Reklam
Reklam

Tarix terminləri lüğəti

üç xalq prinsipi

Başlıca məqsədi Çinin azad, çiçəklənən və güclü dövlətə çevrilməsi olan siyasi doktrina.

1906-cı ildə Çin inqilabçısı və siyasi xadimi Sun Yatsenin (1866–1925) irəli sürdüyü bu doktrina sonralar təkmilləşdirilib, üç prinsipdən – millətçilik, demokratiya və xalq rifahından ibarət olduğu üçün belə adlandırılıb. Millətçilik Mancur sülaləsinə qarşı mübarizədə Çin xalqının birliyi ideyasını əks etdirib. Demokratiya ölkədə əsas hüquq və azadlıqların təmin olunduğu respublikanın yaradılmasını nəzərdə tutub. Xalq rifahı isə torpaqların kəndlilərin xeyrinə milliləşdirilməsi və bərabər şəkildə bölüşdürülməsi prinsipini ifadə edib.

Tarix terminləri lüğəti

Üçlər paktı

1940-cı il sentyabrın 27-də Almaniya, İtaliya və Yaponiya arasında 10 il müddətinə imzalanmış beynəlxalq saziş.

Ona “Berlin paktı” da deyilir. Sonradan bu ittifaqa Macarıstan (1940, 20 noyabr), Rumıniya (1940, 23 noyabr), Slovakiya (1940, 24 noyabr), Bolqarıstan (1941, 1 mart) və Almaniyanın satelliti olan bir sıra digər Avropa dövlətləri də qoşulub. Ü.P.-na əsasən, Yaponiya dövləti Almaniya və İtaliyanın Avropadakı aparıcı rolunu, sonuncular isə Yaponiyanın Şərqi Asiyada hakim mövqeyini qəbul edib. II Dünya müharibəsində (1939–1945) Almaniya və onun müttəfiqlərinin məğlubiyyəti həmin sazişə son qoyub.

Tarix terminləri lüğəti

Üçüncü respublika

fr. Troisième République

1870–1940-cı illərdə Fransada mövcud olmuş parlament rejimi.

İkinci imperiyanın süqutundan sonra yaradılmış Ü.R. 1875-ci il yanvarın 30-da qanunvericilik yolu ilə təsbit edilib. II Dünya müharibəsində (1939–1945) Fransanın məğlubiyyəti nəticəsində hakimiyyətin 1940-cı il iyulun 10-da Peten hökumətinə verilməsi ilə onun mövcudluğuna son qoyulub.

Tarix terminləri lüğəti

üçüncü silk

fr. Tiers etat

XV–XVIII əsrlərdə Fransanın vergi ödəyən əhalisi (tacirlər, sənətkarlar, kəndlilər, sonralar isə burjuaziya və fəhlələr).

Onlar birinci iki silkdən – ruhanilərdən və zadəganlardan bu adla fərqləndiriliblər. Böyük Fransa inqilabı dövründə silki fərqlərin aradan qaldırılması ilə Ü.S. də ləğv olunub.

Tarix terminləri lüğəti

üşr

ər. – ondabir

Orta əsrlərdə müsəlman ölkələrində natural dini vergi.

Şəriətə əsasən, bu vergi kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq məhsullarının, neftin, duzun və s. malların 1/10-i həcmində toplanıb. O, Azərbaycanda dəhyek, ondabir və s. adlarla da məlum olub. XIX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Ü., demək olar ki, aradan qaldırılıb, lakin rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 27 yanvar 1919-cu il qərarı ilə ləğv edilib. Ü. 1925-ci ildə Türkiyədə, 1935-ci ildə Tunisdə də ləğv olunub, bəzi müsəlman ölkələrində (Səudiyyə Ərəbistanı, Oman və s.) isə indi də qalır.

Tarix terminləri lüğəti

üsuli-cədid

fars. – yeni üsul

XIX əsrin sonundan etibarən Azərbaycanın, habelə Rusiya imperiyasının digər müsəlman bölgələrinin məktəb və mədrəsələrində tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan.

Cədidizm hərəkatının təhsil sahəsində təzahür forması olan Ü-C. məktəblərində dərslər ana dilində keçilib, əlifbanın təlimi fərqli formada aparılıb, dünyəvi fənlər geniş tədris edilib. Bu isə həmin dövrdə əzbərçiliyin hökm sürdüyü ənənəvi müsəlman tədris sistemi ilə müqayisədə böyük yenilik olub.

Tarix terminləri lüğəti

ümrə

ər. – ziyarət

Həcc vaxtından kənar müsəlmanların Kəbəni ziyarət etməsi.

Ona “kiçik həcc” də deyirlər. Yalnız ilin müəyyən dövründə – hicri təqvimi ilə zilhiccə ayının 8–12-də həyata keçirilən həccdən fərqli olaraq müsəlmanlar Ü. ziyarətinə ilboyu istənilən vaxt gedə bilərlər.

Tarix terminləri lüğəti