Reklam
Reklam

Tarix terminləri lüğəti

xaqan

orx.-yen. kayan, türk. kağan, monq. xaan

Erkən orta əsrlərdə qədim türk xalqlarında dövlət başçısının titulu.

Ehtimala görə, X. (kağan) sözü böyük, ulu xan anlamını verən “kağa xan” kəlməsindən yaranıb. Bu termin farsca “şahənşah” (şahlar şahı) və latınca “imperator” məfhumlarının türk dillərindəki sinonimi sayıla bilər. Ona ilk dəfə 312-ci ildə Çin salnamələrində rast gəlinir. X. titulunu əvvəlcə jujanların başçıları daşıyıblar, VI əsrin ortalarından isə Türk xaqanlığının hökmdarları qəbul ediblər. Sonradan həmin termin Türk xaqanlığı ilə genetik bağlılığı olan digər xalqlar və dövlətlərə (avarlar, Yenisey qırğızları, peçeneqlər, xəzərlər və d.) keçib. Monqol imperiyasında ali süzeren X. titulunu daşıyıb, ondan asılı hökmdarlar isə xan adlandırılıblar. VIII əsrin sonu – IX əsrin əvvəlindən XII əsrin axırınadək Kiyev knyazları da X. titulunu daşıyıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

xaqanlıq

Türk xalqlarında hökmdarın xaqan titulu daşıdığı dövlət.

Tarixdə Avar, Hun, Türk və Xəzər X.-ları daha məşhur olub.

Tarix terminləri lüğəti

xalqçılıq

1. XIX əsrin II yarısında Rusiya inqilabi hərəkatında kəndli icmalarının rolunu idealizə edən ictimai-siyasi cərəyan və ideologiya.

Utopik sosializm ideyaları ilə iri mülkədar malikanələrinin ləğvində maraqlı olan kəndli tələblərini özündə birləşdirən X. həm təhkimçilik, həm də kapitalizmin inkişafına qarşı çıxaraq Rusiyanın “xüsusi inkişaf yolu”na malik olduğunu iddia edib. Yarandığı andan X. hərəkatı inqilabi və liberal qanadlara ayrılıb. Birinci qanadın əsas məqsədi kəndli inqilabının təşkili yolu ilə mütləqiyyətin devrilməsi olub, onun nümayəndələri XIX əsrin 60–80-ci illərində müxtəlif vasitələrlə bunu gerçəkləşdirməyə çalışıblar. Leqal fəaliyyət göstərən liberal xalqçılar isə dinc mübarizə vasitələrinə üstünlük veriblər. Lakin liberal qanad XIX əsrin 80-ci illərinədək X. hərəkatında elə də böyük rol oynamayıb. Yalnız inqilabi X. dərnəklərinin əksəriyyəti çarizm tərəfindən darmadağın edildikdən sonra liberallar önə çıxıblar.

2. Atatürkçülük ideologiyasının 6 əsas prinsipindən biri.

Atatürkçülükdə X. hər cür sosial bərabərsizliyə və silki imtiyazlara qarşı mübarizə aparmağı nəzərdə tutur, habelə Türkiyə cəmiyyətinin birliyini və xalqın suverenliyini (ali hakimiyyətin xalqa məxsus olduğunu) bəyan edir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Xalq cəbhəsi

Müxtəlif siyasi qüvvələrin və xalq kütlələrinin vahid düşmənə qarşı geniş koalisiya şəklində təşkilatlanma forması.

İlk belə təşkilatlar XX əsrin 30-cu illərində müxtəlif yönümlü siyasi partiyaların və vətəndaşların qüvvəsini faşizmə qarşı mübarizədə toparlamaq məqsədilə Fransa və İspaniyada meydana gəlib. SSRİ-nin süqutu ərəfəsində, XX əsrin 80-ci illərinin sonunda bir çox respublikalarda suverenlik uğrunda mübarizənin gedişində X.C. ideyası yenidən populyarlıq qazanıb və onların əksəriyyətində belə cəbhələr formalaşıb. Baltik respublikalarında, Azərbaycan və Ermənistanda həmin təşkilatlar hakimiyyətə də gəliblər. Lakin təcrübə göstərir ki, rəngarəng siyasi qüvvələrin konqlomeratı olan bu tip təşkilatlar yalnız ümumi düşmənə qarşı mübarizə mərhələsində səmərəli fəaliyyət göstərir, həmin məqsədə nail olunduqdan sonra isə onların daxilində fikir ayrılıqları və mərkəzdənqaçma prosesləri güclənir. Bu da son nəticədə xalq cəbhələrinin zəifləməsinə, yaxud tamamilə dağılmasına gətirib çıxarır. Hər halda, istisnasız olaraq bütün postsovet respublikalarında belə təşkilatların siyasi arenadakı hegemonluğu qısamüddətli olub.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Xalqların böyük köçü

IV–VII əsrlərdə Avropa və Asiyanın etnik-siyasi xəritəsində köklü dəyişikliklərə gətirib çıxarmış irimiqyaslı etnik yerdəyişmələrin ümumiləşdirici adı.

X.B.K.-nün başlanmasında detonator rolunu hunların təxminən 370-ci ildə Volqa çayını keçərək Avropaya doğru hərəkət etməsi oynayıb. Bundan sonra müxtəlif tayfaların – hunların, germanların, slavyanların, sarmatların, avarların və d.-nin Qərbi Roma imperiyasına mütəmadi yürüşləri başlayıb. Belə yürüşlərin gedişində həmin tayfaların bəziləri Qərbi Roma imperiyası ərazisində məskunlaşaraq orada öz dövlətlərini yaradıblar. Ayrı-ayrı mədəniyyət, dil və dinlərin toqquşması ilə müşayiət olunan X.B.K. orta əsrlər Avropasında yeni dövlət və xalqların formalaşmasının əsasını qoyub. 476-cı ildə Qərbi Roma imperiyasının süqutu X.B.K.-nün ən mühüm nəticələrindən biri sayılır.

Tarix terminləri lüğəti

xalq tribunları

lat. tribuni plebis – hərfi mənası: plebey tribunları

Qədim Romada e.ə. 494-cü ildən başlayaraq plebeylərdən seçilən ali vəzifəli şəxslər.

X.T. öncə 2 və ya 4, sonra isə 10 nəfərdən ibarət kollegiya təşkil ediblər. Bu təsisat plebeylərin hüquqlarını patrisilərin özbaşınalığından qorumaq məqsədilə yaradılıb. X.T. magistratsenatın qərarlarını ləğv etmək hüququna malik olublar. Bir il müddətinə plebey yığıncaqlarında seçilən X.T.-nın şəxsiyyəti toxunulmaz və müqəddəs sayılıb. Bu vəzifə III əsrədək mövcud olub, lakin imperiya dövründə (e.ə. 30-cu ildən) artıq nominal xarakter daşıyıb. Belə ki, həmin dövrdə adi vətəndaşların hüquqlarının əsas müdafiəçisi imperator özü sayılıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti

xalq yığıncağı

Mühüm məsələlərə dair kollegial qərarlar qəbul etmək üçün keçirilən geniş toplantı.

İbtidai icma quruluşu dövründə qəbilə və tayfaların özünüidarəetmə orqanı funksiyasını yerinə yetirən ümumi yığıncaqlara silah gəzdirmək qabiliyyəti olan bütün kişilər yığışırdılar. Tayfa başçıları və ağsaqqallar həmin toplantılarda seçilir, ən vacib problemlər – hərb və sülh məsələləri, icma üzvləri arasındakı mübahisələr və s. burada həll olunurdu. Dövlətin yaranması ilə X.Y.-ları hakimiyyət orqanlarına çevrilməyə başlayıb. Afinada e.ə. V əsrdə ayda 3–4 dəfə çağırılan X.Y. ali hakimiyyət orqanı sayılıb. 20 yaşa çatmış kişi cinsindən olan hər Afina vətəndaşının qanunlar qəbul etmək, xəzinəni nəzarətdə saxlamaq, müharibə və sülh məsələlərinə baxmaq, strateq və başqa vəzifəli şəxsləri seçmək kimi funksiyalar yerinə yetirən belə toplantılarda iştirak etmək hüququ olub. Təxminən eyni səlahiyyətlərə malik X.Y.-ları Qədim Romada komitsi, türk xalqlarında isə qurultay adlanıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti