Reklam
Reklam

Tarix terminləri lüğəti

Cağatay ulusu

XIII–XIV əsrlərdə mövcud olmuş monqol dövləti.

Çingiz xan hələ ölümündən əvvəl, 1224-cü ildə Monqol imperiyasını oğullarının sayına uyğun olaraq dörd ulusa bölüb. Xanın ölümündən sonra (1227) imperiyanın onun ikinci oğlu Cağataya çatan hissəsində C.U. yaranıb. Bu ulus Orta Asiya (Mavəraünnəhr, Yeddisu (Semireçye), Kaşqari) və ona bitişik bəzi digər əraziləri əhatə edib, xeyli dərəcədə türkləşib. XIV əsrin əvvəlində islam C.U.-nun rəsmi dini kimi qəbul olunub. XIV əsrin ortalarında ulus iki yerə – Moğolustan və Mavəraünnəhr xanlıqlarına parçalanıb.

Tarix terminləri lüğəti

cagir

fars. – hərfi mənası: tutulmuş yer

XVI–XVIII əsrlərdə Böyük Moğol imperiyası dönəmində Hindistanda ən geniş yayılmış feodal torpaq sahibliyi forması.

C. şəklində feodala ayrılmış torpaq hökmdarın mülkiyyətində qalıb. Lakin həmin ərazidən yığılan torpaq vergisi cagirdara çatıb. Bunun əvəzində isə cagirdar muzdlu atlı dəstə saxlamalı olub. Uzun müddət C. irsdən-irsə keçməyib, ölmüş cagirdarın oğlu adi qaydada hökmdardan torpaq sahəsi alıb. Yalnız XVIII əsrə yaxın C. feodalların irsi mülkiyyətinə çevrilib.

Tarix terminləri lüğəti

cagirdar

Cagir sahibi.

Böyük Moğol imperiyasında, əsasən, müsəlmanlardan ibarət olan C.-lar hakim feodal sinfinin yuxarı təbəqəsini təşkil ediblər. Hindistanda ingilis müstəmləkəçiliyi dövründə bir sıra iri torpaq sahibləri də C. adlanıb. XX əsrin 50-ci illərində Hindistanda keçirilən aqrar islahat zamanı C. torpaqlarının əksəriyyəti dövlətin xeyrinə müsadirə olunub.

Tarix terminləri lüğəti