Reklam
Reklam

Tarix terminləri lüğəti

qoşa nikah

İbtidai icma quruluşunda mövcud olmuş təknikahlılıq forması.

Q.N. monoqamiyadan ailənin xüsusi iqtisadi özək təşkil etməməsi ilə fərqlənib. Q.N.-ın möhkəm olmaması və tez-tez pozulması da bununla izah olunur. Geniş yayılmış fərziyyəyə görə, Q.N. qrup nikahını əvəzləyib. Bu səbəbdən də onda qrup nikahının bir çox qalıqlarına (nikahaqədər və nikahdankənar əlaqələr, “əsas” ər və arvadla yanaşı, “əlavə” ər və arvadların olması) rast gəlinir. Digər bir ehtimala görə, Q.N. ən qədim nikah forması olub.

Tarix terminləri lüğəti

qot dili

Şərqi german tayfası olan qotların dili.

Q.D. qədim german dillərinin şərq qrupuna daxil olub və hazırda ölü dil sayılır. Bu dildə bizə gəlib çatmış ən qədim əlyazmalar IV–V əsrlərə, qotların Qara dəniz sahillərində hökmranlıq etdiyi dövrə aid edilir. Həmin əlyazmaların ən məşhuru İncilin yepiskop Ulfila tərəfindən Q.D.-nə çevrilmiş tərcüməsi sayılır. Ehtimala görə, qot əlifbasını məhz Ulfila yunan və latın qrafikaları əsasında yaradıb. Q.D. ostqot və vestqot dialektlərinə bölünüb, lakin onların arasında böyük fərqlər olmayıb.

Tarix terminləri lüğəti

qotlar

lat. Gothi, Gothones

Şərqi german tayfası.

Dil cəhətdən Q. şimali germanlara yaxın sayılırlar. Onlar eramızın əvvəllərində Baltik dənizinin cənub sahillərində və Visla çayının aşağı axarı boyunda yaşayıblar, II əsrin sonlarından cənub-şərq istiqamətində hərəkət edərək III əsrdə Qara dənizin şimal sahillərinə çatıblar və burada məskunlaşıblar. Burada Q. Dneprin aşağı axarında məskən salmış ostqotlara və Dnestr çayının aşağı axarı boyunda yerləşmiş vestqotlara bölünüblər. Daha yüksək mədəniyyətə sahib skif və sarmat tayfaları ilə qaynayıb-qarışması bu tayfanın inkişafına müsbət təsir göstərib. Q. digər tayfalarla ittifaqda Roma imperiyası hüdudlarına yürüşlər edərək 271-ci ildə Dakiyanı tutublar. IV əsrdə onlar xristianlığı qəbul ediblər. 375-ci ildə hunlar Q.-ın tayfa ittifaqını dağıdıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

qövm

ər. – qəbilə, tayfa

1. Bir nəsildən olub eyni adət-ənənə, dil və mədəniyyətə malik insan toplumu.

Əksər halda Q. termini qəbilə, tayfa, kiçik xalq anlamında işlənir.

2. Qədim dövrlərdə və erkən orta əsrlərdə köçəri ərəblərdə patriarxal ailənin bir çadırda yaşayan üzvləri.

Tarix terminləri lüğəti

qraf

alm. graf < lat. comes – hərfi mənası: müşayiət edən, yol yoldaşı, həmfikir

1. Erkən orta əsrlərdə Qərbi Avropada kral sarayında vəzifəli şəxs.

Bu vəzifə IV əsrdə Roma imperiyasında yaranıb, öncə ali əyanlara verilib və tədricən irsi olub.

2. Feodal pərakəndəliyi dövründə feodal hakimi (qraflığın hakimi), feodal pərakəndəliyi aradan qalxdıqdan sonra isə yüksək zadəgan titulu.

Feodal nərdivanında Q. kraldan sonra hersoqla birlikdə ikinci pillədə durur. Bu ali zadəgan titulu monarxiya idarə üsulu mövcud olan əksər Avropa ölkələrində formal olaraq hələ də qalır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

qrenadyor

fr. grenadiers < grenade – qumbara

XVII–XX əsrlərdə Avropa ordularında piyada qoşun növünün döyüşçüsü.

Əvvəlcə Avropada Otuzillik müharibə (1618–1648) dövründə qumbaraatan əsgərləri belə adlandırıblar. XVII əsrin sonlarına yaxın Q.-lardan ibarət rotalar yaradılıb. Həmin rotalardan hücüm əməliyyatlarında cinahlarda istifadə edilib. XVIII əsrin sonlarına yaxın Q.-lar seçmə (elit) qoşun hissəsinə çevriliblər. Bəzi ordularda məhdud sayda süvari Q.-lar da olub. Hücum taktikasının dəyişməsi ilə əlaqədar XX əsrin əvvəllərindən Q.-ları başqa qoşun hissələri əvəz edib, hərçənd XX əsrin ortalarında Qərbi Almaniya ordusunda motoatıcılar da “panser-Q.” adlanıblar.

Tarix terminləri lüğəti

qrand

isp. grandes – ağa, kübar

Orta əsrlərdə İspaniyada ali dini və dünyəvi zadəgan titulu.

Q.-lar zadəganların əsas hissəsini təşkil edən hidalqokabalyeroslardan daha yüksək statusa malik olublar. Bu terminə ilk dəfə XIII əsrə aid tarixi qaynaqlarda rast gəlinir. Həmin dövrdən başlayaraq Q.-lar İspaniyada yüksək dövlət vəzifələri tutublar və böyük imtiyazlara sahib olublar. O zamanlar Q.-ların öz “azadlıqlarını” qorumaq üçün hətta krala müharibə elan etmək və digər hökmdarın qulluğuna keçmək kimi geniş hüquqları olub. XVI əsrdə absolyutizmin çiçəklənməsi ilə Q.-lar saray əyanlarına çevriliblər. 1931-ci ildə İspaniyada monarxiyanın süqutundan sonra bu titul ləğv olunub.

Tarix terminləri lüğəti

qraflıq

lat. comitatus, alm. Grafschaft

1. Feodalizm dövründə qrafın başçılıq etdiyi irsi feodal hakimliyi.

2. Bir sıra ölkələrdə (ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya) inzibati ərazi vahidi.

Tarix terminləri lüğəti

Qriqori təqvimi

1582-ci il oktyabrın 4-də Roma papası XIII Qriqorinin islahatı ilə tətbiq olunmuş tarixin hesablanma sistemi.

Q.T. (yeni stil) Yulian təqvimini (köhnə stil) əvəzləyib. İslahat Yulian ilinin tropik ildən (Yerin Günəşin ətrafında real fırlanma müddətindən) 11 dəq. 14 san. uzun olması ilə əlaqədar tətbiq edilib. Bu da hər 400 ildə Yulian təqvimi ilə təbii təqvim arasında təxminən 3 günlük fərq yaradıb. Nəticədə XVI əsrin sonlarında reallıqda martın 21-nə düşməli olan gecə-gündüz bərabərliyi Yulian təqvimində martın 11-nə təsadüf edib. Yanlışlığı aradan qaldırmaq məqsədilə 1582-ci il oktyabrın 4-dən sonrakı günün oktyabrın 15-i olduğu elan edilib. Gələcək səhvlərin qarşısını almaq məqsədilə Q.T.-də hər 400 ildə 3 günü «kənara atmaq» qərara alınıb. Beləliklə, Yulian təqvimində hər 400 ilə 100 uzun il (günlərin sayı 366 gün) düşdüyü halda, Q.T.-də bu rəqəm 97-yə bərabər olub. Sonuncu iki rəqəmi sıfırla başlayan (1700, 1800, 1900 və s.) illərin qısa il (günlərin sayı 365 gün) elan edilməsi buna imkan yaradıb. Hazırda Q.T. dünya ölkələrinin böyük əksəriyyətində, o cümlədən Azərbaycanda tətbiq olunur.

Tarix terminləri lüğəti

Qrimaldi adamı

Üst Paleolit dövründə yaşamış insan növü.

Q.A.-nın qalıqları 1901-ci ildə İtaliya ərazisində, Fransa ilə sərhəddəki Qrimaldi mağarasında aşkarlanıb. Tapıntının ilk tədqiqatçıları kəllə və skeletin bəzi xüsusiyyətlərinə görə onu ayrıca “Qrimaldi irqi”nə aid ediblər. Lakin XX əsrin 60-cı illərində aparılan araşdırmalar Q.A.-nın, əslində, kromanyonların bir növü olduğunu müəyyənləşdirib.

Tarix terminləri lüğəti

qrossmeyster

alm. Großmeister – böyük usta, böyük müəllim

Ali magistr, katolik kilsəsində ruhani-cəngavər ordeninin başçısı.

Q.-i orden üzvləri ömürlük seçiblər və o, Roma papası tərəfindən təsdiq olunub. Ruhani-cəngavər ordenlərinin xeyli nüfuza malik olduqları orta əsrlərdə Q.-lər Avropanın feodal aləmində mühüm siyasi rol oynayıblar.

Tarix terminləri lüğəti