Reklam
Reklam

Tarix terminləri lüğəti

hicrət

ər. – tərketmə, ayrılma, köçmə

Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının (mühacirlərin) 622-ci ilin sentyabrında Məkkədən Yasrib (Mədinə) şəhərinə köçməsi.

Məhəmməd peyğəmbəri bu addımı atmağa bütpərəstlərin onu ölümlə hədələməsi məcbur edib. Əksər tarixçilərin fikrincə, Məhəmməd peyğəmbər Mədinəyə 622-ci il sentyabrın 24-də çatıb. 637-ci ildə Ömərin xəlifəliyi (634–644) dövründə H. ili müsəlman (hicri) təqviminin başlanğıc ili elan edilib. Lakin xəlifə Ömərin əmrinə əsasən, yeni müsəlman erasının hesablanmasına Məhəmməd peyğəmbərin Mədinəyə gəldiyi gündən deyil, həmin ilin məhərrəm ayının 1-dən başlanıb. Bu, 622-ci il iyulun 16-na uyğun gəlir.

Tarix terminləri lüğəti

hicri təqvimi

Hicrətdən başlanan müsəlman təqvimi.

H.T.-nin iki növü var: hicri-qəməri və hicri-şəms. İslamaqədərki dövrdə ərəblər qəməri təqvimi işlətdikləri üçün hicri tarixi qəbul edilərkən o, əsas götürülüb və hicri-qəməri təqvimi adlandırılıb. Bu təqvimdə 354 gün, 12 ay var: məhərrəm (30 gün), səfər (29 gün), rəbiüləvvəl (30 gün), rəbiülaxir (29 gün), cəmadiyüləvvəl (30 gün), cəmadiyülaxir (29 gün), rəcəb (30 gün), şəban (29 gün), ramazan (30 gün), şəvval (29 gün), zilqədə (30 gün) və zilhiccə (29 və ya 30 gün). Hicri-şəms təqvimindən isə 1925-ci ildən İranda istifadə olunur. Burada da 365 gün var; ilk altı ayın hərəsi 31 gün, sonrakı 5 ayın hər biri 30 gün, sonuncu ay adi ildə 29, uzun ildə 30 gün çəkir.

Tarix terminləri lüğəti

hidalqo

isp. hidalgo < hijo de algo – nəyəsə malik olan oğul

XII–XVII əsrlərdə İspaniyada xırda və orta torpaq sahibi olan cəngavər.

Bu termin XII əsrdə meydana gəlib, XII–XIV əsrlərdə cəngavərlər silkinin nümayəndələrinə aid edilib, geniş istifadə olunub. Rekonkista dövründə H.-lar hərbi qüvvə kimi mühüm rol oynayıblar. Onların kasıblaşması və müflisləşməsi prosesi Rekonkistanın son dönəmində (XV əsr) başlayıb. XVI əsrdə isə artıq yarımdilənçi vəziyyətinə düşmüş H.-lar okeanın o tayına üz tutaraq Amerikada yeni kəşf olunmuş torpaqların fəthində fəal iştirak ediblər.

Tarix terminləri lüğəti

hinduizm

Etiqad edənlərin sayına görə dünyada ən böyük dinlərdən biri.

H. ardıcıllarının sayı əksəriyyəti (təxminən 95%-i) Hindistanda yaşayır. Bu din qədim sanskrit dilində “sanātana dharma” (əbədi din, əbədi yol) adlanır. H. termininin özü isə fars dilində “hindu” sözündən yaranıb: Hind çayından o tərəfdə yaşayanları farslar belə çağırıblar. H.-in kökləri e.ə. I minilliyə, veda dinibrahmanizmə gedib çıxır; onun qəti olaraq formalaşması isə eramızın I minilliyinin ortalarına təsadüf edir. Əslində, H. feodalizmə keçid dövründə dəyişən sosial şəraitlə əlaqədar brahmanizmdə baş vermiş daxili transformasiya nəticəsində yaranıb. Digər səmavi dinlərdən fərqli olaraq H.-in nə konkret banisi, nə də vahid inanclar sistemi və doktrinası var. İnsanların Allah qarşısında qeyri-bərabərliyinə dair təlim və kasta bölgüsünün ilahiləşdirilməsi bu dinin ən səciyyəvi cəhətləri sayılır. XX əsrdə H. Hindistanın hüdudlarından kənara yayılıb. Lakin bəzi adətlərinə – dul qadınların özünü yandırması, kasta bölgüsünə əsaslanan diskriminasiya və s.-yə görə o, çox vaxt ciddi tənqidlərə məruz qalır. Müasir H.-də iki cərəyan var: vişnuizm və şivaizm.

Tarix terminləri lüğəti

hominidlər

lat. Hominidae < homo – insan

Ən yüksək inkişaf etmiş primatlar dəstəsi.

H.-ə müasir insan, qazıntı insanları (paleoantroplar, arxantroplar, avstralopiteklər), eləcə də onlara yaxın növlər aid edilir. Bəzi tədqiqatçılar H.-i iki yarımfəsiləyə – avstralopiteklər və “əsl” insanlara ayırırlar. Öz növbəsində, “əsl” insan nəslini də iki yerə – düz yeriyən insan (Homo erektus) və ağıllı insana (Homo sapiens) bölürlər. H.-lər ali primatların bir qolu sayılır və güman olunur ki, məhz onlar ponqidlərdən (ali insanabənzər meymunlardan) ayrıldıqdan sonra müasir insan – Homo sapiens əmələ gəlib. Molekulyar biologiya bu prosesin təqribən 7–8 milyon il, müqayisəli morfologiya və paleontologiya isə 8–10 milyon il əvvəl baş verdiyini göstərir.

Tarix terminləri lüğəti

Homo erektus

lat. homo – insan + erectus – dik dayanan: köhnə adı: arxantrop

Müasir insanın bilavasitə əcdadı hesab olunan qazıntı insanlarının ümumiləşdirici adı.

H.E. insanın təkamülü prosesində avstralopiteklərdən sonra ikinici mərhələ, neandertalların isə sələfi hesab olunur. Bu dəstəyə pitekantroplar, sinantroplar, Heydelberq adamı və s. aid edilir. Ehtimal olunur ki, ilk H.E.-lar təxminən 1,8 milyon il əvvəl Şərqi Afrikada meydana gəliblər, oradan Yaxın Şərqə və bütün Avrasiyaya yayılıblar. Nitqin ilk bəlirtilərinə malik bu insanlar primitiv daş alətlər hazırlamağı bacarıblar. Onlar Daş dövrünə aid Aşel mədəniyyətini yaradıblar. İbtidai sürü halında yaşayan H.E.-lar ovçuluq və yığıcılıqla məşğul olublar. Son dövr H.E.-ları (sinantroplar) oddan istifadə etməyi bacarıblar. H.E.-ların nəsli təqribən 60–100 min il əvvəl kəsilib.

Həmçinin bax:

Tarix terminləri lüğəti