Reklam
Reklam

Tarix terminləri lüğəti

vassallıq

fr. vassalite < lat. vassus – xidmətçi, qulluqçu

Orta əsrlərdə bir feodalın (vassalın) digər feodaldan (senyordan, süzerendən) şəxsi asılılıq sistemi.

V. bir institut kimi VIII–IX əsrlərdə Frank dövlətində formalaşıb. Burada kral və iri feodallar onlara qulluq edənlərə torpaq, əmlak, yaxud başqa gəlir mənbəyi veriblər. Əvəzində vassal öz senyoruna (süzereninə) hərbi xidmət göstərməli olub. V.-ın maddi əsasını əksər hallarda torpaq münasibətləri təşkil edib. Əvvəllər vassallara ömürlük verilən torpaqlar (benefisilər) tədricən şərti irsi malikanəyə (feod, len) çevrilib. İri feodallar ali senyorun – kralın vassalı olublar və ondan aldıqları böyük malikanələrdən özlərinin vassallarına – xırda feodallara torpaq bağışlayıblar.

Tarix terminləri lüğəti

vayşilər

Qədim Hindistanda 4 əsas silkdən (varnadan) biri.

Brahmanlarkşatralarla yanaşı, V. tamhüquqlu varna olublar. Bu silkə azad icma üzvləri – əkinçilər və maldarlar, eləcə də sənətkarlar və tacirlər daxil ediliblər. Eramızın ilk əsrlərindən başlayaraq feodalizmin inkişafı ilə əlaqədar əkinçilər tədricən asılı kəndlilərə çevriliblər və şudralara (qeyri-bərabər hüquqlu silk) aid olunublar. Bundan sonra yalnız tacirlər V. adlandırılıblar.

Tarix terminləri lüğəti

veçe

slav. вет – şura

Qədim və orta əsr rus şəhərlərində ümumi məsələləri müzakirə etmək üçün çağırılan xalq yığıncağı.

V. slavyanların tayfa yığıncaqları əsasında formalaşıb. Kiyev Rus dövlətinin yaranmasından sonra feodal əyanlar ondan knyazın hakimiyyətini məhdudlaşdırmaq məqsədilə istifadə ediblər. Feodal pərakəndəliyi dövründə (XI əsrin II yarısı – XII əsr) knyaz hakimiyyətinin zəifləməsi ilə V.-lərin rolu xüsusilə artıb: müharibə və sülh, sərkərdə və knyazların dəyişdirilməsi kimi məsələlər burada həll olunub. Monqol istilalarının ardınca – XIV əsrin axırlarına yaxın əksər rus şəhərlərində V.-lərin çağırılması dayandırılıb. Sonuncu belə xalq yığıncaqları Novqorod (1478-ci ilədək) və Pskovda (1510-cu ilədək) fəaliyyət göstərib.

Tarix terminləri lüğəti

veda dini

sanskr. veda – bilik

Brahmanizmdən əvvəl mövcud olmuş, hinduizmin formalaşmasının ilkin mərhələsinə xas dini baxışlar sistemi.

V.D. müasir Hindistan ərazisində e.ə. II minilliyin ortalarından başlayaraq inkişaf edib. Onun ən xarakterik cəhəti təbiət qüvvələrinin ilahiləşdirilməsi (əksər hallarda mifik obrazlarda) olub. Eyni zamanda bu dində müxtəlif magiya mərasimlərinə mühüm yer ayrılıb. V.D. panteonunun ən çox pərəstiş edilən allahları – Varuna, İndra, Aqni və Soma sayılıblar. Onu öyrənmək üçün yeganə mənbə erkən vedalar hesab olunur.

See also:

Tarix terminləri lüğəti

vedalar

sanskr. veda – bilik

Qədim hind ədəbi abidələri.

Onlar e.ə. II minilliyin sonu – I minilliyin ilk yarısında veda dilində qələmə alınıb. V.-lar 4 məcmuədən (Riqveda, Samaveda, Yacurveda, Atxarvaveda) ibarət olub. Bu məcmuələrdən ən qədimi Riqvedadır (e.ə. XI–X əsrlər). Brahmanizmin müqəddəs mətnləri sayılan V. eyniadlı dinin ardıcılları tərəfindən ilahi vəhy kimi qəbul edilib. Riqvedada allahlar tərənnüm edilir. Samavedanın nəğmələri bayram təntənələri və qurbanvermə mərasimlərində oxunur. Yacurvedada dua və qurban mərasimi qaydaları əks olunub. Atxarvavedada isə şər qüvvələrə qarşı kahin əfsunları toplanıb.

See also:

Tarix terminləri lüğəti

vermaxt

alm. Wehrmacht < wehr – silah, müdafiə + macht – qüvvə

1935–1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələri.

O, reyxsverin bazasında yaradılıb. 1935-ci il martın 16-da ümumi hərbi mükəlləfiyyətin tətbiqindən sonra reyxsver V. adlandırılıb. Ali baş komandanın rəhbərlik etdiyi V.-ın tərkibinə quru qoşunları (das Heer), hərbi hava qüvvələri (die Luftwaffe) və hərbi-dəniz qüvvələri (die Kriegsmarine) daxil olub. Nasist Almaniyasında silahlı qüvvələrin dəyişməz ali baş komandanı reyxskansler A.Hitler olub. II Dünya müharibəsi (1939–1945) ərəfəsində V.-ın şəxsi heyətinin sayı 3 milyon nəfər olub, 1943-cü ilin dekabrında isə maksimal həddə – 11 milyon nəfərə çatıb.

Tarix terminləri lüğəti

vestqotlar

lat. Visigothi

Qotların qərb qolu olan german tayfası.

Bəzi qədim mənbələrdə bu tayfa viziqotlar, tervinqlər də adlandırılıb. Eramızın III–IV əsrlərində Dnestrlə Dunay çayının mənsəbi arasındakı ərazilərdə məskunlaşmış V. 370-ci illərdən başlayaraq Xalqların böyük köçündə iştirak ediblər, hunların təzyiqi altında qərbə doğru hərəkət edərək 418-ci ildə Cənubi Qalliyada ilk barbar krallığının əsasını qoyublar. V əsrin II yarısında onlar İspaniyanın xeyli hissəsini ələ keçiriblər, 507-ci ildə franklar Cənubi Qalliyanı tutduqdan sonra isə həmin torpaqlar Vestqot krallığı ərazisinin əsasını təşkil edib. VI əsrin ortalarında krallığın paytaxtı Toledo şəhəri olub. V. bu krallıqda hakim etnik qrup olsalar da, tədricən yerli əhali – ispanlarla qaynayıb-qarışaraq assimilyasiyaya məruz qalıblar. 711–718-ci illərdə Vestqot krallığı ərəblər tərəfindən işğal olunub.

Tarix terminləri lüğəti

veteran

lat. veteranus < vetus – qoca, sınanmış

1. Qədim Romada xidmət müddətini bitirmiş əsgər.

V.-lara İtaliyada və ya provinsiyalarda torpaq sahəsi verilib, onlar pulla mükafatlandırılıblar və mükəlləfiyyətlərdən azad olunublar. V.-lar Roma vətəndaşlığı almaq hüququ qazanıblar.

2. Keçmiş döyüşçü; müharibə iştirakçısı olmuş şəxs.

3. Məcazi mənada: hər hansı sahədə uzun müddət çalışmış insana aid edilən termin.

Tarix terminləri lüğəti

veto

lat. veto – qadağan edirəm

Hər hansı şəxsin, yaxud şəxslər qrupunun birtərəfli qaydada bu və ya digər qərarın qəbulunun qarşısını almaq səlahiyyəti.

Bu termin Qədim Romada yaranıb, ilk vaxtlar o məhz Roma magistratının digər magistratın qərarına və fəaliyyətinə müdaxilə hüququ anlamını verib. Xalq tribunlarının V. hüququ xüsusi əhəmiyyət kəsb edib, belə ki, onların konsulların və senatın plebeylərə aid sərəncamlarını ləğv etmək səlahiyyəti olub. Müasir dövrdə bir çox ölkələrdə dövlət başçısının qanunverici orqanın qəbul etdiyi normativ sənədi imzalamaqdan imtina, yəni V. hüququ var. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Çin, Fransa, Böyük Britaniya və Rusiya) həmin qurumun istənilən qərarına V. qoymaqla onun qəbulunu əngəlləyə bilər.

Tarix terminləri lüğəti