Reklam
Reklam
Mövzu: Dilçilik
Alt Mövzu: Orfoqrafiya
Müəllif: Rafiq İsmayılov

Böyük hərflə başlanan sözlər

 

Şəxs və heyvan adları (antroponimlər və zoonimlər)

Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlər (ayrı yazılan bəy, oğlu və qızı sözlərindən başqa) böyük hərflə yazılır:

  • Xan qızı Natəvan
  • İmadəddin Nəsimi
  • İsmayıl Şıxlı
  • Qara Yusif
  • Uzun Həsən
  • Üzeyir bəy Hacıbəyli
  • Vaqif Səmədoğlu

 

Qeyd: Xüsusi isimlər yeni normalara əsasən, cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır:

  • Füzulilər
  • Hacı Qaralar
  • Həzi Aslanovlar
  • Nizamilər

 

Rütbə, titul bildirən sözlər (mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s.) aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə yazılır:

  • Hacı Qara
  • Mirzə Fətəli
  • Seyid Əzim
  • Sultan Süleyman
  • Şah İsmayıl
  • Şeyx Məhəmməd Xiyabani

 

Bu qayda Avropa mənşəli adlara şamil olunmur:

  • baron Münhauzen
  • baronessa Meri
  • çar II Nikolay
  • knyaz Konstantin
  • kraliça Yelizaveta
  • qraf Drakula

 

Rütbə, titul bildirən sözlər şəxs adından sonra gəldikdə kiçik hərflə yazılır:

  • Abbasqulu ağa Bakıxanov
  • Mirzə Kazım bəy
  • Nadir şah
  • Nəcəf bəy Vəzirov
  • Pənahəli xan
  • Sara xatun

Qeyd: Məhəmməd Peyğəmbər adında istisna olaraq “peyğəmbər” sözü bir çox hallarda böyük hərflə yazılır.

 

Heyvanlara verilən xüsusi adlar (onimlər) da böyük hərflə yazılır:

  • Bozdar
  • Xallı
  • Məstan

 

Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar:

  • Alapaça
  • Badə
  • Bəng
  • Qırat
  • Məstan

 

Qeyd: Alleqorik əsərlərdə obraz adları xüsusi və ya ümumi isimlə adlandırılmasından asılı olmayaraq, adətən, böyük hərflə yazılır:

  • Kirpi
  • Tısbağa
  • Tülkü

 

Qeyd: Bu qaydaya əməl etmək hər zaman mümkün olmur:

  • Bir də gördü, ana ayı gəlir...
  • canavar balalarından biri...
  • iki ayı balası mübahisə etdilər...

 

Orfoqrafiya normalarında bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar sırasında bəng, badə sözləri yer aldığından ümumi isimlə ifadə olunan obraz adlarının böyük, yoxsa kiçik hərflə yazılması mübahisəli məqam olaraq qalır.

 

Toponimlər və inzibati ərazi adları

Coğrafi adlar böyük hərflə yazılır:

  • Göygöl
  • Xəzər
  • Şahdağ

 

Toponimlər mürəkkəb ad şəklində olduqda ilk söz(lər) böyük hərflə yazılır:

  • Azıx mağarası
  • Baykal gölü
  • Bosfor boğazı
  • Dardanel boğazı
  • Qara dəniz
  • Qaraqum səhrası
  • Mil düzü
  • Nargin adası
  • Sakit okean
  • Şərqi Avropa düzənliyi
  • Şimal Buzlu okean
  • Şirvan qoruğu

 

Qeyd: Coğrafi adların birləşməsindən əmələ gələn mürəkkəb sözlər defislə və hər bir söz böyük hərflə yazılır:

  • Hind-Avropa dil ailəsi
  • Hind-Çin yarımadası
  • Orxon-Yenisey abidələri

 

Coğrafi cəhət bildirən sözlər (şimal, cənub, şərq, qərb) ilkin mənasında – istiqamət və ya ərazinin müəyyən hissəsini bildirəndə kiçik hərflə yazılır:

  • İtaliyanın şərqi
  • qərbə tərəf baxmaq
  • Rusiyanın cənubu
  • şimala doğru getmək

 

Lakin bu sözlər ərazi bildirdikdə böyük hərflə yazılır:

  • Cənubi Qafqaz
  • Qərb dəyərləri
  • Şərqin böyük filosofu
  • Şimali Amerika
  • Uzaq Şərq
  • Yaxın və Orta Şərq

 

Fəza cisimlərinin (bürc, qalaktika, meteorit, planet, təbii peyk, ulduz və s.) adları böyük hərflə yazılır:

  • Ay
  • Böyük Ayı bürcü
  • Əkizlər bürcü
  • Günəş
  • Süd Yolu qalaktikası
  • Ülkər
  • Yer planeti
  • Yupiter

 

Qeyd: Yazıda Ay, Günəş, Yer sözlərinin yazılışında vahid prinsipə əməl edilmir. Bədii üslubda çox zaman bu sözlər kiçik hərflə yazılır:

  • Səhər günəşinin ilıq nəfəsi hər tərəfi isitdi.
  • On dörd gecəlik ay kimi par-par yanırdı.
  • Mən hələ yer üzündə belə insan görməmişəm.

 

Ölkə, muxtar respublika, vilayət, diyar və s. coğrafi adların tərkibindəki bütün sözlər (bağlayıcılar və digər köməkçi sözlərdən başqa) böyük hərflə yazılır:

  • Azərbaycan Respublikası
  • Birləşmiş Ərəb Əmirlikləri
  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  • Çin Xalq Respublikası
  • İran İslam Respublikası
  • Naxçıvan Muxtar Respublikası
  • Rusiya Federasiyası

 

Qədim dövlət və sülalə adlarında sonuncu söz kiçik hərflə yazılır:

  • Atabəylər dövləti
  • Birinci Göytürk xaqanlığı
  • Böyük Hun imperiyası
  • Ərəb xilafəti
  • Qacarlar dövləti
  • Səfəvilər sülaləsi

 

Yaşayış məntəqələri, küçə, meydan, abidə s. adlarında ilk söz böyük hərflə yazılır:

  • Azadlıq meydanı
  • Bakı şəhəri
  • Əhməd Cavad küçəsi
  • Hökməli kəndi
  • Neftçilər prospekti
  • Şəhidlər xiyabanı
  • Şüvəlan qəsəbəsi

 

Eyni qayda tarixi abidə adlarına da şamil olunur:

  • Xudafərin körpüsü
  • Qız qalası
  • Möminə xatun türbəsi
  • Səadət sarayı

 

Qurum və vəzifə adları dövlət qurumları, ictimai və siyasi təşkilatlar, təhsil və mədəniyyət müəssisələrinin, eləcə də onların şöbə, sektor və idarələrinin adlarındakı sözlər (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) böyük hərflə yazılır:

  • Ağstafa Rayon Təhsil Şöbəsi
  • Azərbaycan Dövlət Nəşriyyatı
  • Azərbaycan Milli Elmlər Akademiyası
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
  • Azərbaycan Respublikasının Milli Məclisi
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
  • Bakı Şəhər İcra Hakimiyyəti
  • Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
  • Nəsimi adına Dilçilik İnstitutu
  • Yeni Azərbaycan Partiyası

 

Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan rəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

  • Avropa liseyi
  • BDU-nun Filologiya fakültəsi
  • Dəyanət vəqfi
  • Humanitar fənlər gimnaziyası
  • Humanitar siyasət məsələləri şöbəsi
  • Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi
  • Uşaq-gənclər şahmat məktəbi

 

Qeyd: Orfoqrafiya qaydalarına görə zi təhsil müəssisələri (universitet, kollec) böyük, bəziləri (lisey, gimnaziya, məktəb) kiçik hərflə yazılmalıdır. Bu, qaydaları yadda saxlamaqda və tətbiq etməkdə müəyyən çətinliklər yaradır.

  • Bakı Atatürk liseyi
  • Bakı Slavyan Universiteti

 

Eyni fikri “şöbə” sözünə də aid etmək olar:

  • Ağstafa Rayon Təhsil Şöbəsi
  • Dilçilik İnstitutunun Terminologiya şöbəsi

 

Yüksək dövlət vəzifələri bildirən mürəkkəb adlar aşağıdakı kimi yazılır:

  • Azərbaycan Respublikası Milli Məclisinin sədri
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
  • Azərbaycan Respublikasının Prezidenti

 

Digər dövlət vəzifələri (nazir, sədr və s.) bildirən mürəkkəb adlarda sahə, şöbə və vəzifə bildirən sözlər kiçik hərflə yazılır:

  • Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
  • Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
  • Azərbaycan Respublikasının fövqəladə hallar naziri
  • Azərbaycan Respublikasının səhiyyə naziri

 

Qeyd: Son qaydalara əsasən, nazirlik adında bütün sözlər böyük hərflə, nazirliyin rəhbərini göstərdikdə isə sahə və “nazir” sözləri kiçik hərflə yazılır:

  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
  • Azərbaycan Respublikasının xarici işlər naziri

 

Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır:

  • Əməkdar incəsənət xadimi
  • Əməkdar müəllim
  • Xalq şairi

 

Aşağıdakı fəxri adlarda bütün sözlər yük hərflə yazılır:

  • Azərbaycanın Milli Qəhrəmanı
  • Sovet İttifaqı Qəhrəmanı

 

Dırnaq arasında yazılan adlar

Orden, medal, əsər, mətbu orqan, şirkət, brend (marka), obyekt adları dırnaqda və böyük hərflə yazılır:

  • “Azərbaycan Bayrağı” ordeni
  • “İstiqlal” ordeni
  • “Tərəqqi” medalı
  • “Uzaq sahillərdə” filmi
  • “Yeddi gözəl” baleti
  • “Hərb və sülh” romanı
  • “Badamlı” mineral suyu
  • “Bahar” mağazası
  • “Cücələrim” kafesi
  • “Mersedes” avtomobili

 

Səmavi kitabların adları böyük hərflə yazılır:

Bibliya • Əhdi-cədid • Əhdi-ətiq

İncil • Quran • Tövrat • Zəbur

 

Qeyd: Orfoqrafiya lüğətinə görə din adları (islam, xristianlıq, iudaizm, buddizm və s.) kiçik hərflə yazılır. “İslam” sözünün böyük hərflə yazılması yanlışdır.

Allah, Pərvərdigar, Xuda, Tanrı sözləri böyük hərflə yazılır. Bu mənada “çoxallahlılıq” sözü yanlış ifadədir. “Çoxilahlılıq” yazmaq daha düzgün olardı. Politeizmdən söhbət gedəndə “dəniz allahı”, “səma allahı” kimi ifadələr də yanlışdır. Belə ki, mifologiyada ilahi qüvvələrin adında “ilah”, “ilahə” sözləri işlənilməlidir.

 

Tarixi hadisə, dövr adlarının birinci sözü böyük hərflə yazılır:

  • Çaldıran döyüşü
  • Dəmir dövrü
  • Versal sülhü
  • Vətən müharibəsi
  • Yeddiillik müharibə

 

Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır:

  • Böyük Vətən müharibəsi
  • Erkən Tunc dövrü
  • Orta Paleolit dövrü
  • Son Paleolit dövrü

 

Tarixi gün və bayram adları:

Tarixi günlərin adlarında bütün sözlər böyük hərflə yazılır:

  • Beynəlxalq Ana Dili Günü
  • Beynəlxalq Qadınlar Günü
  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
  • Müstəqillik Günü

Bu adlarda ayın gününü bildirən sözlər işlənirsə, say bildirən birinci söz böyük hərflə, ayın adını bildirən söz kiçik hərflə yazılır:

  • İyirmi səkkiz may – Müstəqillik Günü
  • Otuz bir dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
  • Səkkiz mart – Beynəlxalq Qadınlar Günü

 

Say bildirən sözlər rəqəmlə göstərilərsə, ay adı böyük hərflə yazılır:

  • 8 Mart Beynəlxalq Qadınlar Günü
  • 28 May – Müstəqillik Günü
  • 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

 

Bayram adlarında əsas söz böyük, “bayram” sözü kiçik hərflə yazılır:

  • Qurban bayramı
  • Novruz bayramı
  • Ramazan bayramı

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.