Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dərə

Yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meyilli relyef forması.

D., əsasən, axar suların eroziya fəaliyyəti, bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində yaranır. Bu relyef formasının başlıca morfoloji elementləri onun dibi, ətəkləri və yamaclarıdır. D.-nin dibinin ən alçaq – su axan zolağı yataq, daşqın zamanı su basan hissəsi çaybasar adlanır. D.-nin dibi ilə yamaclarının birləşdiyi yer onun ətəyi, ətəkləri ilə suayırıcılar arasındakı hissələri isə yamacları adlanır. D.-nin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.

Coğrafiya terminləri lüğəti

dərəcə toru

Meridianparalellərin qlobus və xəritələrdə kəsişərək əmələ gətirdiyi şəbəkə.

Bu şəbəkə Yer səthinin hər hansı nöqtəsinin coğrafi koordinatlarını müəyyənləşdirmək və ya coğrafi obyektləri koordinatlarına uyğun olaraq xəritədə, qlobusda əks etdirmək imkanı verir.

Coğrafiya terminləri lüğəti

dərinlik eroziyası

lat. erosio – yuyulma, aşınma

Su axınının öz yatağını dərinləşdirməsi.

Bu proses tektonik qalxmaya məruz qalmış ərazilərdə axının enerjisinin artması səbəbindən daha intensiv olur. D.E., adətən, eroziya bazisindən çayyuxarı, yəni axının əksi istiqamətində inkişaf edir.

See also:

Coğrafiya terminləri lüğəti

dərinlik qurşaqlığı

Okean, dəniz və göllərdə dərinlik artdıqca landşaftların qanunauyğun şəkildə bir-birini əvəz etməsi, canlı aləmin müvafiq olaraq dəyişməsi.

D.Q. sualtı zonalarda təzyiq, temperatur və duzluluq fərqləri ilə birbaşa əlaqədardır.

See also:

Coğrafiya terminləri lüğəti

dib çöküntüləri

Su hövzəsində təbii və texnogen mənşəli maddələrdə gedən fiziki-kimyəvi, biokimyəvi proseslər nəticəsində hövzənin dibinə çökmüş qırıntılar, üzvi və qeyri-üzvi mənşəli bərk hissəciklər.

See also:

Coğrafiya terminləri lüğəti

diqressiya

lat. digressio – yayınma, çəkilmə

Mühit amillərinin və ya insan fəaliyyətinin təsiri nəticəsində ekosistemin vəziyyətinin pisləşməsi.

D.-lar endodinamik (daxili səbəblərdən baş verən, məsələn, torpağın üst qatlarının endogen çirklənməsi), antropodinamik (insan fəaliyyəti nəticəsində baş verən, məsələn, otlaqların dincə qoyulmadan fasiləsiz istifadəsi), ekzodinamik (xarici mühit amillərinin təsiri ilə yaranan, məsələn, torpaqların uzun müddət mineral suların altında qalması) ola bilər. D.-nın son mərhələsi ekosistemin dağılması və məhvidir.

Coğrafiya terminləri lüğəti

dil

Dəniz, göl və ya böyük çayların sahil zonasında suyun içərilərinə doğru uzanmış alçaq, ensiz və hamar səthli quru zolaq.

D. sahilboyu dalğaların, cərəyanların və qismən çayların gətirdiyi çınqıl, qum və s. materialların toplanmasından əmələ gəlir (məs.: Azərbaycanda Kür D.-i, Giləzi D.-i, Şah D.-i).

Coğrafiya terminləri lüğəti

dolu

İlin isti dövründə topa buludlardan xırda buz parçaları şəklində Yer səthinə düşən atmosfer yağıntısı.

Əksər hallarda D.-nun diametri 6-20 mm olur, bəzənsə – 120-130 mm-ə, çəkisi 1 kq-a çatır. Adətən, D. mülayim qurşaqda düşür, lakin nadir hallarda tropik qurşaqlarda müşahidə edilən D.-nun intensivliyi daha yüksəkdir. O, təsərrüfata, xüsusilə kənd təsərrüfatına böyük ziyan vurur. Buna görə də D.-ya qarşı mübarizə aparmaq üçün xüsusi operativ xidmətlər təşkil edilir.

Coğrafiya terminləri lüğəti

Dördüncü dövr

Yer qabığının ən cavan süxurların – “dördüncü süxurlar”ın adından

Yerin geoloji inkişaf tarixində ən müasir dövr – Kaynozoy erasının üçüncü dövrü.

Təxminən 2,58 mln. il bundan əvvəl başlanıb. Yerin indiki relyef formalarının bir çoxu məhz bu dövrdə yaranıb. D.D. iki epoxaya bölünür: Pleystosen və Holosen. Bu dövrün ilk epoxası – Pleystosen təxminən 12-11 min il əvvəl bitib. Pleystosenin ən mühüm hadisələri böyük buzlaşma və insanın yaranmasıdır. Həmin vaxtdan başlayan, bu gün də davam edən Holosen isə Yer iqliminin nisbətən sabitləşməsi və sivilizasiyanın formalaşması ilə əlamətdardır. Məhz buna görə D.D.-ə həm də Antropogen deyilir.

See also:

Coğrafiya terminləri lüğəti

Dördüncü dövr buzlaşmaları

Kaynozoy erasının Dördüncü dövründə (və ya Antropogendə) Şimal və Cənub yarımkürələrinin materiklərində ardıcıl surətdə istiləşmə dövrləri ilə arası kəsilən böyük buzlaşma mərhələləri.

Elmi ədəbiyyatda D.D.B.-na Pleystosen buzlaşması da deyilir. Sonuncu buzlaşma mərhələsi 15-12 min il bundan əvvəl qurtarıb. Alman coğrafiyaşünasları Albrext Penk və Eduard Brüknerin geniş yayılmış təsnifatında Alp dağlarında dörd D.D.B. və üç buzlaşmalararası istiləşmə epoxaları ayrılır. Birinci və ən qədim buzlaşma Güns, ikinci buzlaşma Mindel, üçüncü buzlaşma Riss və sonuncu buzlaşma Vürm adlanır. Buzlaşma epoxalarının adları Dunay çayının Alp dağlarından axan qollarının adlarından götürülüb. Buzlaşmalararası istiləşmə epoxalarına isə müvafiq olaraq Güns-Mindel, Mindel-Riss, Riss-Vürm adları verilib.

Coğrafiya terminləri lüğəti