Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

biotop

yun. bios – həyat + yun. topos – yer

Müəyyən biosenozun məskən saldığı sahə, ərazi.

B. tərkibindəki minerallar və üzvi maddələrlə, temperaturu, rütubətliliyi, işıqlanma dərəcəsi, təzyiqi ilə, həmçinin mühitin turşuluğu, mexaniki və fiziki xassələri ilə xarakterizə edilir. B.-lar bərk (torpaq, dənizin dibi), maye (su) və qaz halında (atmosfer) olur.

Coğrafiya terminləri lüğəti

bitki örtüyü

Yer kürəsində, yaxud onun müəyyən hissəsində yayılmış bütün bitki növlərinin cəmi.

B.Ö. biosferin tərkib hissəsidir. Ekvatordan qütblərə doğru iqlim, torpaq, digər coğrafi amillər zonallıq qanununa uyğun olaraq dəyişdiyi kimi, B.Ö. də müvafiq surətdə dəyişir (tundra, tayqa, meşə-çöl, səhra və s.). Dağlıq zonada B.Ö. tipləri bir-birini şaquli zonallıq qanununa uyğun şəkildə əvəzləyir. B.Ö.-nün müxtəlif təsnifat formaları var. Yaşayış mühitinə görə onlar hiqrofit, mezofit, kserofit, halofit və s., həyat formalarına görə ağac, kol, ot və bu kimi qruplara bölünür.

Coğrafiya terminləri lüğəti

boğaz

İki quru sahəni bir-birindən ayıran və ya iki su hövzəsini birləşdirən ensiz su zolağı.

B.-lar bərzəxlərin əksidir: onlar materikləri, adaları, ada və materiki ayırır, eyni zamanda okeanları, onların ayrı-ayrı hissələrini, dənizləri, dəniz və okeanı birləşdirir; məsələn, Berinq B.-ı Asiya ilə Şimali Amerika qitəsini bir-birindən ayırır, Şimal Buzlu okean ilə Sakit okeanı birləşdirir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

boreal

lat. borealis – şimal

Şimal yarımkürəsində mülayim enliklərin (təxminən 40°-60° şm.e. arasında) təbii şəraitinə uyğun olan; məs.: boreal ərazi, boreal iqlim, boreal zona.

Coğrafiya terminləri lüğəti

boreal iqlim

Qarlı qışı və nisbətən qısa isti yayı ilə seçilən mülayim enliklərin iqlimi.

Bu zonanın okeandan uzaq olan əksər hissəsi kontinental iqlim tipinə malikdir. B.İ. ilin “qar və meşə iqlimi”dir: tayqa və enliyarpaqlı meşələr landşaftı ona daha uyğun gəlir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

boreal zona

lat. borealis – şimal + yun. zone – qurşaq

Şimal yarımkürəsində mülayim qurşaqda soyuq qışı və isti yayı ilə seçilən geniş təbii zona.

Avrasiyada Baltikyanı ərazilərdən Oxot dənizinədək, Şimali Amerikada Atlantik okeanından Sakit okeanadək böyük sahəni əhatə edir. Bu zonanın əksər hissəsində illik atmosfer yağıntıları buxarlanmanı üstələyir və burada iynəyarpaqlı meşələr daha çox yayılıb.

Coğrafiya terminləri lüğəti

boz torpaqlar

Səhra və bozqır zonalarının boz rəngli torpaq tipi.

B.T. Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Avrasiyanın isti və quru iqlim şəraitinə malik ərazilərində daha geniş yayılıb. Belə ərazilərdə yağıntıların əsas hissəsi ilkin yaz və payız aylarında düşür, illik miqdarı isə 110-230 mm arasında dəyişir. İllik buxarlanma yağıntının miqdarından bir neçə dəfə yüksək olur. B.T.-ın yayıldığı ərazilər üçün yovşan-efemer bitki qruplaşmaları səciyyəvidir. Bitki örtüyü seyrəkdir və humusun əmələ gəlməsi üçün kifayət qədər üzvi maddə vermir. B.T.-ın üst qatında humusun miqdarı 1,5-2,0% arasında dəyişir. Azərbaycanda B.T.-da, əsasən, pambıq, qismən taxıl, tərəvəz və s. əkilir. Respublikanın qışlaqlarının əksəriyyəti də B.T. zonasında yerləşir.

Coğrafiya terminləri lüğəti

bozqır

türkcə

Avrasiya materikinin arid kontinental iqlim zonasında susuz, ot bitkilərindən ibarət meşəsiz ərazi.

Mahiyyət etibarilə B. çölün sinonimidir, lakin bəzi xüsusiyyətlərinə görə digər çöllərdən (pampa, preri, step, lyanos) fərqləndiyi üçün onun bir forması hesab edilə bilər. Burada yarımsəhra – B. bitkiləri (yovşan, bozqır pişikquyruğu, çobantoxmağı və s.), çim əmələ gətirən taxıl otları yayılıb. Ağac və kol növlərindən tək-tək, yaxud qrup halında bitən qaratikan, ardıc, dağdağan, iydəyarpaq armud və badama rast gəlinir. B.-dan otlaq kimi, bəzən isə kənd təsərrüfatı bitkiləri əkmək üçün istifadə olunur. B.-lar Azərbaycanda, əsasən, Böyük Qafqazda – Bozqır yayla ərazisində və Kiçik Qafqazın dağətəyi, orta dağ-meşə zonalarında yayılıb. Türkiyədə də B.-a çox rast gəlinir. Hətta Türkiyənin Konya vilayətində B. inzibati ərazi vahidi və şəhər adıdır.

Coğrafiya terminləri lüğəti