ing. banner – bayraq
1. Reklam xarakterli qrafik təsvir.
B.-lər müştəriləri cəlb etmək, onlara lazımi informasiyanı çatdırmaq və müsbət imic yaratmaq məqsədi daşıyır. Belə qrafik təsvirlər çap KİV-də dərc olunur, televiziya ilə nümayiş etdirilir, yaxud ictimai yerlərdə, müəyyən tədbirlərdə reklam daşıyıcılarının üzərinə yapışdırılır.
2. Şəbəkədə ən çox yayılmış reklam formatlarından biri.
Çap mediasında olduğu kimi, internetdə də B. qrafik təsvirdən ibarətdir. Lakin belə təsvir animasiya (nadir hallarda video) elementlərinə malik ola, yaxud əlavə informasiya daşıyan səhifə və ya saytlara keçid funksiyası yerinə yetirə bilər. Statik B.-lər – əlavə elementləri olmayan, hərəkətsiz qrafik təsvirlərdir. Dinamik B.-lərdə isə təsvir tıklamaqla hərəkətə gətirilir, yaxud kadrlar müəyyən fasilələrlə bir-birini avtomatik əvəzləyir. Bunlara GIF-B.-lər (dəyişən rastr kadrların ardıcıllığı) və Adobe Flash proqramında yaradılan Flash-B.-lər misal ola bilər. Flash texnologiyası səs effektlərindən istifadə etməyə, habelə interaktiv B-lər. yaratmağa imkan verir.
Jurnalistika terminləri lüğəti