Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

hasilat sənayesi

Yerin daxilindən, səthindən, sudan müxtəlif növ xammal və enerji hasil edən istehsal sahələrinin cəmi.

H.S.-nə faydalı qazıntılar hasilatı, dəniz məhsulları hasilatı, oduncaq tədarükü və bu kimi sahələr daxildir. H.S. məhsullarından, əsasən, emal sənayesində xammal kimi istifadə edilir, həmçinin ərzaq məhsulları hazırlanır. Azərbaycanda H.S. sahələri arasında neft-qaz sənayesi, dağ-mədən sənayesi, balıqçılıq daha yaxşı inkişaf edib.

Coğrafiya terminləri lüğəti

hava

1. Yerin atmosferini təşkil edən mürəkkəb qaz qatışığı.

H. canlı orqanizmlərin nəfəs aldıqları mühitdir. Quru H. azotdan (78,08%), oksigendən (20,95%), arqondan (0,93%), karbon qazından (0,03%) və təsirsiz qazlardan (0,01%) ibarətdir. Real şəraitdə H.-da həmişə su buxarı (0,2-2,6%-dək), milyon tonlarla aerozol hissəcikləri (toz, bitki sporları, duz kristalları, his və s.) olur. İonosferdə oksigen və azot molekullarının bir hissəsi ionlara (müsbət və mənfi) parçalanır. Ekzosferdə isə, əsasən, helium və hidrogen, habelə ayrı-ayrı proton və elektronlar üstünlük təşkil edir.

2. Müəyyən vaxtda troposferin aşağı qatlarının fiziki vəziyyəti.

H. gecə-gündüzdən, ay və fəsillərdən asılı olaraq dəyişir.

Coğrafiya terminləri lüğəti

hava axını

Müəyyən sahədə hava kütlələrini hərəkətə gətirən küləklər sistemi.

H.A.-larının həmişə konkret formalaşma səbəbləri və mərkəzləri olur. Onlar, adətən yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru hərəkət edir. Günəş enerjisinin yayılması, Yerin öz oxu ətrafında fırlanması, Yer səthinin relyef müxtəlifliyi H.A.-larının istiqamətinə, gücünə, sürətinə təsir göstərir. Tropik enliklərdə və musson iqlim şəraitində H.A.-ları digər enliklərə nisbətən daha dayanıqlı və geniş olur. İrimiqyaslı H.A.-ları ilə yanaşı, atmosferin Yer səthinə yaxın qatlarında temperatur fərqlərindən asılı olaraq kiçik ərazilərdə də az dayanıqlı, tez sakitləşən H.A.-ları (məsələn, briz) yaranır.

See also:

Coğrafiya terminləri lüğəti

hava kütlələri

Troposferin böyük ölçülərə malik eyni tipli hissələri.

H.K.-nin horizontal ölçüləri materikokeanların sahələrinə uyğun gəlir. Onlar atmosfer cəbhələri vasitəsilə bir-birindən ayrılır. Atmosferin ümumi sirkulyasiyasının (dövranının) tərkib hissələri kimi H.K. yerlərini dəyişərək böyük ərazilərdə hava şəraitini müəyyənləşdirir. Fiziki xassələrinə görə onlar ekvatorial, tropik, mülayim, arktikantarktik tiplərə ayrılır. H.K. dəniz və quru səthi üzərində formalaşdıqları üçün eyni zamanda dəniz və kontinental tiplərə də bölünür. Kontinental H.K. quru və yağıntısız, dəniz H.K. isə rütubətli olur.

Coğrafiya terminləri lüğəti

hava proqnozu

yun. prognosis – öncəgörmə

İrimiqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında öncədən irəli sürülən elmi mülahizə.

H.P. görüləcək işləri planlaşdırmağa, xalq təsərrüfatının ayrı-ayrı sahələrinə çətinliklər törədən və əhalinin təhlükəsizliyini qorxu altına alan atmosfer hadisələrinə (tufan, çovğun, fırtına və s.) qabaqcadan hazırlaşmağa imkan verir. H.P. sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur.

Coğrafiya terminləri lüğəti

hava rejimi

lat. regimen – idarəetmə

Ekosistematmosferin və onun qazlarının xarakterik hərəkətli vəziyyəti.

Hər bir ekosistemdə coğrafi enlikdən, mövsümdən, landşaftdan, hava kütlələrinin axınından və s.-dən asılı olaraq qısa müddət üçün dəyişkən, uzun müddət üçün dayanıqlı H.R. formalaşır. Lakin bir sıra faktorlar (təbii fəlakətlər, antropogen təsir) bəzən bu dayanıqlığın pozulmasına səbəb olur.

See also:

Coğrafiya terminləri lüğəti

havanın temperaturu

lat. temperatura < temperatio – normal vəziyyət

Havanın istilik vəziyyətini – qızma dərəcəsini xarakterizə edən mühüm göstərici.

Fiziki mənada H.T. – havada molekulyar hərəkətin törətdiyi kinetik enerjidir. Meteoroloji müşahidələr zamanı Yerin quru səthi üzərində H.T. 2 m hündürlükdə xüsusi qutuda yerləşdirilmiş termometr və ya termoqraf cihazları vasitəsilə ölçülür. Atmosferin yüksək qatlarında H.T.-nu ölçmək üçünsə həmin qatlara qaldırılmış meteoroqraflardan, radiozondlardan istifadə olunur. H.T. iqlimi müəyyənləşdirən ən mühüm göstəricilərdəndir. O, məkan və zamandan asılı olaraq bir çox faktorların təsiri altında daim dəyişir. Günəş radiasiyası, hava kütlələrinin yerdəyişməsi bu faktorlardan ən əhəmiyyətliləridir.

Coğrafiya terminləri lüğəti