Reklam
Reklam

Tarix terminləri lüğəti

ibtidai icma quruluşu

Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü.

Bu termin marksizm klassikləri tərəfindən elmi dövriyyəyə daxil edilib və birinci ictimai-iqtisadi formasiya anlamında işlədilib. Marksizmə görə, İ.İ.Q. ictimai inkişafın sonrakı mərhələlərindən xüsusi mülkiyyətin, siniflərin və dövlətin olmaması ilə fərqlənib. Sonuncuların yaranması ilə həmin quruluşun mövcudluğuna son qoyulub. İ.İ.Q. terminindən postsovet məkanında, o cümlədən Azərbaycan tarixşünaslığında geniş istifadə olunur. Dünyanın əksər ölkələrində isə ondan və ümumiyyətlə, tarixin marksist dövrləşmə sistemindən çoxdan imtina edilib. Dünya elmində bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsini ifadə etmək üçün “tarixöncəsi” və ya “prehistory” (lat. præ – öncə + yun. historia – tarix) terminlərinə üstünlük verilir. “Prehistory” dönəmi insanın yaranmasından yazının icad edilməsinə kimi (e.ə. III minillik) böyük bir zaman kəsimini əhatələyir.

Tarix terminləri lüğəti

ibtidai insan sürüsü

İlk insan kollektivinin şərti adı.

İnsanın ən yaxın əcdadlarının zooloji birliyini əvəzləmiş İ.İ.S. yığıcılıq və ola bilsin, ovçuluqla məşğul olub. İ.İ.S.-nün mövcudluğu dövrü müasir insanın yarandığı dövr sayılır və Alt Paleoliti, eləcə də Orta Paleolitin bir hissəsini əhatə edir. İ.İ.S.-ndə nizamsız nikah münasibətləri (promiskuitet) hökm sürüb. Tədricən eyni sürünün üzvləri arasında cinsi əlaqələr yasaqlanıb, digər sürünün üzvləri ilə nikah bağlanmasına keçilib (ekzoqamiya). Beləliklə, İ.İ.S.-ndən qəbiləyə keçid dövrü başlanıb.

Tarix terminləri lüğəti

ictimai-iqtisadi formasiya

Marksizm təlimində ictimai təkamülün müəyyən mərhələsini ifadə edən tarixi kateqoriya.

Marksizmdə tarix keyfiyyətcə səciyyələndirilə və digərlərindən fərqləndirilə bilən “mərhələlərin” – İ-İ.F.-ların mütərəqqi qaydada bir-birini əvəzləməsi şəklində təsvir edilir. Tarixi proses beş İ-İ.F.-nın ardıcıl dəyişikliyi kimi təqdim olunur: ibtidai icma quruluşu, quldarlıq, feodalizm, kapitalizmkommunizm. Bəzi digər dövlətləri çıxmaq şərti ilə dünya tarixşünaslığında tarixin dövrlərə bölünməsinin “formasiya” konsepsiyasından artıq imtina edilib.

Tarix terminləri lüğəti