Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

göy gurultusu

Atmosferdə elektrik boşalması hadisəsini (ildırım) müşayiət edən səs.

İldırımın yolunda on minlərlə dərəcəyədək qızan havanın təzyiqi ani olaraq kəskin artır, o, dalğavarı hərəkətə gəlir (rəqs edir) və nəticədə gurultu yaranır. G.G.-nun səsi 120 desibelədək yüksələ bilər, bəzən ildırımın özü gözlə görünmədiyi halda, səsi uzaqdan eşidilir.

Coğrafiya terminləri lüğəti

göyqurşağı

İşığın atmosferdəki su damlacıqlarından sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə.

G. spektrin rənglərindən ibarət qövs, yarımdairə formasında gözə görünür. Bəzən G. iki, üç qövsdən də ibarət olur.

Coğrafiya terminləri lüğəti

gümüşü buludlar

Mezosferdə, əsasən, yayda müşahidə edilən nazik, parlaq, gümüşü rəngli buludlar.

G.B. çox böyük hündürlükdə, adətən, yüksək sürətlə hərəkət edir. Onlar seyrək buz kristallarından ibarətdir, eyni zamanda G.B.-da vulkanik tozların və kosmik tozcuqların olduğu da fərz edilir.

Coğrafiya terminləri lüğəti

günbəzli vulkan

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Yerin dərinliyindən (maqma kamerasından) qalxan qatı maqmanın yamaclara axa bilmədən vulkanın ağızlığında günbəz şəklində donub-qalması nəticəsində yaranan relyef forması.

Fəaliyyətdə olan G.V.-ın boğazı maqma ilə tutulmuş olur, toplanan qazlar vaxtaşırı bu “tıxacı” kənara atır və yeni günbəz formalaşır (məs.: ABŞ-da Sent-Helens vulkanı).

See also:

Coğrafiya terminləri lüğəti

gündönümü

Günəşin ekvator xəttindən ən uzaq məsafədə olduğu an.

İldə iki dəfə təkrar olunur və həmin andan Yerin Şimal və Cənub yarımkürələrində gün qısalmağa və gecə uzanmağa başlayır, yaxud əks proses baş verir.

See also:

Coğrafiya terminləri lüğəti

gündüz

Günəşin üfüq xətti üzərində – səmada olduğu müddət.

G.-ün uzunluğu ancaq ekvatorda ilboyu 12 saata bərabərdir. Qalan coğrafi en dairələrində isə G. yalnız gecə-gündüz bərabərliyi tarixlərində (21 mart və 23 sentyabrda) 12 saat davam edir. En dairəsindən asılı olaraq G.-ün uzunluğu fəsillər üzrə 0-dan 186 günədək dəyişir. Azərbaycanın yerləşdiyi Şimal yarımkürəsində ən uzun G. iyunun 22-də (Bakıda – 15 saat 7 dəqiqə), ən qısa G. dekabrın 22-də (Bakıda 9 saat 14 dəqiqə) müşahidə edilir.

See also:

Coğrafiya terminləri lüğəti

Günəş

Günəş sisteminin mərkəzində yerləşən, sarı cırtdan tipinə aid olan ulduz.

Bu sistemin bütün cisimləri, o cümlədən Yer həmin ulduzun ətrafında fırlanır. G. özü də saniyədə 220 km sürətlə Südyolu qalaktikasının qollarından birində hərəkət edir. G.-in yuxarı qatlarının kimyəvi tərkibi hidrogendən, heliumdan və az miqdarda digər elementlərdən ibarətdir, onun səthində temperatur 6000°C-yə qədərdir. G.-in enerji mənbəyi temperaturu 15 mln. °C-yə çatan nüvəsində hidrogenin heliuma çevrilməsi prosesidir. Onun təxminən 4,5-4,6 mlrd. il yaşı olduğu, hidrogen ehtiyatının hələ 5 mlrd. il də işıq saçmağa imkan verdiyi güman edilir. Yer kürəsində canlı həyatın mövcudluğu məhz G. enerjisi ilə bağlıdır. G. işığı və istiliyi Yer üzündə bütün proseslərin enerji mənbəyidir.

See also:

Coğrafiya terminləri lüğəti

günəş fəallığı

Günəşin səthində və atmosferində baş verən dəyişikliklərin məcmusu.

G.F. partlayışlar, Günəş ləkələri, məşəllər və s. formalarda təzahür edir. Bu fəallıq Yer atmosferinin həm üst, həm də alt qatlarında qazların ionlaşması, maqnit burulğanları, havanın və iqlimin dəyişməsi kimi proseslərə səbəb olur.

Coğrafiya terminləri lüğəti