Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

şabalıdı torpaqlar

Quru çöllərin zonal torpaq tipi.

Ş.T. açıq-şabalıdı, şabalıdı və tünd-şabalıdı yarımtiplərə bölünür, aşağıdan yuxarı getdikcə onlar bir-birini əvəzləyir, bitkiləri quru bozqır tiplidir. Ş.T. üçün rütubət çatışmazlığı və müxtəlif dərəcədə şoranlaşma xasdır, mexaniki tərkibi, əsasən, gilli və gillicəlidir, humusu üst qatlarda 1,5-4,5% təşkil edir, aşağı qatlarda 0,3%-dək azalır. Azərbaycanda Ş.T. düzənlik və dağətəyi sahələrdə 400-800 m yüksəkliklərdə, çəmən-şabalıdı torpaqlarla birlikdə respublika ərazisinin 20%-dən çoxunda yayılıb. Böyük və Kiçik Qafqazda, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində açıq-şabalıdı torpaqlar, Acınohurda tünd-şabalıdı torpaqlar üstünlük təşkil edir.

Coğrafiya terminləri lüğəti

şahid dağlar

Denudasiya nəticəsində aşılanmış dağların düzənlik ərazilərdə bərk süxurlardan ibarət qalıq hissələri.

Ş.D., əsasən, platoların kənar hissəsindən ayrılmış yüksəkliklərdir, onların hündürlüyü platonun ilkin hündürlüyünə uyğun gəlir. Ş.D.-a səhralarda da çox rast gəlinir. Bu dağlar geoloji yaşına görə qədim dağlar qrupuna aid olduqları üçün onların zirvələri parçalanmış, nisbətən hamar formada olur. Böyük Səhrada Əhəqqar, Tibesti və Darfur dağları Ş.D.-a aiddir.

Coğrafiya terminləri lüğəti

şaquli diferensiasiya

lat. differentia – fərq, müxtəliflik

Dağlıq ərazilərdə mütləq yüksəkliyin artması ilə əlaqədar landşaft tiplərinin qanunauyğun şəkildə dəyişməsi.

Ş.D. özünü yüksəklik şaquli olaraq artdıqca temperatur və rütubətin, yəni bütövlükdə iqlimin, habelə torpaq örtüyünün, bitki və heyvanlar aləminin, relyefəmələgətirici proseslərin və s.-nin dəyişməsində göstərir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şaquli sirkulyasiya

lat. circulatio – fırlanma, dövretmə

1. Su hövzələrində su kütləsinin şaquli istiqamətdə yerdəyişməsi.

Ş.S. su hövzəsində temperatur, şorluluq, sıxlıq fərqinin yaranması və küləyin səth sularını “qovub gətirməsi” nəticəsində baş verir. Güclü Ş.S. apvellinq (suyun qalxması) və ya sinkinq (suyun enməsi) adlanır. Dünya okeanında suların Ş.S.-sı sxemini 1845-ci ildə rus fiziki Emil Lens təklif edib.

2. Müxtəlif hündürlüklərdə temperatur və təzyiq fərqi yaranması nəticəsində hava kütlələrinin şaquli istiqamətdə yerdəyişməsi.

Ş.S. soyuq havanın isti havanı sıxışdıraraq atmosferin nisbətən yuxarı qatına qaldırması ilə əlaqədardır. İsti havanın sıxlığı daha az olur və o, yuxarı qalxaraq alçaq təzyiq sahəsi yaradır. Nisbətən soyuq alt qatda yüksək təzyiq sahəsi formalaşır. Hava ardıcıl olaraq yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şaquli termik qradiyent

yun. therme – isti + lat. gradientis – addımlayan

Şaquli istiqamətdə vahid məsafədə havanın temperaturunun dərəcələrlə dəyişməsi.

Troposferdə Ş.T.Q. orta hesabla hər 100 m-də 0,6°C-yə bərabərdir. Hava axınlarından, küləyin gücündən və s.-dən asılı olaraq bu rəqəm fərqlənə bilər. Yuxarı qalxdıqca havanın temperaturunun aşağı düşməsi müsbət, əksinə, artması (temperatur inversiyası) – mənfi Ş.T.Q. hesab olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şar

rus. şar – kürə

Rusiyanın Avropa hissəsinin şimalında materiklə ada və ya adalar arasında boğazlara, bəzən çay qollarına verilən ad.

Məsələn, Novaya Zemlya adaları arasında yerləşən Matoçkin Ş. Rusiyanın coğrafi və etimoloji lüğətlərində terminin mənşəyi barədə məlumat verilmir. Lakin elmi ədəbiyyatda onun Skandinaviya dillərində “dənizdə qaya, kiçik ada, girintili-çıxıntılı ada sahili” mənasında işlədilən “şar” (Skar, Skaer, Skjaer) sözündən götürüldüyü ehtimalı irəli sürülür.

Coğrafiya terminləri lüğəti

şeh

Gecə və səhər tezdən isti havanın şeh nöqtəsinə qədər soyuması nəticəsində Yer səthinə, əşyaların üstünə çökən xırda su damcısı.

Küləksiz və aydın havada Ş. daha çox düşür. Mülayim enliklərdə Ş. gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı yaradır.

Coğrafiya terminləri lüğəti

şeh nöqtəsi

Atmosferdə təzyiq və su buxarının miqdarı dəyişmədən bu buxar doyana və şehə çevrilənədək havanın soyuması üçün lazım olan temperatur.

Əgər atmosferdə nisbi rütubətlilik 100%-dən azdırsa, Ş.N. havanın temperaturundan aşağı, nisbi rütubətlilik 100%-dirsə, Ş.N. havanın temperaturuna bərabər olur.

Coğrafiya terminləri lüğəti

şelf

ing. shelf – taxça, dayazlıq

Geoloji cəhətdən materikin dənizə doğru davam edən, zəif meyilli düzənlik hissəsi.

Ş. materikin suyun altı ilə uzanan kənar sahəsidir. Onun sərhədi dəniz sahilindən başlanır və adətən, 200 m dərinlikdə – materik yamacında bitir. Ş. Dünya okeanının ümumi sahəsinin təxminən 8%-ni (27,5 mln. km2) təşkil edir və onun ən məhsuldar hissəsidir: dəniz məhsullarının 90%-ə qədəri, neft, qaz kimi faydalı qazıntıların əksəriyyəti məhz burada hasil olunur. Dünyanın ən geniş Ş. zonası Şimal Buzlu okeanı dənizlərində (Laptevlər, Kara, Barens və s.) yerləşir. Bəzi sahillərdə, məsələn, Cənubi Amerikanın Sakit okean sahillərində isə Ş. zonası ümumiyyətlə yoxdur.

Coğrafiya terminləri lüğəti

şelf buzlağı

Geniş, qalınlığı 300-350 m olan, materik buzundan ayrılan və həmin materik şelfində (materik dayazlığında) yerləşən nəhəng buz kütləsi.

Ən böyük Ş.B. Antarktidada Ross adasında yerləşən Ş.B.-dır (sahəsi 500 min km2-dən çoxdur). Ş.B. parçalandıqda ondan stolvarı aysberqlər əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

şelf dənizi

ing. shelf – dayazlıq

Şelf sahəsində – materik dayazlığında yerləşən, dərinliyi 200 m-dən çox olmayan (nadir halda 400 m-ə qədər) dənizlər; məs.: Kara, Barens, Laptevlər, Sarı dəniz.

Coğrafiya terminləri lüğəti

şəhər

Əhalisinin əksəriyyəti sənayedə, ticarətdə, elm, mədəniyyət, sosial xidmət, idarəetmə və digər qeyri-istehsal sahələrində çalışan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzinə çevrilmiş iri yaşayış məntəqəsi.

Bir sıra ölkələrdə Ş.-ləri həm də orada yaşayan insanların sayına görə müəyyənləşdirirlər; məsələn, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yaşayış məntəqəsinin Ş. statusu alması üçün onun əhalisi 15.000 nəfərdən artıq olmalıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti