Reklam
Reklam

Tarix terminləri lüğəti

Talmud

ivr. – hərfi mənası: öyrənmə

İudaizmin ehkamlarının, eləcə də dini-etik və hüquqi müddəalarının külliyyatı.

E.ə. IV əsr – eramızın V əsrində qismən qədim yəhudi, qismən də arami dilinin dialektlərində formalaşdırılmış T.-da əxlaq və hüquq barədə düşüncələr, dünyanın yaranması haqqında əfsanələr, tibb, astronomiya və coğrafiyaya aid məlumatlar öz əksini tapıb. Burada yəhudilərin dini, mülki və ailə həyatını tənzimləyən normalar əks olunub. T.-un ən qədim hissəsi Mişna (Təkrar) adlanır.

Tarix terminləri lüğəti

tampliyerlər

fr. templierstemple – məbəd

I səlib yürüşündən az sonra, 1118–1119-cu illərdə Qüdsdə yaradılmış katolik ruhani-cəngavər ordeninin üzvləri.

Fransız cəngavərləri tərəfindən əsası qoyulmuş T. ordeninin məqsədi Qüdsə ziyarətə gələn xristianları qorumaq, eləcə də Fələstin və Suriyada səlibçilərin yaratdıqları dövlətlərin ərazisini genişləndirmək olub. Ordenin ilk iqamətgahı məbəddə yerləşdiyi üçün o belə adlandırılıb. 1139-cu ildə papa III İnnokenti T.-ə geniş imtiyazlar verib. Onlar yerli dünyəvi və dini feodalların yurisdiksiyasından çıxarılıb, kilsə vergilərindən azad edilib və s. T.-i yalnız papa kurialarının mühakimə etmək hüququ olub. Yaxın Şərqdə və Avropada böyük torpaq sahələri ələ keçirmiş orden iri feodal mülkiyyətçisinə çevrilib. XIII əsrdə T. həmçinin Qərbi Avropanın ən varlı bankirləri olublar. Onlar müsəlmanlar tərəfindən sıxışdırılaraq 1291-ci ildə öncə Kiprdə məskunlaşıblar, sonra isə Avropada, əsasən, Fransada cəmləşiblər. T.-in artan nüfuzundan qorxuya düşən Fransa kralı IV Filip (1285–1314) onların bidətdə ittiham edilməsinə nail  olub. Bundan sonra T.-ə qarşı inkvizisiya prosesi başlanıb. 1307-ci ildə Fransada bu ordenin üzvləri həbs olunublar, 1310-cu ildə bidətçi kimi tonqalda yandırılıblar. T. Qərbi Avropanın digər ölkələrində də təqiblərə məruz qalıblar. 1312-ci ildə papa V Klement ordeni ləğv edib.

Tarix terminləri lüğəti

tarix

1. Təbiət və cəmiyyətdə istənilən inkişaf prosesi.

Bu mənada kainatın T.-indən, Yer kürəsinin T.-indən, ayrı-ayrı elmlərin (fizika, riyaziyyat, hüquq və s.) T.-indən danışmaq olar.

2. İnsan cəmiyyətinin keçmişini bütün konkretliyi və rəngarəngliyi ilə öyrənən ictimai elmlər kompleksi.

T. keçmiş insan cəmiyyətinin indiki durumu və gələcək perspektivlərini dərk etmək məqsədilə tədqiq olunur. Bu elmlər kompleksi keçmişin fakt, hadisə və proseslərini tarixi qaynaqlar əsasında öyrənir. Həmin qaynaqlarla isə mənbəşünaslıq və digər köməkçi T. fənləri məşğul olur. T. ümumdünya (ümumi) T.-i və ayrı-ayrı dövlət və xalqların T.-indən ibarətdir. Tədqiq olunan T.-i mərhələyə uyğun olaraq ibtidai icma T.-i, qədim dünya T.-i, orta əsrlər T.-i, yeni T. və ən yeni T.-i fərqləndirirlər. Arxeologiyaetnoqrafiya da geniş anlamda T.-in tərkib hissəsi hesab olunur.

See also:

Tarix terminləri lüğəti

tarix ensiklopediyaları

Tarix və ona yaxın bilik sahələrinə aid sistemləşdirilmiş məlumatlar verən elmi-soraq nəşrləri.

Bütövlükdə ümumdünya tarixinə, müəyyən tarixi dövrlərə, ayrı-ayrı qitələrin, ölkələrin və xalqların tarixinə aid T.E., həmçinin tarix lüğətləri nəşr edilir. Onlar ayrı-ayrı tarixi hadisələrə və ya şəxsiyyətlərə də həsr oluna bilər. İlk belə nəşrlər XVI–XVIII əsrlərdə meydana gəlib; məs.: fransız alimi Ş.Etyenin 1553-cü ildə dərc etdirdiyi “Tarix və ədəbiyyat lüğəti”, fransız tədqiqatçısı L.Morerinin 1674-cü ildə işıq üzü görmüş “Böyük tarix lüğəti” və s.

Tarix terminləri lüğəti

tarixşünaslıq

1. Geniş mənada: tarix elmlərinin tarixini öyrənən xüsusi fənn.

T. tarixi tədqiqatların problematikasının dəyişməsini, bu elmlər kompleksinin nəzəri və metodoloji prinsiplərinin təkamül prosesini, ayrı-ayrı tarixi konsepsiyaların xüsusiyyətlərini, tarixi qaynaqların istifadəsi və təhlili metodlarını araşdırır. T.-ın baniləri Miletli Hekatey (e.ə. 550–490) və Herodot (təqr. e.ə. 494–425) sayılırlar.

2. Məhdud mənada: müəyyən mövzuya, tarixi dövrə (məs.: səlib yürüşləri dövrü T.-ı) həsr olunmuş tədqiqatların məcmusu, yaxud ideoloji, dil və ya milli baxımdan daxili vəhdət təşkil edən tarixi əsərlərin (məs.: marksist T., ingilisdilli T., fransız T.-ı) toplusu.

Tarix terminləri lüğəti

tayfa

Dövlətin yaranmasına qədərki dövrdə insanların sosial-etnik birliyinin əsas formalarından biri.

T. qəbilədən böyük olub, belə ki, bir neçə qəbilə T. yaradıb. T. üzvlərini qan qohumluğu birləşdirib, onlar müəyyən ərazidə kompakt şəkildə məskunlaşıblar, eyni dildə danışıblar və eyni adətlərə malik olublar. Müəyyən iqtisadi birliyin mövcudluğu, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələri də T.-nın səciyyəvi cəhətləri sayılıb. T.-nı idarə etmək üçün qəbilələrin ağsaqqallarından ibarət xüsusi şura fəaliyyət göstərib. Ən mühüm məsələləri həll etmək üçün isə xalq yığıncaqları çağırılıb. Sosial təbəqələşmə və dövlətin yaranması tədricən T.-nın dağılmasına gətirib çıxarıb. Lakin T.-nın qalıqları antik dövr və orta əsrlərdə də mövcud olub. Bəzi xalqlarda (məs.: tuareqlər) müasir dövrdə də T. münasibətləri hökm sürür.

Tarix terminləri lüğəti

taypinlər

çin. – “böyük sükunət”

Çində 1850–1864-cü illərdə mancur Tzin sülaləsinin hökmranlığına qarşı kəndli üsyanının iştirakçıları.

Xun Syusyuanın başçılıq etdiyi T. Çinin cənubunda 30 milyon insanın yaşadığı böyük əraziləri tutaraq öz dövlətlərini yaradıblar. Nankin şəhəri T. dövlətinin paytaxtı, Xun Syusyuan isə imperator elan edilib. T.-in proqramı utopik xarakter daşıyıb və ümumi bərabərliyə əsaslanan dövlətin təşəkkülünü nəzərdə tutub. Reallıqda isə onların sosial-iqtisadi siyasəti kəndlilərdən alınan torpaq icarəsi haqqının azaldılması və mülkədarların vergi yükünün artırılması ilə məhdudlaşıb. 1853–1856-cı illərdə T. Çinin mərkəzində xeyli yeni ərazilər tutublar. Lakin üsyanın rəhbərləri arasında kəskinləşən ziddiyyətlər T.-in mövqelərinin zəifləməsinə səbəb olub. Bundan istifadə edən Tzin sülaləsinin qoşunları əks-hücuma keçərək 1864-cü ildə onların, demək olar, bütün dayaq məntəqələrini ələ keçiriblər. Həmin ilin iyulunda Nankinin alınması və Xun Syusyuanın intihar etməsindən sonra üsyan yatırılıb. Lakin T.-in kiçik dəstələri 1868-ci ilə kimi müqaviməti davam etdiriblər.

Tarix terminləri lüğəti