Reklam
Reklam

Tarix terminləri lüğəti

ortodoks

yun. orthodoxos < orthos – doğru, düz, açıq + doxa – rəy, fikir

Müəyyən təlimə (doktrinaya, baxışlar sisteminə) dönmədən əməl edən şəxs; ardıcılı olduğu təlimə onun ilkin tələblərinə uyğun, yaxud rəsmiləşdirilmiş qaydada ciddi riayət edən şəxs.

O. həmin təlimi yeganə düzgün baxışlar sistemi kimi qəbul edir. Terminin özü isə II əsrdə xristianlıqda ilk bidətlərin meydana çıxması ilə əlaqədar yaranıb. Xristianlıqda O. sözü “ilkin xristianlığın müddəa və simvollarına uyğun gələn” anlamında işlənib, sonradan eyni mənada digər dinlərə də keçib; məs.: O. müsəlman dedikdə erkən islamın qayda-qanunlarını şərtsiz qəbul edən dindar nəzərdə tutulur.

Tarix terminləri lüğəti

Orta Paleolit

Qədim Daş dövrü olan Paleolitin orta mərhələsi.

O.P.-ə aid alətlər ilk dəfə Fransada Müstye mağarasında tapıldığı üçün bu dövr həm də “Müstye mədəniyyəti” adlanır. O, təxminən 300 min il bundan əvvəl başlayaraq 30 min il əvvəl başa çatıb. Lakin dünyanın müxtəlif bölgələrində O.P.-in xronoloji çərçivələri fərqlənə bilər.

Tarix terminləri lüğəti

Orta juz

qazax. Orta Jүz – orta ittifaq

XVI əsrin əvvəlində indiki Şimali, Mərkəzi, Şimal-Şərqi və Şərqi Qazaxıstan ərazisində formalaşmış qazax tayfaları qrupu.

O.J.-da qıpçaq, nayman, arğın, konqrat, kerey, uaq tayfaları birləşib. Əhalinin əsas məşğuliyyəti köçəri maldarlıq olub. Müxtəlif vaxtlarda O.J. ərazisində bir-biri ilə düşmənçilik edən xanlıqlar yaranıb. XVIII əsrin 40-cı illərində o, Rusiya imperiyası tərəfindən işğal edilib.

Həmçinin bax:

Tarix terminləri lüğəti

orta əsrlər

Roma quldarlıq imperiyasının dağılması ilə başlayan (təqribən 476-cı il) və İngiltərə burjua inqilabı (XVII əsrin ortaları) ilə bitən tarixi dövr.

O.Ə. qədim dünya tarixindən sonra, yeni tarixdən əvvəl gələn dövrü ifadə etmək üçün işlədilən termindir. Bu termin əvvəlcə XV–XVI əsrlərdə italyan tarixçi-humanistləri (F.Byondo və b.) tərəfindən işlədilib, XVIII əsrdə isə qəti olaraq elmdə möhkəmlənib. O.Ə. tarixini öyrənən elm mediyevistika adlanır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

orleançılar

Fransada restavrasiya dövründə Burbonlar sülaləsinin Orlean qolunun nümayəndəsi Lui Filippin kral taxt-tacına iddiasını müdafiə edən monarxist qruplaşma üzvləri.

1830-cu il İyul inqilabından sonra onlar Lui Filippin kral elan edilməsinə nail olublar. İyul monarxiyası (1830–1848) dövründə Fransada hakimiyyət maliyyə burjuaziyasının maraqlarını təmsil edən O.-ın nəzarətinə keçib. 1871-ci ildə Paris Kommunasının darmadağın edilməsində də O. fəal iştirak ediblər. 1877-ci ildə Fransa prezidenti P.Mak-Mahonun baş tutmamış monarxist çevrilişində və bulanjizm hərəkatında uğursuz iştirakdan sonra XIX əsrin 80-ci illərinin axırında onlar siyasi səhnədən çəkiliblər.

Tarix terminləri lüğəti

Orxon-Yenisey əlifbası

Qədim türklərin VII–XI əsrlərdə istifadə etdiyi yazı sistemi.

Orxon-Yenisey abidələri bu əlifba ilə yazılıb. O-Y.Ə.-na bəzən qədim türk runa əlifbası da deyilir. Bu əlifbanın mənşəyi haqqında iki fərziyyə var. Bəzi tədqiqatçılar onun arami yazısından törədiyini, digərləri türklərin özlərinin orijinal yazısı olduğunu göstərirlər. O-Y.Ə.-nda bütün fonemlər hərflərlə işarə edilir. Klassik dövr (VIII əsr) O-Y.Ə.-nda 38 hərf olub. Sətirlər yuxarıdan aşağı və sağdan-sola yazılıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Orxon-Yenisey abidələri

Türk xalqlarının ən qədim yazılı abidələri.

1696–1722-ci illərdə Yeniseyin yuxarı axarında, 1889-cu ildə isə Orxon çayı hövzəsində (Monqolustan) aşkarlanmış bu abidələr VII–XI əsrlərə aid edilir. O-Y.A. Orxon-Yenisey əlifbası ilə daş, bəzək əşyaları, kağız və s. üzərində yazılıb. Aşkarlandığı ilk dövrlərdə onlar səhvən qədim yunanlara, qotlara, keltlərə və skiflərə aid olunub. Bu abidələrin elmi tədqiqinə yalnız XIX əsrdə başlanıb. Danimarkalı dilçi V.Tomsen 1893-cü ildə abidənin əlifbasını deşifrləyib, milliyyətcə alman olan şərqşünas V.Radlov isə 1894-cü ildə həmin yazıları oxuyub. Tədqiqatların gedişində O-Y.A.-nin qədim kurıkan, oğuz tayfalar ittifaqlarına, qırğız, Şərqi Türk, Qərbi Türk, uyğur xaqanlıqlarına, habelə Şərqi Türküstanda uyğur dövlətinə, xəzərlərə və peçeneqlərə məxsus olduğu aşkarlanıb. Bu abidələr qədim türklərin tarixini öyrənmək üçün qiymətli mənbə sayılır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Orxon türkləri

V–VIII əsrlərdə Mərkəzi Asiyada türk tayfalarının konfederasiyası.

Konfederasiyaya aşina tayfası başçılıq edib. 265–460-cı illərdə aşinalar Qərbi Çin və Şərqi Türküstanın bir hissəsini tutmuş hun dövlətlərinin tərkibində olublar. 460-cı ildə jujanlar onları özlərinə tabe edərək Altaya köçürüblər. Burada aşinalar türk tayfaları ittifaqının başında dayanıblar. 551–555-ci illərdə jujanları darmadağın edən O.T. mərkəzi Orxon olan Türk xaqanlığının (552–745) əsasını qoyublar. 740–745-ci illərdə onlar uyğurlar tərəfindən məğlub edilsələr də, X əsrədək muxtariyyətlərini saxlaya biliblər. O.T.-nin əsas məşğuliyyəti köçəri maldarlıq və dəmirçilik olub. O.T.-nin ən mühüm mədəniyyət abidələri – Orxon-Yenisey yazıları sayılır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

ovçuluq

Öldürülən vəhşi heyvan və quşların ətinin qidada, dərisinin (xəzinin) isə təsərrüfatda istifadə edilməsi ilə bağlı olan fəaliyyət sahəsi.

O. yığıcılıqla birlikdə insanın təsərrüfat fəaliyyətinin ən qədim sahələrindən biridir, hələ Paleolit dövründə yaranıb və ilk vaxtlar kollektiv xarakter daşıyıb. Əldə edilmiş qənimət də kollektiv şəkildə istehlak olunub. Sonralar insan cəmiyyətinin inkişafı və ov silahlarının təkmilləşməsi ilə əlaqədar fərdi O. yaranıb. Ən qədim zamanlarda ov alətləri – daş parçaları, daş baltalar, dəyənək, toppuz, nizə və s.-dən ibarət olub, daha sonra xəncər, bıçaq, müxtəlif torlar və tələlərdən istifadə edilməyə başlanıb. Mezolit dövründə ox və kamanın ixtirası O.-un inkişafına böyük təkan verib. XII əsrdə odlu silahlar yaradılana qədər ox və kaman dünya xalqlarının əksəriyyətində əsas ov silahı olub.

Tarix terminləri lüğəti

ostrakizm

yun. ostrakismos < ostrakon – saxsı qırığı

Qədim Afinada xalq yığıncağının qərarı ilə ayrı-ayrı şəxslərin şəhərdən qovulması.

O. e.ə. VI əsrin sonunda afinalı dövlət xadimi Klisfen tərəfindən tiranlığın bərpası əleyhinə tədbir kimi tətbiq olunsa da, sonralar siyasi mübarizə vasitəsinə çevrilib. O.-in kimə qarşı tətbiqi məsələsi hər il xalq yığıncağı qarşısında qaldırılıb. Yığıncaqda səs hüququ olan hər afinalı təhlükəli bildiyi şəxsin adını saxsı qırığına yazaraq təqdim edib. Əleyhinə azı 6 min səs toplanmış adam 10 gün ərzində Afinanı tərk etməli olub və 10 il ərzində şəhərə gəlmək hüququndan məhrum edilib. Lakin həmin müddətdə onun vətəndaşlığı və əmlakı toxunmaz qalıb. O. sonuncu dəfə e.ə. 417-ci ildə tətbiq olunub.

Tarix terminləri lüğəti

ostqotlar

lat. Ostrogothi

German tayfası olan qotların şərq qolu.

O. (yaxud ostroqotlar) III əsrdə Qara dənizin şimal sahillərindəki çöllərdə və qismən Krımda məskunlaşıblar. IV əsrin II yarısında həmin ərazidə O.-la yanaşı, digər german tayfaları və skif-sarmatların da daxil olduğu tayfa ittifaqı yaranıb. 375-ci ildə bu ittifaq hunlar tərəfindən darmadağın edilib və O. Pannoniyaya (Mərkəzi Avropa) köçüblər. 488-ci ildə onlar İtaliyaya yürüş ediblər, 493-cü ildə burada paytaxtı Ravenna olan krallıq yaradıblar. 552-ci ildə O. bizanslılara məğlub olublar. 554-cü ildə onların krallığının əksər hissəsi, 560-cı illərin əvvəlində isə bütün ərazisi Bizans imperiyasına qatılıb.

Tarix terminləri lüğəti