Reklam
Reklam

Tarix terminləri lüğəti

monarx

yun. monarchos < monos – tək + archos – hökmdar

Monarxiya dövlətinin irsi, nadir hallarda isə seçkili hökmdarı.

M. müxtəlif dövlətlərdə imperator, şah, sultan, çar, kral, nequs və s. adlar daşıya bilər. Tarixdə bəzən M.-ın seçki yolu ilə vəzifəyə gəlməsi faktlarına rast gəlinir. Polşada kralın seym tərəfindən, Rusiyada Mixail Romanovun 1613-cü ildə zemstvo soboru tərəfindən, Çingiz xanın XIII əsrdə qurultay tərəfindən seçilməsi halları buna misaldır.

Tarix terminləri lüğəti

monarxiya

yun. monarchia – təkhakimiyyətlilik, mütləqiyyət

Ali dövlət hakimiyyətinin bütövlükdə və ya qismən bir nəfərin – monarxın əlində cəmləndiyi idarəçilik forması.

M. dövlət və hüquq tarixində respublika ilə yanaşı, ən geniş yayılmış idarəçilik formalarından biridir. O, çevikliyi və şəraitə uyğunlaşma qabiliyyəti ilə seçilir. Məhz bu keyfiyyətlərinə görə hələ qədim dövrlərdən mövcud olan M. hətta ən demokratik dəyişikliklərə uğramış dövlətlərdə belə indiyədək qala bilib. Müasir dünyada M.-nın iki əsas tipi var: mütləq və konstitusiyalı M. Mütləq M.-da bütün hakimiyyət (icraedici, qanunverici və məhkəmə) monarxın əlində cəmlənir; məs.: Səudiyyə Ərəbistanı, Bruney, Vatikan, Oman və bir neçə ərəb ölkəsində mütləq M. hökm sürür. Böyük Britaniya, Niderland, Belçika, İsveç, Danimarka kimi Avropa dövlətləri, habelə Yaponiya, Malayziya, Tailand və s. ölkələr isə konstitusiyalı M.-ya misal ola bilər. Konstitusiyalı M.-ların tam əksəriyyətində monarxın hakimiyyəti simvolik xarakter daşıyır və o, faktik olaraq idarəçilik səlahiyyətlərinə malik deyil.

Tarix terminləri lüğəti

monastır

yun. monasterion – zahidin hücrəsi

Bir sıra dinlərdə vahid həyat tərzini qəbul etmiş rahib (kişi M.-ı) və ya rahibələrin (qadın M.-ı) icması, habelə onlara məxsus dini ibadət, yaşayış, təsərrüfat tikililəri kompleksi.

Belə icmaların nizamnaməsi özünəməxsus dini-əxlaq normalarını – tərkidünyalığı, nikahsızlığı, daim dua etməyi və s.-ni nəzərdə tutur. Ən qədim M.-lar buddizmə aid olub və e.ə. I minilliyin ortalarında Hindistanda yaranıb. İlk xristian M.-ları isə zahid məskənləri kimi III–IV əsrlərdə Misirdə meydana gəlib. Feodalizmin inkişafı prosesində katolik M.-ları iri torpaq sahiblərinə və Avropada siyasi hökmranlıq uğrunda mübarizədə Roma papasının əsas dayağına çevrilib. Orta əsrlərdə təhsil kilsənin nəzarətində olarkən M.-lar savadın, kitab nəşrinin, bədii sənətkarlığın yayılmasında mühüm rol oynayıb. Yeni və xüsusilə ən yeni dövrdə M.-ların siyasi-iqtisadi nüfuzuna son qoyulsa da, onlar fəaliyyətlərini davam etdirir.

Tarix terminləri lüğəti

monqol yazısı

XIII əsrin əvvəlində monqolların uyğurlardan mənimsədiyi yazı sistemi.

M.Y. yuxarıdan aşağıya, sağdan-sola yazılır. Hərflərinin çoxu 2 və ya 3 səsi ifadə edən bu yazı 1945-ci ilə kimi işlədilib. Həmin ildə isə kiril əlifbasına keçilib. SSRİ-nin süqutundan sonra M.Y.-nın rəsmi statusu bərpa olunsa da, kiril əlifbasından hələ tamamilə imtina edilməyib. Burada hər iki yazı sistemi paralel istifadədədir. Keçmişdə monqolların M.Y. ilə yanaşı, “kvadrat yazı” (XIII–XIV əsrlər) və Tibet əlifbası əsasında yaradılmış “aydın yazı” (XVII əsr) adlı yazı sistemləri də olub, lakin onlar geniş yayılmayıb.

Tarix terminləri lüğəti

monqoloid

Asiya və Amerikada (hindular) yayılmış irq, ən böyük insan irqlərindən biri.

Bu irq saçın qara, cod, düz, bəzən dalğavarı, dərinin buğdayı, çox vaxt sarımtıl olması, tük örtüyünün sinədə və üzdə zəif inkişafı, almacıq sümüklərinin çox çıxıq və sifətin yastı forması, habelə epikantusun və üst göz qapağı büküşünün yaxşı inkişafı ilə fərqlənir. M. irqi bir neçə kiçik irqə (Şimali Asiya, Arktika, Cənubi Asiya, Uzaq Şərq və Amerika) bölünür.

Tarix terminləri lüğəti

monosentrizm

yun. monos – tək, bir + lat. centrum – mərkəz

Hələ irqlərə bölünməmiş müasir insanın (Homo sapiens) Yer kürəsinin bir bölgəsində, bir qədim insan formasından yarandığını irəli sürən elmi konsepsiya.

Bu konsepsiyaya görə, irqlər müasir insanın yarandığı bölgədən Yer kürəsinin geniş ərazilərinə yayılması prosesində sonradan formalaşıb.

Tarix terminləri lüğəti

monoteizm

yun. monos – tək, bir + theos – Allah

Politeizmdən (çoxallahlılıqdan) fərqli olaraq Allahın tək və hər şeyə qadir olması ideyasına əsaslanan dini təlim.

İudaizm, islamxristianlıq monoteist dinlər hesab olunur. Hələ erkən dövlətlərin yaranması dövründə M.-in tətbiqi ilə bağlı cəhdlər olub. Lakin həqiqi mənada M. e.ə. I minilliyin ortalarında və II yarısında qədim yəhudilər arasında formalaşıb.

Tarix terminləri lüğəti

mövləvilik

Sünni təriqəti, dərviş ordeni.

M.-in əsası XIII əsrdə sufi şairi C.Rumi (1207–1273) tərəfindən qoyulub. Müridləri ona “mövlana” (ər. – ağamız) deyə müraciət ediblər. Təriqətin adı da buradan yaranıb. Osmanlı dövlətinin zadəgan dairələri tərəfindən bəyənilən M. elitar təriqətə çevrilib, Kiçik Asiya, Suriya, Misir və Krımda geniş yayılıb. Uzun papaq (külah) qoyan mövləvilər üçün musiqi sədaları altında rəqs edərək Allahı anmaq (zikr etmək) səciyyəvi sayılır. Rəqs zamanı mövləvilər Allaha qovuşmaq məqsədilə bir nöqtədə dayanıb uzun müddət fırlana bilirlər. Bu səbəbdən də Avropada onları “fırlanan dərvişlər” adlandırırlar. Mövləvilər 1001 gün davam edən xəlvətə və tərki-dünyalığa böyük əhəmiyyət verirlər. M.-in əsas mərkəzi Konya şəhərində olub. XIV–XVI əsrlərdə bu təriqət Azərbaycanda da geniş yayılıb, lakin Səfəvi hökmdarı I Təhmasib (1524–1576) mövləvilərin hamısını ölkədən sürgün edib. 1925-ci ildə Türkiyə hökumətinin qərarı ilə mövləvilərin fəaliyyəti rəsmi olaraq dayandırılıb, lakin uzun illərdən sonra bərpa edilib.

Tarix terminləri lüğəti

montanyarlar

fr. montagnards – dağlılar

1. Böyük Fransa inqilabı dövründə Konventdə ifrat sol qruplaşmanın üzvləri.

M. Konventdə ən yuxarı cərgələrdə oturduqları üçün belə adlanıblar.

2. 1848-ci il Fransa inqilabı dövründə Müəssislər Məclisində özlərini XVIII əsrdəki M.-ın varisi hesab edən qruplaşmanın üzvləri.

Tarix terminləri lüğəti