Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Tire (–)

 

Tire işarəsi bir çox hallarda bərabərlik, eynilik, aidlik bildirir. Məsələn, cümlə üzvü və onun əlavəsi, eləcə də həmcins cümlə üzvləri və ümumiləşdirici söz semantik baxımdan bərabərhüquqlu olduqda onlar arasında tire işarəsi qoyulur.

 

Cümlə üzvü ilə onun əlavəsi arasında:

  • Bakı – Azərbaycanın paytaxtı Abşeron yarımadasında yerləşir. 
  • Yeni gələn uşaqlardan biri – doqquz yaşlı bir qız həyəcan içində əməliyyat otağının qarşısında vurnuxurdu.
  • Günəşin ətrafında fırlanan planetlərin ikisindən – Merkuri və Veneradan savayı bütün planetlərin ətrafında peyklər dövr edir.
  • Hər kadr təkrar‐təkrar – rejissor səhnənin mükəmməlliyinə əmin olana qə­dər çəkilirdi.

Bax: Cümlə üzvü ilə onun əlavəsi arasında durğu işarələri: vergül, tire

 

Həmcins üzvlərlə onları ümumiləşdirən söz arasında:

  • Yaz, yay, payız, qış – ilin fəsilləri bir-birini əvəzləyirdi.
  • Hər yerdə – sinif otaqlarında, dəhliz­lərdə Atatürkün portretləri asılmış­dı. 

Bax: Ümumiləşdirici sözlə həmcins üzvlər arasında durğu işarələri: qoşa nöqtə, tire

 

Tire işarəsindən vasitəsiz nitqdə geniş istifadə olunur.

Dialoqlarda hər şəxsin replikasından əvvəl:

  • – Quzum, yavrum! İsmin nədir?

          – Gülbahar.

          – Pəki, sənin anan, baban varmı?

          – Var. (H.Cavid)

 

Vasitəsiz nitqlə müəllif nitqi arasında:

  • “Azərbaycan ərazi bütövlüyünü mütləq bərpa edəcək!” – deyə dövlət başçısı qətiyyətlə bildirdi.
  •  – Gəl məsələni bu gün həll edək, – dedi, – ləngitməyin mənası yoxdur.

Bax: Vasitəsiz nitqdə və dialoqlarda durğu işarələri: qoşa nöqtə, tire, dırnaq, nöqtə, vergül

 

Cümlə daxilində işlənən əlavə cümlələrdə:

  • Səlim əslən bu kənddən olmasa da – buraya hələ uşaq ikən ailəsi ilə birgə köçmüşdü – yerli camaatla qaynayıb-qarışmışdı. 
  • Bir dəfə – onda hələ Samanilər süquta uğramamışdı – Əmir Rza Nuh ağır xəstəliyə düçar olmuşdu. 

Bax: Əlavə cümlələrdə durğu işarələri: mötərizə, tire, vergül, nöqtə

 

Mötərizə daxilində verilən şərhlə həmin şərhin müəllifini bildirən söz (inisial, tərc., red. və s.) arasında:

  • ...Bakıda qarışıqlıq olan illərdə (1905-1906-cı illər nəzərdə tutulur – M.H.) bir neçə dəfə hədə-qorxu məktubları almışdım.

Tire işarəsi bəzən cümlələrdə buraxılan, lakin asanlıqla anlaşıla bilən sözü əvəz edir. Buna ellipsis də deyilir.

 

Cümlədə buraxılmış xəbərin yerində:

  • Dil var, bal gətirər, dil var – bəla (gətirər). (Atalar sözü)
  • Həyatı iri planda görəndə o, faciəyə çevrilir, uzaq planda görəndə – komediyaya (çevrilir). (Çarli Çaplin)

 

Bir sıra bağlayıcıların yerində:

Amma bağlayıcısının yerində:

  • Kar eşitməz – yaraşdırar, kor görməz – quraşdırar. (Atalar sözü)
  • Yüz yaşa – düz yaşa. (Atalar sözü)

Ki bağlayıcısının yerində:

  • Söz var – gələr keçər, söz var – dələr keçər. (Atalar sözü)

Çünki bağlayıcısının yerində:

  • Qorx payızdan – qabağınca qış gəlir, qorxma qışdan – qabağınca yaz gəlir. (Atalar sözü)

 

İsmi xəbəri xəbərlik şəkilçisi olmadan formalaşan cümlələrdə:

  • Azərbaycan – qayalarda bitən bir çiçək,
  • Azərbaycan – çiçəklərin içində qaya. (M.Araz)

 

Bir sıra hallarda mübtəda ilə ismi xəbər arasında tire qoyulur:

Mübtəda ilə ismi xəbərin arasında uzun feili tərkib olanda tire işarəsi informasiyanın rahat qavranılmasına kömək edir. Müqayisə et:

  • Budur, artıq qəhrəmanımız – cibində qara qəpiyi belə olmayan işsizdir.
  • Budur, artıq qəhrəmanımız işsizdir. 

 

Bəzən feili sifətlə ifadə olunan mübtəda təyinlə səhv salına bilər. Belə olduqda da onların arasında tire işarəsi qoyula bilər:

  • Evə yaxınlaşanda ilk gördüyüm – yol kənarındakı fayton izi oldu.
  • Mübahisəni yaradan – müəlliflərin eyni mənbəyə müraciət etməsi, lakin problemə müxtəlif rakurslardan baxmasıdır.

 

Yanaşı gələn mübtəda və xəbər birlikdə feili birləşmə ilə ifadə olunan xəbərlə səhv salına bilir. Bu halda da onların arasında tire qoyulur:

  • Kitab – oxuyanındır.
  • Xörək – yeyənindir.

 

Cümləyə əlavə edilən, semantik baxımdan onu tamamlayan, zənginləşdirən söz və ya söz birləşmələrindən (parselyasiya) əvvəl tire qoyulur:

  • Sənə bir qız seçmişəm – dünya gözəli!
  • Bizim yaşadığımız Yer planetinin isə yalnız bir peyki var – Ay.
  • Özümlə bağlı hər şeyi danışa bilərəm, ancaq başqası ilə bağlı – əsla!

Bax: Qoşulma konstruksiyalar: tire, nöqtə, nöqtəli vergül, üç nöqtə

 

Bəzi hallarda sual cümləsi ilə onun cavabı arasında (əgər cavab sualın müəllifinə aiddirsə) tire qoyulur:

  • Həmin söz dilə daxil olacaq, ya yox – bunu zaman göstərər.

 

Tire (–), yoxsa defis (-)?

 

Tiredən fərqli olaraq, defis durğu işarəsi deyil, orfoqrafik işarə sayılır. Bu işarə cümlənin sintaktik quruluşunu və intonasiya xüsusiyyətlərini əyaniləşdirməyə xidmət etmir. Defis sözün hissələri – morfemlər, hecalar arasında işlənir:

mürəkkəb sözün komponentləri arasında: deyib-gülmək, beş-altı və s.;

rəqəmlə ifadə olunan sayla şəkilçi arasında: 3-cü gün, ayın 20-də;

ixtisarla şəkilçi arasında: BMT-nin, AMEA-da;

sözü hecalara bölərkən və sətirdən sətrə keçirərkən: da-i-rə, mü-rək-kəb.

 

Bəzi məqamlarda sözlər arasında defis, yoxsa tire işarəsinin qoyulması mübahisə doğurur.

 

Məkan və zaman aralığı bildirən sözlər arasında:

  • Bakı – Ceyhan neft kəməri
  • Bakı – İstanbul reysi
  • Bakı – Moskva qatarı 
  • XIX əsrin sonu – XX əsrin əvvəllərində
  • XV – XVI əsrlər
  • 2010 – 2012-ci illər

 

Ortaqlıq və ya qarşılıq bildirən sözlər arasında:

  • Boyl – Mariott qanunu
  • Fransa – Prussiya müharibəsi
  • Rusiya – Türkiyə münasibətləri
  • Ukrayna – Rusiya qarşıdurması

 

Məntiqə görə bu nümunələrdə tire işarəsindən istifadə olunmalıdır, çünki, yuxarıda qeyd edildiyi kimi, defis orfoqrafik işarədir və sözün tərkib hissələri arasında işlənir. Yuxarıdakı nümunələr mürəkkəb söz sayıla bilməz. Bununla belə, yazı praktikasında daha çox defisdən istifadə edildiyinin şahidi oluruq.

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.