Reklam
Reklam

Tarix terminləri lüğəti

xass

ər. – xüsusi, seçilmiş

Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq mülkiyyəti forması.

Belə torpaqlar həm hökmdar ailəsinin xüsusi mülkiyyətində olan sahələrdən (mülk), həm də X. (yaxud xas, xassə) elan edilmiş bütöv vilayətlərdən və digər ərazilərdən ibarət olub. X.-dan toplanan vergilər dövlət xəzinəsinə deyil, onu idarə edən xüsusi qurumun hesabına keçib. Osmanlı imperiyasında vəzirəmirlərin illik gəliri 100 min axçadan çox olan iri torpaq sahələri üzərində mülkiyyət forması da X. adlanıb. X. termini eyni zamanda zadəgan (əyan) anlamında – hakim təbəqəni qara camaatdan (“avam”lardan) fərqləndirmək məqsədilə işlənib.

Tarix terminləri lüğəti

Xassun mədəniyyəti

Şimali Mesopotamiyada Neolit dövrü (VII–VI minilliklər) mədəniyyəti.

Bu mədəniyyətə Mosul şəhərinin yaxınlığındakı Təl-Xassun yaşayış məntəqəsinin adı verilib. Arxeoloji qazıntılar nəticəsində X.M. tayfalarının buğda və arpa becərməklə, mal-qara saxlamaqla məşğul olduqları müəyyənləşdirilib. Burada daşdan hazırlanmış cilalı baltalar, toxalar, çaxmaqdaşından düzəldilmış oraq başlıqları və s. əmək alətləri aşkarlanıb.

Tarix terminləri lüğəti

xattlar

lat. Chatti

Qədim german tayfası.

Yuli Sezarın dövründə (e.ə. I əsrin ortaları) svevlərin, sonralar isə frankların tayfa ittifaqının tərkibində olublar. X. haqqında son məlumatlara eramızın IV əsrinə aid tarixi mənbələrdə rast gəlinir. Hesslər (müasir Almaniyanın Hessen vilayətinin adı onların adından götürülüb) X.-ın varisi hesab olunurlar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

xettlər

Tunc dövründə Kiçik Asiyada məskunlaşmış və qüdrətli Xett dövlətini (e.ə. XVIII–XII əsrlər) yaratmış xalq.

Bibliyada bu xalq dəfələrlə xatırlanır. X. özlərini “Nesili” və ya “Kanesili” adlandırıblar (Nesa (Kaniş) Kiçik Asiyanın ən qədim şəhər-dövlətlərindən biri olub). X. termini isə Xett dövlətinin əhalisi anlamında işlədilib. Bu xalqın dilinin hind-Avropa dil ailəsinin Anadolu (Xett-Luviya) qoluna mənsub olduğu ehtimal edilir. Bəzi tədqiqatçılar X.-in Kiçik Asiyaya Balkanlardan və ya Qafqazdan keçib-gəldiklərini, digərləri isə onların yerli əhali olduğunu bildirirlər. E.ə. II minilliyə aid təsviri sənət nümunələri xett mədəniyyətinin xattların, sonralar isə hürrilərin mədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində formalaşdığını göstərir. E.ə. XII əsrdə Xett dövlətinin süqutundan sonra tarixi mənbələrdə X. barədə birbaşa məlumatlara rast gəlinmir.

Tarix terminləri lüğəti

“Xeyirxah qonşuluq siyasəti”

ing. Good Neighbor policy – ifadəsinin hərfi tərcüməsi

XX əsrin 30-cu illərinin əvvəlində Franklin Ruzveltin prezidentliyi dövründə ABŞ-ın Latın Amerikası ölkələri ilə münasibətlərdə yürütdüyü xarici siyasət.

XX əsrin əvvəlində prezident Teodor Ruzvelt tərəfindən elan olunmuş “Böyük dəyənək siyasəti”ni əvəzləyən X.Q.S.-nin əsas prinsipləri Latın Amerikası ölkələrinin daxili işlərinə qarışmamaq (ing. non-interference) və onlara təcavüz etməmək (ing. non-intervention) olub. F.Ruzvelt administrasiyası ümid bəsləyirdi ki, belə siyasət region ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa və ABŞ-ın Latın Amerikası ölkələrində xeyli zəifləmiş nüfuzunu yenidən möhkəmləndirməyə kömək edəcək.

Tarix terminləri lüğəti

xələc dili

Oğuz tayfası olan xələclərin dili.

Tədqiqatçıların çoxu (V.Minorski, M.Müqəddəm, F.Zeynalov və b.) bu dili Azərbaycan dilinin dialekti sayır. Lakin onu türk dillər ailəsinə mənsub müstəqil dil hesab edənlər də (G.Dörfer və b.) var. X.D.-ndə qədim oğuz elementləri mühafizə edilib.

Tarix terminləri lüğəti

xəlifə

ər. – müavin, varis

Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icmasının dini və dünyəvi rəhbəri, eləcə də teokratik müsəlman dövlətinin (xilafətin) başçısı.

X. öncə Allahın yerdə elçisi olan Məhəmməd peyğəmbərin müavini, Əməvilər dövründən isə Allahın özünün yer üzündə nümayəndəsi hesab edilib. Lakin IX əsrdən başlayaraq X.-lər tədricən müsəlman icmasının əsas hissəsi üzərində dünyəvi hakimiyyəti itirərək sırf dini rəhbərlərə çevriliblər. Abbasilər xilafətinin süqutundan (1258) sonra isə bir çox müsəlman dövlətlərinin hökmdarları X. titulu qəbul edərək həm də bütün müsəlmanlar üzərində dini hakimiyyət iddiasında oluqlarını nümayiş etdiriblər. XVI əsrin əvvəlində Misirin fəthindən sonra X. titulunu dünya müsəlmanlarının dini rəhbəri kimi Osmanlı sultanları daşımağa başlayıblar. 1924-cü ildə Atatürk tərəfindən X.-lik ləğv edilib. Müsəlman dünyasında yeni X. seçməyə dəfələrlə cəhd göstərilsə də, bu, baş tutmayıb.

Tarix terminləri lüğəti

xəmsə

ər. – beşlik, beş vahiddən ibarət olan

1. Azərbaycanda tarixi mahal.

X., əsasən, Qarabağın dağlıq rayonlarını əhatə edib. Səfəvilər dövlətinin inzibati ərazi vahidlərindən biri olan Gəncə (Qarabağ) bəylərbəyiliyinin tabeliyindəki beş məliklik (Dizaq, Vərəndə, Çiləbörd, Gülüstan, Xaçın) ümumilikdə belə adlandırılıb.

2. İranın Fars vilayətinin şərqində yaşayan tayfa qrupu.

Bu qrup beş tayfadan ibarət olub. Onun əsasını isə oturaq həyat tərzinə keçmiş və əkinçiliklə məşğul olan türkdilli nəfər, baharlı və inanlı tayfaları təşkil edib. XIX əsrin ortalarında feodal hakimləri tərəfindən süni surətdə yaradılmış X. az sonra faktik olaraq parçalanıb.

Tarix terminləri lüğəti

xərac

ər. – mal

Orta əsrlərdə müsəlman ölkələrində dövlət tərəfindən əhalidən tutulan əsas torpaq vergisi.

X. termini ilk öncə fəth edilmiş qeyri-müsəlman əhalidən alınan hər cür vergi və qənimət anlamında işlədilərək cizyənin sinonimi olub. Sonralar islamı qəbul edənlərin sayı kəskin surətdə artdıqda dövlət gəlirlərinin azalması təhlükəsi yaranıb və X. dini mənsubiyyətindən asılı olmayaraq bütün torpaq sahibləri və icarədarlardan toplanmağa başlanıb. Onun iki forması olub: natura şəklində alınan müqasəma (torpağın keyfiyyəti və suvarma üsulundan asılı olaraq məhsulun 1/4, 1/3, yaxud 1/2 hissəsi) və əkin sahəsinin ölçülərinə görə pulla toplanan misah. Misah da, öz növbəsində, iki cür olub: əkin sahəsinin hər vahidi üzrə qabaqcadan müəyyən olunmuş tarif dərəcəsinə görə yığılan misah və becərilən bitkinin növünü, məhsuldarlığını, digər amilləri nəzərə almaqla hesablanan misah. XV əsrdən etibarən X. termini tədricən istifadədən çıxıb, onun ifadə etdiyi vergi növü isə malcəhət adlanmağa başlayıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti