yun. agora – açıq yer, meydan
1. Qədim yunan şəhərlərində bazar meydanı.
Adətən, Akropola yaxın yerdə salınan A. şəhərin həm iqtisadi, həm də inzibati mərkəzi olub. A-nı idarəçilik orqanları, sənətkarların emalatxanaları və məbədlər əhatə edib. Bəzən onun perimetri boyunca heykəllər yerləşdirilib. Vətəndaşları məlumatlandırmaq üçün mövcud qanunlar, vacib sənədlər və çıxarılan rəsmi qərarlar burada divardan asılıb, meydanda xalq yığıncaqları, xalq gəzintiləri keçirilib.
2. Yunan şəhərlərində tamhüquqlu vətəndaşların yığıncağı.
Bazar meydanında – A.-da keçirildiyi üçün həmin toplantılar da A. adlanıb. Bu xalq yığıncaqlarında şəhər həyatının ən mühüm məsələləri (ticarət, məhkəmə, hərbi) həll olunub.
3. İsraildə istifadə olunan xırda pul vahidi.
A. alüminiumdan düzəldilir, şekelin yüzdə birinə bərabərdir. 1960-cı ildən dövriyyəyə buraxılıb.
Tarix terminləri lüğəti