövdələrində su ehtiyatı toplayan bitkilər, xüsusən kaktuslar), habelə tikanlı bitkilərlə zəngindir.

Coğrafiya terminləri lüğəti

kadastr

fr. cadastral < yun. katastikhos – qeydiyyat

Müəyyən ərazi daxilində hər hansı coğrafi obyektin, resursların təbii, hüquqi vəziyyəti və digər xüsusiyyətləri haqqında sistemləşdirilmiş məlumatlar toplusu.

K.-lar yalnız elmi əhəmiyyət kəsb etmir, həm də dövlət orqanlarının öz idarəçilik funksiyalarını yerinə yetirməsi üçün də zəruridir.

See also:

Coğrafiya terminləri lüğəti

kaldera

isp. caldera – böyük qazan

Vulkanın zirvəsində dairə formasında çökəklik.

K. kraterdən formalaşma xüsusiyyətlərinə və böyük ölçülərinə görə fərqlənir. K.-lar vulkan boğazında güclü qaz partlayışı (partlayış K.-sı), yaxud vulkan püskürməsi zəiflədikdən sonra kraterin kənarlarının uçması (uçmuş K.) nəticəsində yaranır. Onların diametri 10-20 km-ə, dərinliyi bir neçə yüz metrə çatır. Yer planetində ən böyük K. Yaponiyada Azo vulkanının zirvəsindədir (24 km x 18 km). Lakin bəzi K.-lar bilavasitə vulkanik mənşəyə malik deyil. Onlar maqmanın Yerin altında hərəkəti, yaxud vulkan söndükdən sonra eroziya proseslərinin krateri genişləndirməsi nəticəsində meydana gəlir.

See also:

Coğrafiya terminləri lüğəti

Kaledon qırışıqlığı

Şotlandiyadakı Kaledon dağlarının adından

Paleozoy erasında, başlıca olaraq Silur dövrünün sonunda və Devonun əvvəlində dağəmələgəlmə mərhələsi.

K.Q.-nın qalıqlarına – kaledonidlər deyilir. Bu termini elmə 1887-ci ildə fransız geoloqu Marselin Bertran daxil edib. K.Q. zamanı formalaşmış ərazilərə Britaniyada, Qrenlandiyada, Skandinaviyada, Qazaxıstanın mərkəz hissəsində, Şərqi Avstraliya və s. yerlərdə rast gəlmək mümkündür.

See also:

Coğrafiya terminləri lüğəti

kampos

port. kompo – çöl, açıq sahə

Cənub yarımkürəsində subekvatorial iqlim qurşağında savanna tipli təbii zona, çöllük ərazi.

K.-un faunası seyrək, alçaqboylu ağaclardan, dərinköklü kolluqlardan və sərtyarpaqlı ot bitkilərindən ibarətdir. K.-lar Cənubi Amerikada (əsasən, Braziliyanın Matu-Qrosu yaylasında) 1,5 mln. km2-lik geniş ərazini tutur.

Coğrafiya terminləri lüğəti

kanyon

isp. canon – boru

Dərin və dik yamaclı çay dərəsi.

Belə relyef forması dərənin dibi ilə axan çayın yatağını dərinləşdirməsi, yəni su eroziyası nəticəsində əmələ gəlir. Yer kürəsində ən dərin K. ABŞ-da Kordilyer dağlarından axan Kolorado çayının yaratdığı Böyük Kanyondur. Onun uzunluğu 446 km, dərinliyi isə 1600 metrə qədərdir. Bəzən sualtı K.-lara da rast gəlinir. Onlar dənizin, yaxud okeanın çay mənsəbini basdığı sahələrdə, həmçinin dərin su axınlarının turbulent təsiri altında süxurların yuyulması nəticəsində yaranır.

Coğrafiya terminləri lüğəti

kar gölləri

Karların su ilə dolması nəticəsində yaranmış yüksək dağ gölləri.

Coğrafiya terminləri lüğəti