Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

“üçüncü dünya”

Qərbin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən geri qalan dünya ölkələrinə verilmiş ümumi ad.

Bu coğrafi terminin müxtəlif lüğətlərdə izahı fərqlidir. Oksford (İngiltərə) lüğətində Ü.D.-ya “Asiya, Afrika və Latın Amerikası ölkələri”ni, Marriam Vebster (ABŞ) lüğətində “kommunist və qeyri-kommunist bloklara qoşulmamış Afrika, Asiya ölkələri, habelə digər xalqlar”ı, Rusiyanın “Böyük izahlı sosioloji lüğəti”ndə “əksəriyyəti XX əsrin ortalarınadək müstəmləkə olmuş Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri”ni daxil edirlər. Terminin özü isə ilk dəfə 1952-ci ildə Fransanın “L`Jbservateur” (“Observer”) qəzetində işlədilib, ilk vaxtlar kapitalist və kommunist dünyası arasında “soyuq müharibə”də iştirak etməyən dövlətlərə aid olunub. “Soyuq müharibə” bitdikdən sonra Ü.D. anlayışının mənası da dəyişib, bu ad altında adambaşı gəliri az olan və insan inkişafında geri qalan ölkələr nəzərdə tutulmağa başlayıb.

Coğrafiya terminləri lüğəti

üfüqi diferensiasiya

lat. differentia – fərq, müxtəliflik

Landşaft tiplərinin ekvatordan qütblərə doğru qanunauyğun şəkildə dəyişməsi.

Coğrafi örtüyün Ü.D.-sına səbəb günəş enerjisinin coğrafi enliklər üzrə qeyri-bərabər paylanması, nəticədə istilik, rütubət, mineral və üzvi maddələr dövranı intensivliyinin dəyişməsidir. Günəş şüalarına perpendikulyar səth (ekvatorial enliklər) maksimal enerji alır, meyillilik artdıqca (qütblərə doğru) enerji azalır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

üfüqi miqrasiya

lat. migratio – köç, köçmə

Hidrobiontların həyat üçün əlverişli şərait tapmaq məqsədilə kütləvi surətdə (əsasən, mövsümi) yerdəyişməsi.

Bəzi en dairələrində bir çox hidrobiontlar isti mövsümün əvvəlində suyun dərinliyindən onun səthinə, yaxud sahilə doğru, kəskin soyuqlar düşəndə isə (məs.: su hövzəsi donarkən) hövzənin daha dərin qatlarına tərəf miqrasiya edirlər.

Coğrafiya terminləri lüğəti

üfüqi sirkulyasiya

lat. circulatio – fırlanma, dövretmə

1. Su hövzələrində su kütləsinin üfüqi istiqamətdə yerdəyişməsi.

Dəniz və okean sularının Ü.S.-sı səth və dərinlik axınları vasitəsilə təmin olunur. Səth sularının sirkulyasiyası atmosfer hadisələri (külək, burulğan və s.) və termik proseslərin təsiri altında, dərinlik sularının sirkulyasiyası termik proseslər nəticəsində baş verir. Bu iki axın arasında sərhəd böyük su hövzələrində orta hesabla 1500 m dərinlikdən keçir. Səth və dərinlik Ü.S.-ları arasında əlaqə şaquli sirkulyasiya mexanizmi vasitəsilə yaranır.

2. Ekvatorla qütblər arasında temperatur və təzyiq fərqinin, habelə müxtəlif atmosfer hadisələrinin təsiri altında hava kütlələrinin üfüqi istiqamətdə (külək, burulğan və s.) yerdəyişməsi.

Qütblərdən ekvatora doğru getdikcə temperatur artır və yaranmış təzyiq fərqinə görə atmosferin aşağı qatlarında hava kütlələri, əsasən, bu istiqamətdə hərəkət edir. Troposferin yuxarı qatlarında hava kütlələrinin əks istiqamətdə hərəkəti müşahidə olunur. Eyni zamanda Yerin öz oxu ətrafında fırlanması da hava kütlələrinin Ü.S.-sına təsir göstərir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

üfüqün cəhətləri

Üfüqün dörd əsas nöqtəsi: şimal, cənub, şərq, qərb.

Əsas cəhətlərdən əlavə, dörd aralıq cəhət də var: şimalla şərq arasında – şimal-şərq, şimalla qərb arasında – şimal-qərb, cənubla şərq arasında – cənub-şərq, cənubla qərb arasında – cənub-qərb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ümumcoğrafi xəritələr

Ərazinin relyefi və relyef üzərindəki obyektlər (hidroqrafik şəbəkə, bitki örtüyü, yaşayış məntəqələri, yol-rabitə qovşaqları və s.) ümumiləşdirilmiş şəkildə, heç biri xüsusi fərqləndirmədən təsvir olunan xəritələr.

Ü.X.-ə topoqrafik xəritələr də aiddir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti