Reklam
Reklam

Tarix terminləri lüğəti

xarizma

yun. charisma – ilahi mərhəməti, vergisi

Fövqəladə istedad, cazibədarlıq; başqalarında inam və etiqad doğuran xüsusi keyfiyyətlərə malik olma.

X. termini uzun əsrlər boyunca xristianlıqda “tanrının mərhəməti, ilahi vergi” anlamında işlənib. Lakin alman filosofu M.Veber (1864–1920) bu terminə politologiya və sosiologiyada yeni məna verib. M.Veberin tərifinə görə, X. elə insan xüsusiyyətidir ki, onun sayəsində fərd digər adamlardan fərqlənir, onlar tərəfindən fövqəltəbii qüvvə və keyfiyyətlərə malik şəxs kimi qəbul olunur.

Tarix terminləri lüğəti

xartistlər

yun. chartes; lat. charta – kağız, fərman

XIX əsrdə Portuqaliyda 1826-cı il konstitusiyasının (xartiyasının) bərpasını tələb edən siyasi hərəkatın nümayəndələri.

Faktik olaraq siyasi partiya kimi fəaliyyət göstərən bu hərəkatın üzvləri 1842-ci ildə hakimiyyətə gələrək öz istəklərini gerçəkləşdiriblər. XIX əsrin 50-ci illərdə X. hərəkatı əhəmiyyətini itirib və siyasi səhnəni tərk edib.

Tarix terminləri lüğəti

xartiya

yun. chartes; lat. charta – kağız, fərman

1. Perqament və ya papirus üzərində tarixi əhəmiyyətə malik, qədim əlyazma.

2. Orta əsrlərdə, habelə müasir dövrdə kütləvi-hüquqi xarakterli sənəd.

X.-larda, bir qayda olaraq, müxtəlif sosial təbəqələrin siyasi hüquq tələbləri öz əksini tapır. İngiltərədə “Böyük azadlıqlar X.-sı” (1215) və “Xalq X.-sı” (1838) buna misal ola bilər. Müasir beynəlxalq hüquqda X. məcburi qüvvəyə malik olmayan hüquqi akt sayılır və mənaca bəyannaməyə uyğun gəlir. Belə sənədlərdə hər hansı beynəlxalq saziş subyektlərinin əsas məqsədləri öz əksini tapır.

Tarix terminləri lüğəti

xass

ər. – xüsusi, seçilmiş

Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq mülkiyyəti forması.

Belə torpaqlar həm hökmdar ailəsinin xüsusi mülkiyyətində olan sahələrdən (mülk), həm də X. (yaxud xas, xassə) elan edilmiş bütöv vilayətlərdən və digər ərazilərdən ibarət olub. X.-dan toplanan vergilər dövlət xəzinəsinə deyil, onu idarə edən xüsusi qurumun hesabına keçib. Osmanlı imperiyasında vəzirəmirlərin illik gəliri 100 min axçadan çox olan iri torpaq sahələri üzərində mülkiyyət forması da X. adlanıb. X. termini eyni zamanda zadəgan (əyan) anlamında – hakim təbəqəni qara camaatdan (“avam”lardan) fərqləndirmək məqsədilə işlənib.

Tarix terminləri lüğəti

Xassun mədəniyyəti

Şimali Mesopotamiyada Neolit dövrü (VII–VI minilliklər) mədəniyyəti.

Bu mədəniyyətə Mosul şəhərinin yaxınlığındakı Təl-Xassun yaşayış məntəqəsinin adı verilib. Arxeoloji qazıntılar nəticəsində X.M. tayfalarının buğda və arpa becərməklə, mal-qara saxlamaqla məşğul olduqları müəyyənləşdirilib. Burada daşdan hazırlanmış cilalı baltalar, toxalar, çaxmaqdaşından düzəldilmış oraq başlıqları və s. əmək alətləri aşkarlanıb.

Tarix terminləri lüğəti

xattlar

lat. Chatti

Qədim german tayfası.

Yuli Sezarın dövründə (e.ə. I əsrin ortaları) svevlərin, sonralar isə frankların tayfa ittifaqının tərkibində olublar. X. haqqında son məlumatlara eramızın IV əsrinə aid tarixi mənbələrdə rast gəlinir. Hesslər (müasir Almaniyanın Hessen vilayətinin adı onların adından götürülüb) X.-ın varisi hesab olunurlar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

xettlər

Tunc dövründə Kiçik Asiyada məskunlaşmış və qüdrətli Xett dövlətini (e.ə. XVIII–XII əsrlər) yaratmış xalq.

Bibliyada bu xalq dəfələrlə xatırlanır. X. özlərini “Nesili” və ya “Kanesili” adlandırıblar (Nesa (Kaniş) Kiçik Asiyanın ən qədim şəhər-dövlətlərindən biri olub). X. termini isə Xett dövlətinin əhalisi anlamında işlədilib. Bu xalqın dilinin hind-Avropa dil ailəsinin Anadolu (Xett-Luviya) qoluna mənsub olduğu ehtimal edilir. Bəzi tədqiqatçılar X.-in Kiçik Asiyaya Balkanlardan və ya Qafqazdan keçib-gəldiklərini, digərləri isə onların yerli əhali olduğunu bildirirlər. E.ə. II minilliyə aid təsviri sənət nümunələri xett mədəniyyətinin xattların, sonralar isə hürrilərin mədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində formalaşdığını göstərir. E.ə. XII əsrdə Xett dövlətinin süqutundan sonra tarixi mənbələrdə X. barədə birbaşa məlumatlara rast gəlinmir.

Tarix terminləri lüğəti

“Xeyirxah qonşuluq siyasəti”

ing. Good Neighbor policy – ifadəsinin hərfi tərcüməsi

XX əsrin 30-cu illərinin əvvəlində Franklin Ruzveltin prezidentliyi dövründə ABŞ-ın Latın Amerikası ölkələri ilə münasibətlərdə yürütdüyü xarici siyasət.

XX əsrin əvvəlində prezident Teodor Ruzvelt tərəfindən elan olunmuş “Böyük dəyənək siyasəti”ni əvəzləyən X.Q.S.-nin əsas prinsipləri Latın Amerikası ölkələrinin daxili işlərinə qarışmamaq (ing. non-interference) və onlara təcavüz etməmək (ing. non-intervention) olub. F.Ruzvelt administrasiyası ümid bəsləyirdi ki, belə siyasət region ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa və ABŞ-ın Latın Amerikası ölkələrində xeyli zəifləmiş nüfuzunu yenidən möhkəmləndirməyə kömək edəcək.

Tarix terminləri lüğəti

xələc dili

Oğuz tayfası olan xələclərin dili.

Tədqiqatçıların çoxu (V.Minorski, M.Müqəddəm, F.Zeynalov və b.) bu dili Azərbaycan dilinin dialekti sayır. Lakin onu türk dillər ailəsinə mənsub müstəqil dil hesab edənlər də (G.Dörfer və b.) var. X.D.-ndə qədim oğuz elementləri mühafizə edilib.

Tarix terminləri lüğəti