Reklam
Reklam

Tarix terminləri lüğəti

arilər

avest. airya, hind. ā́rya, fars. ariya – etimologiyası dəqiq müəyyənləşdirilməyib, “köçəri”, “əkinçi”, “tamhüquqlu”, “azad doğulmuş” kimi müxtəlif izahları var

Hind-Avropa dil ailəsinin ari (hind-İran) qrupuna daxil olan dillərdə danışan xalqların ümumiləşdirilmiş qədim adı.

A. – e.ə. II–I minilliklərdə qədim İran və Hindistanda məskunlaşmış tarixi xalqların endoetnonimi olub. XIX əsrin əvvəllərində hind-Avropa dillərinin genetik qohumluğu sübut edildikdən sonra Avropa alimləri A. terminini yanlış olaraq qədim hind-Avropa xalqlarının ümumi endoetninimi mənasında işlətməyə başlayıblar. Az sonra A. terminindən müxtəlif irqçilik nəzəriyyələrində geniş istifadə olunmağa başlanıb və bu, nasist Almaniyasında özünün pik həddinə çatıb. Nasistlər iddia edirdilər ki, almanlar da daxil olmaqla A. xüsusi ali irqə mənsubdurlar. Bir çox coğrafi və etnik adlar A. sözündən yaranıb; məs.: müasir İranın adı (Aryànàm) – “arilər ölkəsi” mənasını verir.

Tarix terminləri lüğəti

aristokratiya

yun. aristos – əsilzadə, kübar adam, ən yaxşı + kratos – hakimiyyət

1. Dövlət hakimiyyətinin imtiyazlı kübar (aristokrat) azlığın əlində cəmləşdiyi idarəçilik forması.

A.-nın əsasında dövlətin yalnız seçilmişlər, ən yaxşılar tərəfindən idarə olunması ideyası durur. Bu idarəçilik forması həm hökmdarın təkbaşına irsi hakimiyyətinə əsaslanan monarxiyadan, həm də xalqın seçkili hakimiyyəti olan demokratiyadan fərqlənir. O bəzi antik şəhər-dövlətlərinə (Qədim Roma, Afina, Sparta və s.) xas olub. A.-nın əlamətləri orta əsr Avropa respublikalarının bəzilərində də (məs.: Venesiyada) özünü göstərir.

2. Cəmiyyətdə ali silk, imtiyazlı təbəqə (məs.: Romada patrisilər, Afinada evpatridlər).

3. Hər hansı sosial təbəqə və ya qrupun imtiyazlı yuxarı təbəqəsi (məs.: fəhlə A.-sı, maliyyə A.-sı və s.).

A. termini ilk dəfə elmi dövriyyəyə qədim yunan filosofları – Platon və Aristotel tərəfindən daxil edilib.

Tarix terminləri lüğəti

Arsax

qədim türk tayfası olan sakların adı ilə bağlı termin; hərfi mənası: igid sak, ər sak, sak kişisi

Albaniyanın (Qafqaz) tarixi vilayətlərindən biri, türk tayfalarına məxsus qədim toponim.

E.ə. II əsrdən etibarən indiki Qarabağın dağlıq bölgələri və ondan cənubda yerləşən ərazilər – Mil düzünün bir hissəsi A. adlanıb. Alban tarixçisi Musa Kalankatlının məlumatına görə, A. erkən orta əsrlərdə on iki əyalətə bölünüb. A. əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edib.

Tarix terminləri lüğəti

Asiya istehsal üsulu

Marksizmdə kapitalizməqədərki dövrdə Asiya ölkələrində mövcud olmuş ictimai quruluşun xüsusiyyətlərini ifadə etmək üçün işlədilən termin.

A.İ.Ü. ifadəsi ilk dəfə 1853-cü ildə K.Marks tərəfindən Asiyada və Qərbdəki ictimai münasibətlər arasında, xüsusən dövlətin mənşəyi və rolu sahəsində mövcud olan fərqləri qabartmaq üçün işlədilib. Marksizm A.İ.Ü.-nun iki əsas cəhətini göstərir:

1) xüsusi mülkiyyətin yoxluğu (bu, ictimai və iqtisadi münasibətlərin normal inkişafına mane olur);

2) iri suvarma sistemlərinin yaradılmasını zəruri edən coğrafi və iqlim xüsusiyyətləri.

Sonuncu cəhət mərkəzləşdirilmiş idarəçilik formasının tətbiqini tələb edərək, öz növbəsində, dövlətin rolunun kəskin surətdə artmasına, nəticə olaraq Şərq despotizminə gətirib çıxarır. Çünki nəhəng suvarma sistemlərinin inşası üçün tələb olunan böyük insan qüvvəsini və maddi ehtiyatları yalnız dövlət despotik üsullarla təmin edə bilər. A.İ.Ü.-nun mövcudluğu müasir tədqiqatçılar tərəfindən rədd edilir.

Tarix terminləri lüğəti

asteklər

endoetnonim – asteka

Meksikanın ən çoxsaylı hindu xalqı.

Yuto-astek dil ailəsinə daxil olan nauatl (naxuatl) dilində danışırlar. Antropoloji cəhətdən böyük monqoloid irqinin Amerika qrupuna daxildirlər. Ehtimallara görə, A. XII əsrdə şimaldan köç edərək Mexiko vadisində məskunlaşıblar. İlk öncə daha güclü kulua və tepanek tayfalarından asılı vəziyyətdə olublar. 1325-ci ildə Tenoçtitlan yaşayış məskəninin əsasını qoyublar (hazırda həmin ərazidə Mexiko şəhəri yerləşir). 1427-ci ildə isə digər tayfalarla ittifaqda tepanekləri məglub edən A. bütün Mexiko vadisini özlərinə tabe ediblər. Bundan sonra A. tədricən Meksika körfəzindən Sakit okeanadək uzanan Mərkəzi Meksikanın bütün ərazisində hegemon qüvvəyə çevriliblər. 1519–1521-ci illərdə ispanlar tərəfindən fəth olunublar. A. zəngin mədəniyyətə malik olublar, tibb, astronomiya və memarlıq xüsusilə yüksək səviyyədə inkişaf edib. A.-lərin inşa etdikləri möhtəşəm daş piramidalar, müxtəlif relyef və divar rəsmləri ilə bəzədilmiş düzgün həndəsi formalı məbədlər günümüzədək gəlib çatıb. A.-in yaratdıqları heykəltəraşlıq nümunələri bu gün də öz nəhəngliyi ilə insanları heyrətə gətirir. A. piktoqrafik yazıya malik olublar. Hazırda A.-in sayı 1 milyona çatır. Maraqlıdır ki, A. ispan işğallarına kimi ev heyvanları (it istisna olmaqla) saxlamayıblar və dəmirin nə olduğunu bilməyiblər.

Tarix terminləri lüğəti

Aşel mədəniyyəti

Arxeoloji dövrləşməyə görə, qədim Daş dövründə (Paleolitdə) bəşəriyyətin mədəni inkişafının ikinci (Şel mədəniyyətindən sonra) mərhələsi.

A.M.-nə aid ilk nümunələrin aşkarlandığı Fransa ərazisindəki Sent-Aşelin (fr. Saint-Acheul) adı ilə adlandırılıb. Demək olar ki, bütün Afrika ərazisində, Avropa və Asiyanın cənubunda yayılıb. A.M. 400–100 min il əvvəl mövcud olub. A.M.-nin erkən dövründə yaşamış insanların fiziki tipi pitekantropsinantroplara, son dövründə isə – neandertallara uyğun gəlir. Onların əsas məşguliyyəti ovçuluqyığıcılıq olub. Arxeoloji qazıntılar zamanı aşkarlanmış ocaq yerləri bu dövrdə insanların artıq oddan istifadə etdiklərini göstərir. Azərbaycanda A.M.-nə aid ən zəngin maddi mədəniyyət nümunələri Azıx mağarasında aşkarlanıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti