1. Cəmiyyətdə kəskin informasiya çatışmazlığı.
Kollektiv surətdə dərk edilən İ.A., adətən, hər hansı hadisə, yaxud konkret mövzu ilə əlaqədar olur; məsələn, təbii fəlakət zamanı dövlət orqanları və KİV-in əhalini vaxtında xəbərdar etməməsi, təlimatlandırmaması İ.A.-na səbəb olur, bu da şayiələrin artması ilə nəticələnir.
2. İnsanın informasiyaya olan daimi ehtiyacı, habelə bu ehtiyacı ödəmək imkanı məhdudlaşan zaman keçirdiyi hiss.
İnsanlar qismən birbaşa ünsiyyət, daha çox texniki vasitələrlə (mobil telefon, kompüter və s.) ardıcıl informasiya mübadiləsinə alışırlar. Tədricən prosesin özü məlumatın xarakterindən, növündən də mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə hər hansı səbəbdən fasilə yarandıqda İ.A. hiss olunur. Psixoloqlar İ.A.-nı sensor deprivasiyasının forması hesab edirlər. Sensor deprivasiyası – insanın hissiyyat orqanları xarici təsirdən məhrum edilərkən onun düşdüyü həyəcanlı vəziyyət, haldır.
Jurnalistika terminləri lüğəti