ing. pamphlet < fr. palme feuillet < lat. palme folium – əldə tutulan yarpaq
Həcmcə böyük olmayan, kəskin ruhda yazılmış, adətən, siyasi məzmunlu satirik məqalə.
P. bütövlükdə ictimai quruluşun, ayrı-ayrı şəxslərin, siyasi qrupların ifşasına həsr oluna bilər. Belə xarakterli publisistik əsərlərə hələ antik ədəbiyyatda rast gəlinsə də, janr kimi P. Renessans dövründə formalaşıb (Rotterdamlı Erazm, Fransua Rable və b.). Avropada və Amerikada P. termini daha çox fərqli mənada işlədilir: «kağız üzlüklü kiçik nəşr, buklet» (Collins lüğəti, Britaniya); «konkret mövzuya həsr olunmuş üzlüksüz, yaxud kağız üzlüklü nazik kitabça» (Merriam-Webster lüğəti, ABŞ) və s. Terminin etimologiyası da dəqiq deyil. Əksər mənbələrdə onun ingiliscə pamphlet (broşür, buklet) sözündən (məs.: «Böyük ensiklopediya lüğəti», Rusiya), digərlərində XII əsrdə latın dilində yazılmış Pamphilus, seu de Amore şeirinin adından (məs.: Oksford lüğəti, Böyük Britaniya), üçüncülərdə latın mənşəli fransız ifadəsi palme feuillet-dən (məs.: universal incəsənət, elm və ədəbiyyat lüğəti Londinensis ensiklopediyası, Britaniya) götürüldüyü qeyd edilir.
Jurnalistika terminləri lüğəti