Reklam
Reklam

Tarix terminləri lüğəti

dantonçular

Böyük Fransa inqilabı zamanı, 1793–1794-cü illərdə yakobinçilərin Konventdə dövlət xadimi Jorj Dantonun (1759–1794) ətrafında qruplaşmış sağ qanadı.

D. inqilabi terrorun yumşaldılması, maksimum (qiymətlərin və maaşların maksimum həddinin məcburi qaydada müəyyənləşdirilməsi) haqqında qanunun ləğvini tələb edərək hökumətə müxalif mövqedə durublar. 1794-cü ilin aprelində Danton və silahdaşları həbs olunublar, tezliklə onları inqilabi məhkəmənin hökmü ilə edam ediblər.

Tarix terminləri lüğəti

darğa

monq. daruxu – sıxmaq, daraltmaq; məcazi mənada: möhür vuran

Orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, məmur.

D.-lar (bəzi yerlərdə onlara “daruğa”, “daruğaçı” deyiblər) ehtiyac yarandıqda yerli əhalidən yardımçı hərbi hissələr də təşkil ediblər, asayişi qorumaqla və s. işlərlə məşğul olublar. Qızıl Orda dönəmində baskak adlanan D.-lar, bir qayda olaraq, hökmdarlar tərəfindən təyin ediliblər. Azərbaycanda XIII əsrdən D.-lar fəaliyyət göstəriblər. Cəlairilər, QaraqoyunlularAğqoyunlular dönəmində hər şəhər və qəsəbənin öz D.-sı olub. Səfəvilər dövründə isə onlar, maliyyə məsələləri ilə məşğul olmaqla yanaşı, asayişin qorunması, cinayətkarların cəzalandırılması kimi funksiyalar da yerinə yetiriblər. Xanlıqlar vaxtı hər mahala xan tərəfindən bir D. təyin edilib. Əhalidən D.-nın xeyrinə darğalıq vergisi tutulub.

Tarix terminləri lüğəti

darğalıq

monq. daruxu – sıxmaq, daraltmaq; məcazi mənada: möhür vuran

XVI–XIX əsrlərdə Azərbaycanda darğanın xeyrinə əhalidən yığılan vergi.

D.-ın miqdarı dəqiq olmayıb. Adətən, o, bəhrəmalcəhət vergisinin 1/5-ni təşkil edib. D., əsasən, arpa, buğda, çəltik və s. məhsullardan natural şəkildə, bəzən pulla toplanıb. İpək dəzgahı olanlar hər dəzgaha görə 1 m ipək parça D. ödəyiblər. Bazara gətirilən mallardan da D. alınıb.

Tarix terminləri lüğəti