Reklam
Reklam

Tarix terminləri lüğəti

naib

ər. – əvəz edən, müavin

1. Orta əsr müsəlman dövlətlərində (Ərəb xilafəti, Qızıl Orda və s.) əyalət hakimi.

2. Azərbaycan xanlıqlarında mahal hakimi.

3. Osmanlı dövlətində əsasən şəriət məhkəməsinin hakimi, baş qazının müavini funksiyasını yerinə yetirən şəxs.

4. XIX əsrdə Şimali Qafqaz xalqlarının Rusiyaya qarşı azadlıq mücadiləsi dövründə Şeyx Şamilin müəyyən ərazilərdə hərbi-inzibati hakimiyyəti həyata keçirən müvəkkili.

5. Müasir dövrdə Şərqin bir sıra müsəlman ölkələrində hər hansı vəzifəli şəxsin və ya dini xadimin müavini, bəzi yerlərdə polis rəisi, kənd icmasının rəhbəri.

Tarix terminləri lüğəti

nahiyə

ər. – yan tərəf, kənar, qonşu

Rusiya imperiyasında qəzadan kiçik inzibati-ərazi vahidi.

Rusiyada XVIII əsrin əvvəlindən tətbiq olunan inzibati-ərazi sisteminə görə, hər qəza bir neçə N.-yə (volosta) bölünüb. Bu sistem Azərbaycanda XIX əsrin 40-cı illərindən tətbiq edilib. 1917-ci ildə çarizmin devrilməsindən sonra da N. inzibati-ərazi vahidi kimi həm AXC (1918–1920) dövründə, həm də sovetləşmənin ilkin mərhələsində mövcud olub. 1929-cu ildə SSRİ-nin inzibati-ərazi sistemində həyata keçirilən islahatlar zamanı N.-lər də ləğv edilib.

Tarix terminləri lüğəti

namaz

türk. namaz, fars. nəmaz, ər. səlat – hərfi mənası: dua

İslamın əsas ibadətlərindən biri və müsəlmanlığın beş şərtindən ikincisi.

N. məsciddə, evdə, açıq havada və s. yerlərdə icra oluna bilər. İbadətin vaxtı azanla bildirilir. N. qılmazdan əvvəl dəstəmaz alınır. N. qılan şəxs üzünü qibləyə tərəf çevirir və Qurandan müəyyən surələr oxuyur. Şəriətə görə, müsəlmanlar gündə beş dəfə N. qılırlar: sübh (fəcr) N.-ı, zöhr N.-ı, əsr N.-ı, şam (məğrib) N.-ı və işa N.-ı. Lakin şiələr zöhr və əsr, eləcə də şam və işa N.-larını bir yerdə qıldıqları üçün gündə üç dəfə N.-a dururlar. Şiələrlə sünnilərin ibadət qaydalarında başqa fərqlər də var. Gündəlik N.-dan əlavə, cümə və bayram N.-ları, habelə müəyyən niyyətlərlə əlaqədar qılınan N.-lar da olur.

Tarix terminləri lüğəti

namazlıq

Xalça növü.

O, üstündə namaz qılındığı üçün belə adlanıb, “mehrabı”, “taqi”, “səccadə” və s. adlarla da tanınıb. N.-ın yuxarı hissəsində əl və baş qoymaq üçün yerlər – kiçik tağ qurşağı yaradılır. Biradamlıq N.-larla yanaşı, kütləvi namaz qılmaq üçün nəzərdə tutulmuş 30-40 tağlı (30–40 adamlıq) N.-lar da olur. Müsəlman dünyasında Təbrizdə toxunan N.-lar xüsusilə yüksək qiymətləndirilir.

Tarix terminləri lüğəti

nasional-sosializm

alm. Nationalsozialismus

Sosializm və ifrat millətçilik (irqçilik) ideyalarını özündə birləşdirən ideologiya, siyasi hərəkat və hakimiyyət sistemi.

N-S.-in məqsədi geniş ərazilərdə “ari irqi” nümayəndələrinin hakim mövqe tutduğu bir dövlətin (“minillik reyx”in) yaradılması olub. N-S. Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının (ANSFP) rəsmi ideologiyası kimi qəbul edilib. ANSFP 1933-cü ildə hakimiyyətə gəldikdən sonra isə o, 1945-ci ilədək Almaniya dövlətinin rəsmi ideologiyasına çevrilib. Kommunist ideologiyası ilə birlikdə N.-S. XX əsrdə totalitarizmin iki ən geniş yayılmış forması sayılır.

Tarix terminləri lüğəti

natural təsərrüfat

İstehsal prosesi satış üçün məhsul hazırlamağa deyil, istehlakçının şəxsi tələbatını ödəməyə yönəldilmiş təsərrüfat tipi.

N.T. insanların təsərrüfat fəaliyyətinin ilk tarixi tipidir və ibtidai icma quruluşunun bərqərar olduğu dövrdə yaranıb. Mübadilə və əmtəə-pul münasibətlərinin inkişafına baxmayaraq, N.T. quldarlıq və feodalizm cəmiyyətlərində də öz hakim mövqeyini saxlaya bilib. Qapalılıq, məhdudluq, istehsalın dağınıqlığı və zəif inkişaf tempi N.T.-ın ən səciyyəvi cəhətləri sayılır. Kapitalizmin təşəkkülü ilə əlaqədar N.T. tədricən əmtəə təsərrüfatı ilə əvəzlənib.

Tarix terminləri lüğəti

Nazirlər Kabineti

Bir çox dünya dövlətlərində, eləcə də Azərbaycanda hökumətin rəsmi adı.

N.K.-nin başçısı baş nazir (Böyük Britaniya, Yaponiya, Hindistan, Azərbaycan və s.), yaxud dövlət rəhbəri (ABŞ, Zambiya, Keniya və s.) olur.

See also:

Tarix terminləri lüğəti