Reklam
Reklam

Tarix terminləri lüğəti

apostol

yun. apostolos – elçi

İsa Məsihin şagirdləri və ardıcılları; həvari.

Dar mənada: Əhdi-cədiddə göstərildiyi kimi, İsa Məsihin bilavasitə 12 şagirdi A. sayılır. Geniş mənada isə A. termini İsa Məsihin daha 70 ardıcılına aid edilir. Xristianlığın yayılması ilk 12 A.-un fəaliyyəti ilə bağlı olub.

Tarix terminləri lüğəti

arabesk

ital. arabesco – ərəb bəzəyi

Orta əsrlərdə müsəlman Şərqində yaranmış həndəsi və nəbati naxış elementlərindən ibarət olan mürəkkəb ornament növünə avropalıların verdiyi ad.

Belə kompozisiyaların tərkibində bəzən xəttatlıq nümunəsi də olur. Bir-biri ilə kəsişən, bir-birinə sarmaşan bütöv mürəkkəb hissələrin ahəngdarlığı və aydın seçilməsi A.-in xarakterik cəhəti hesab olunur. İslam dini tərəfindən canlı varlıqların təsvir edilməsinə qoyulan qadağa A.-in müsəlman aləmində geniş yayılmasına təkan verib. Azərbaycan nəqqaşlığında A. «islimi» adı ilə tanınır.

Tarix terminləri lüğəti

aramilər

Ərəb işğallarına qədər (VII əsr) müasir Suriya və İraq ərazisində məskunlaşmış sami tayfaları qrupu.

A. adına ilk dəfə e.ə. III minilliyin ortalarında rast gəlinir. Əvvəllər müasir Suriya ərazisində köçəri həyat tərzi keçirən A. e.ə. XIV əsrdə Fərat çayının orta axarına doğru hərəkət edərək e.ə. XIII–XII əsrlərin qovuşuğunda artıq bütün Ön Asiyaya yayılıblar. A. heç vaxt vahid dövlət yarada bilməsələr də, onların dili Yaxın Şərq regionunda geniş istifadə olunub, faktiki cəhətdən bizim eranın başlanğıcına kimi beynəlxalq ünsiyyət vasitəsi funksiyasını yerinə yetirib. A.-in varisləri assuriyalılar hesab olunur.

Tarix terminləri lüğəti

areopaq

yun. Areios pagos – hərfi mənası: Ares təpəsi

Qədim Afinada ali siyasi və məhkəmə orqanı.

Yığıncaqları Akropol yaxınlığındakı Ares təpəsində keçirildiyindən belə adlandırılıb. A. qəbilə-tayfa quruluşu dövründə ağsaqqallar şurası kimi meydana çıxıb. Sonralar quldar aristokratiyanın və oliqarxiyanın ömürlük seçilən nümayəndələrindən ibarət olan A. geniş siyasi, məhkəmə, dini hakimiyyətə və nəzarət funksiyalarına malik olub. Quldar demokratiyanın inkişafı ilə əlaqədar A.-ın səlahiyyətləri tədricən məhdudlaşdırılıb. Efialtın islahatlarından (e.ə. 462-ci il) sonra isə A. siyasi hakimiyyətini itirərək yalnız qanunlara nəzarət hüququnu, eləcə də bəzi mülki və dini cinayətlər üzrə məhkəmə funksiyasını saxlayıb. Bununla belə, antik Afinanın süqutuna kimi A. mühüm hakimiyyət və məhkəmə orqanlarından biri olaraq qalıb.

Tarix terminləri lüğəti