Reklam
Reklam

Tarix terminləri lüğəti

osmançılıq

türk. osmanlılık, osmanlıcılık

Osmanlı dövlətində XIX əsrin II yarısında formalaşmış siyasi və ideoloji doktrina.

Yeni osmanlılar”, sonra isə “Gənc türklər” tərəfindən dəstəklənən O. (yaxud osmanizm) milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün Osmanlı dövləti təbəələrinin “bərabərliyi və vəhdəti” ideyasına əsaslanıb. XIX əsrin sonu – XX əsrin əvvəlində O. Osmanlı dövlətinin rəsmi ideologiyası olub. Bu ideologiya vahid osmanlı millətinin formalaşmasına, siyasi anlamda vətəndaş birliyinə xidmət edib, dövlətin bütövlüyünü qoruyub saxlamaq və onun parçalanmasının qarşısını almaq məqsədi güdüb. Lakin sonrakı siyasi proseslər, xüsusilə I Dünya müharibəsi (1914–1918) ərəfəsində və savaş dövründə separatçılıq meyillərinin güclənməsi O. doktrinasının səmərəsizliyini üzə çıxarıb. Bu səbəbdən Türkiyənin hakim dairləri italyan-türk (1911–1912) və I Balkan müharibələrindən (1912–1913) sonra O.-dan əl çəkərək tədricən türkçülüyə keçməyə başlayıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

oruc

Müsəlmanların gün çıxandan şər qarışanadək hər cür yemək, içki, oyun, tamaşa və s. dünya ləzzətlərindən imtina etməsi, müsəlmanlığın beş əsas şərtindən biri.

O. (bəzi türk dillərində uraza adlanır) hicri təqviminin doqquzuncu ayı olan ramazanda 30 gün ərzində tutulur. Həmin ayda yalnız gün çıxmamışdan əvvəl (obaşdan) və gün batandan sonra (iftar) qida qəbul etməyə icazə verilir. O. ilk dəfə hicrətdən, yəni  Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının Məkkədən Mədinəyə köçməsindən (622-ci il) təxminən 17–18 ay sonra tətbiq olunub. Uşaqlar, xəstələr, hamilə qadınlar və səfərdə olan müsəlmanlar O.-dan azad edilir. Qidadan müəyyən müddətə könüllü şəkildə imtina bir sıra digər dinlərdə (məs.: xristianlıq, iudaizm və s.) də var.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Orucluq bayramı

İslamda orucluğun başa çatması münasibətilə şəvval ayının 1-də (hicri təqviminin onuncu ayı) keçirilən dini bayram.

Müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, küsülülərin barışması O.B.-nın səciyyəvi cəhətlərindən sayılır. Kasıbların da O.B.-nı qeyd edə bilməsi üçün insanlar mal, yaxud pul şəklində fitrə zəkatı (xüsusi vergi) verirlər. Fitrə zəkatı yoxsullara paylanır.

Tarix terminləri lüğəti

ozan

Oğuzlarda el şairi, nəğməkar, musiqiçi.

O. termininin etimologiyası dəqiq müəyyənləşməyib. İslam Ensiklopediyasına görə, bu termin “qabaqlamaq, yarışda önə çıxmaq” anlamını verən “oz” sözündən törəyib. Səlcuqilər dövlətinin yaranmasından çox qabaq O.-lar oğuz tayfaları arasında söz ustadı, rəqqas, sehrbaz, həkim kimi böyük nüfuz qazanıblar. Hun hökmdarlarının saraylarında O.-lar olub, qədim dövrdə onlar türk ordularını hərbi yürüşlərdə müşayiət ediblər. XV əsrdən sonra O. sözü Azərbaycan və Anadoluda aşıq, Orta Asiyada isə baxşı ilə əvəzlənib.

Tarix terminləri lüğəti