Reklam
Reklam

Tarix terminləri lüğəti

baqvalallar

Dağıstanda andi xalqlarına aid kiçik etnoqrafik qrup.

B. Dağıstan Respublikasının Sumadin, Axvax və qismən də Xasavyurt rayonlarının bir neçə aulunda məskunlaşıblar. Vahid endoetnonimə malik olmayan B., bir qayda olaraq, özlərini yaşadıqları aulların adı ilə adlandırıblar. B. dil və mədəniyyətcə avarlara yaxındırlar və onlar tərəfindən, demək olar ki, tam assimilyasiya olunublar. Rusiyada 2010-cu il siyahıyaalınmasına görə, cəmi 5 baqvalal qeydə alınıb.

Tarix terminləri lüğəti

baptizm

yun. baptizo – suya başvurma, xaç suyuna salma

Protestantizmin ən iri cərəyanlarından biri.

B. fərdiyyətçilik prinsipinə əsaslanır. B. təliminə görə, insanın xilası kilsənin vasitəçiliyi ilə deyil, İsa Məsihə şəxsi etiqad yolu ilə mümkün ola bilər. B. yalnız “Müqəddəs kitab”ı qəbul edərək ikonaları, kilsə möcüzələrini, bir çox xristian bayramlarını yasaqlayır, kilsə iyerarxiyasını rədd etmək mövqeyində durur. Katolik və pravoslav kilsələrindən fərqli olaraq B.-də yalnız kamala yetmiş insanları xaç suyuna salmağa icazə verilir. İlk baptist icması 1609-cu ildə Amsterdamda anqlikan din xadimi C.Smit tərəfindən yaradılıb. XXI əsrin əvvəllərində dünyada B.-ə pərəstiş edən 75 mln. insanın 2/3 hissəsi ABŞ-ın payına düşür.

Tarix terminləri lüğəti

barbarlar

yun. barbaros – qeyri-yunan, yadelli

1. Qədim yunanların, sonra isə romalıların dil və mədəniyyətcə onlara yabançı olan bütün tayfa və xalqlara verdikləri ad.

Eramızın başlanğıcında ən çox german tayfalarını B. adlandırıblar. Sonrakı dönəmlərdə keltlər, skiflər, sarmatlar, slavyanlar və s. tayfalar da tarixi qaynaqlarda B. adlandırılıb. Yeni dövrün tarixi ədəbiyyatında B. termini Roma imperiyasının hüdudlarına soxularaq onun ərazisində müstəqil krallıqlar yaradan xalqlar haqqında işlədilib.

2. Qaba, qəddar, azğın, vəhşiləşmiş insan.

Həmçinin bax:

Tarix terminləri lüğəti

barbarlıq

XVIII–XIX əsrlərdə Avropa elmində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, mədəniyyət) orta mərhələsini bildirmək üçün qəbul edilmiş termin.

Bu bölgü sistemini və termini XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüson təklif edib, Amerika etnoqrafı və tarixçisi L.Morqan isə onu əsaslandırıb. Amerikalı alimin fikrincə, B. dulusçuluğun yaranması ilə başlayıb, yazının meydana gəlməsi ilə qurtarıb. Lakin müasir tədqiqatçılar L.Morqanın köhnəlmiş bölgü sistemindən istifadə etmirlər, onlar ibtidai icma tarixinin yeni elmi klassifikasiyasını hazırlayıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

“Barbarossa planı”

alm. Barbarossa Fall – Barbarosso işi

II Dünya müharibəsi illərində alman qoşunlarının SSRİ-yə qarşı ildırımsürətli hücum planı.

Plan XII əsrin Almaniya kralı Fridrix I Barbarossanın şərəfinə belə adlandırılıb. Blitskriq taktikasına əsaslanan B.P. 1940-cı il dekabrın 18-də təsdiq olunub və 2–3 ay ərzində SSRİ-nin əsas hərbi qüvvələrinin darmadağın edilməsini nəzərdə tutub. Lakin 1941-ci il iyunun 22-də həyata keçirilməyə başlanan B.P. uğursuzluğa düçar olub: SSRİ və Almaniya arasında müharibə dörd il uzanaraq sonuncunun yenilməsi ilə nəticələnib.

Tarix terminləri lüğəti

barsillər

Barsil etnoniminin qədim türk dillərindəki “bars” (pələng), “barsil” (bəbir) sözündən yarandığı ehtimal olunur

Bulqarlara qohum olan türk tayfası.

IV–V əsrlərdə Xəzər dənizinin şimal-şərq sahilində yaşayan B. (bəzi mənbələrdə – bersillər, basillər) VI əsrdən başlayaraq Şərqi Gürcüstan və Şimali Qafqazda (Sulak və Terek çayları arasındakı ərazidə) məskunlaşıblar. Onların yaşadıqları, “Barsilya” adını daşıyan bölgə indiki Dağıstanın cənubunda yerləşir. Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərində Cənubi Qafqaza bulqar tayfalarından birinin – B.-in aramsız hücumlarından bəhs edilir. Həmin hücumlar zamanı B.-in bir hissəsi Qafqaz Albaniyası ərazisində məskən salıb. 706-cı ildə başlayan və 30 il davam edən ərəb-barsil müharibələrindən sonra B.-in 20 mini islamı qəbul edib, qalanları isə İdil (Volqa) çayının orta axarındakı ərazilərə köçüblər. IX əsrdən B.-in tarixdə izlərinə rast gəlinmir.

Tarix terminləri lüğəti