Reklam
Reklam

Tarix terminləri lüğəti

Anqlikan kilsəsi

Protestant kilsələrdən biri, İngiltərənin dövlət kilsəsi.

XVI əsrdə Reformasiya dövründə meydana gələn A.K. idarə üsulu və ibadət qaydalarına görə katolik kilsəsinə yaxın hesab olunur. Lakin A.K. Roma papasına deyil, İngiltərə kraliçasına tabedir. Bilavasitə rəhbərliyi isə kraliça tərəfindən təyin olunan Kenterberi arxiyepiskopu həyata keçirir. İbadət ingilis dilində aparılır. Ən böyük kilsə təşkilatları İngiltərə, Şotlandiya, Uels, İrlandiya, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə fəaliyyət göstərir. Bu kilsələr arasında əlaqələr Lambet konfransları adını daşıyan “Anqlikan kilsələri ittifaqı”nın ali orqanı tərəfindən həyata keçirilir. Müasir dövrdə 70 milyondan çox insan A.K.-nin tərəfdarı hesab olunur.

Tarix terminləri lüğəti

annallar

lat. annales – illik

Qədim dövrdə və orta əsrlərdə şəhər, vilayət və ya ölkələrin həyatında il ərzində baş vermiş ən mühüm hadisələrin əks olunduğu xronologiya, salnamə.

Qədim misirlilərdə, şumerlərdə, farslarda, çinlilərdə, yunanlarda, romalılarda və b. xalqlarda A.-ın tərtib olunması ənənəsi geniş yayılıb. Orta əsrlərdə A., əsasən, monastırlarda tərtib edilib. A. qədim və orta əsrlər tarixini araşdırmaq baxımından əvəzolunmaz mənbə rolunu oynayır.

Tarix terminləri lüğəti

antiklerikalizm

yun. anti – əleyhinə + lat. clericalis – kilsə

Dinin mahiyyətinə toxunmadan cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatını, eləcə də elm və təhsil sahələrini kilsənin təsirindən azad etməyə yönəlmiş ictimai hərəkat.

Antik dövr filosofları tərəfindən ayrı-ayrı A. ideyaları irəli sürülsə də, dünyəvi bir hərəkat kimi o, İntibah dövründə formalaşıb. İlkin kapitalizm dövrünün ideoloqları cəmiyyətdə dini tolerantlığın və vicdan azadlığının bərqərar olması, kilsənin iqtisadi gücünün zəiflədilməsi və siyasi nüfuzunun sarsıdılması məqsədilə A. ideyalarından fəal şəkildə yararlanıblar.

Tarix terminləri lüğəti

antropogenez

yun. anthropos – insan + genesis – mənşə

Bioloji təkamülün tərkib hissəsi olan insanın digər hominidlər, insanabənzər meymunlar və ali məməlilər qrupundan ayrılaraq ictimai varlığa çevrilməsi, onun əmək fəaliyyəti və nitqinin yaranması, inkişafı prosesi.

Hazırda elmdə hakim olan mülahizəyə görə, A. prosesi təqribən 2 milyon il əvvəl Afrikada müasir insanın əcdadlarının avstralopitek və digər hominidlərin ən qədim növlərindən ayrılması ilə başlayıb. A.-in ən mühüm mərhələləri – əmək alətlərinin hazırlanması, odun ram edilməsi və nitqin yaranması olub. Müasir “ağıllı insan”ın (Homo sapiens) ən qədim nümayəndələri isə 400–250 min il əvvəl meydana gəlib.

Həmçinin bax:

Tarix terminləri lüğəti