Reklam
Reklam

Tarix terminləri lüğəti

funt

lat. pondus – çəki, ağırlıq, çəki daşı

Tarixən bir çox Avropa ölkələrində geniş yayılmış kütlə vahidi.

Feodal pərakəndəliyi dövründə bəzi dövlətlərdə hər ərazinin hakimi F.-un ölçüsünü özü müəyyən etmək hüququna malik olub. Bu səbəbdən XVIII əsrdə dünyada 100-dən artıq müxtəlif F.-dan istifadə edilib. İndi də müxtəlif ölkələrdə fərqli F.-lar işlədilir. Ən geniş yayılmışı ingilis F.-u (1 F. = 0,45359237 kq) sayılır. Amerika F.-u ona çox yaxındır – 0,453592292 kq; məs.: Avstriya F.-u isə 0,456001 kq təşkil edir.

Tarix terminləri lüğəti

fundamentalizm

lat. fundamentum – bünövrə, əsas

Müəyyən təlimin, doktrinanın başlanğıc prinsip və dəyərlərinə qayıdış, habelə sözsüz tabelilik tələb edən ifrat konservativ fəlsəfi cərəyan, yaxud ictimai, ideoloji hərəkat.

Termin ilk dəfə XX əsrin əvvəllərində ABŞ-ın protestant icmasında baş qaldırmış hərəkata aid edilib. F. əksər hallarda dünyada gedən qloballaşma və sekulyarlaşma proseslərinə reaksiya kimi yaranır və bu səbəbdən də çox vaxt dini formalar alır. Dini F.-in başlıca məqsədi cəmiyyətdə dini strukturların hegemon rolunun bərpasıdır. Onun ideoloji bazasını isə müqəddəs dini kitablarda yazılanlara qeyd-şərtsiz əməl olunması, onların tənqidinin və ya liberal dəyərlər baxımından şərhinin qəbuledilməzliyi ideyası təşkil edir. Müasir dünyada F. meyilləri xristianlıq, iudaizm, hinduizm və digər dinlərdə özünü göstərsə də, islam F.-i problemi daha tez-tez gündəmə gəlir. Bu, müsəlman ölkələrində bir sıra modernizasiya cəhdlərinin ardıcıl şəkildə uğursuzluğa düçar olması ilə izah edilir. İslam F.-i iddia edir ki, bir çox müsəlman ölkələrinin acınacaqlı vəziyyətinə müsəlmanların öz həqiqi etiqadlarından uzaqlaşıb Qərbin materialist ideologiyalarına uyması səbəb olub.

Tarix terminləri lüğəti

fronda

fr. fronde – hərfi mənası: sapand

1648–1653-cü illərdə Fransada C.Mazarini hökumətinin timsalında absolyutizmin güclənməsinə qarşı ictimai hərəkat.

Hərəkat iki mərhələyə bölünüb: “parlament F.-sı” (1648–1649) və “şahzadələr F.-sı”. Belə ki, ilkin dövrdə F.-nın əsas hərəkətverici qüvvəsi parlament və burjuaziya, sonra isə zadəgan əsilzadələr olub. Lakin hər iki halda Fransanın birinci naziri C.Mazarini hərəkatın öncüllərini müxtəlif üsullarla öz tərəfinə çəkməyə, son nəticədə onun yatırılmasına və ölkədə absolyutizmin möhkəmlənməsinə nail olub. Şəxsi maraqların hərəkatdakı böyük rolu, onun liderlərinin ölkənin xarici düşmənləri ilə əlaqə saxlaması və s. neqativ hallar F.-nın kütlələr tərəfindən birmənalı qarşılanmamasına əsas yaradıb. Təsadüfi deyil ki, narazılığını yalnız sözdə ifadə etməklə kifayətlənərək vəziyyəti dəyişmək üçün heç bir addım atmayan şəxsləri, ilk növbədə, prinsipsiz və şəxsi maraqlar güdən müxalifət nümayəndələrini müasir dövrdə F.-çı adlandırırlar.

Tarix terminləri lüğəti

frihold

ing. freehold < free – azad + hold – malikolma, saxlama

Orta əsrlərdə İngiltərədə irsi və ya ömürlük feodal asılılığı forması.

Cəngavər, kənd, şəhər, kilsə F.-ları mövcud olub; məs.: cəngavərlər feodala ödənişsiz hərbi xidmət göstərib, kəndlilər ona torpaq rentası ödəyiblər. Bununla yanaşı, belə asılılıqda olan kəndlilərə şəxsi azadlıq, vəsiyyətetmə, kral məhkəməsində müdafiə hüquqları verilib.

Həmçinin bax:

Tarix terminləri lüğəti