Reklam
Reklam

Tarix terminləri lüğəti

perqament

alm. pergament < yun. Pérgamos – Perqam, Kiçik Asiyada şəhər

Üzərində yazı yazmaq üçün xüsusi emal olunmuş dəri məmulatı.

P., əsasən, dana, quzu və çəpiş dərisindən hazırlanıb, e.ə. II əsrdən başlayaraq istifadə edilib. Papirusla müqayisədə P. bir sıra üstünlükləri ilə fərqlənib. Belə ki, P.-in hər iki üzündə yazmaq, eləcə də köhnə yazını silib yenisini həkk etmək mümkün olub. Bu xüsusiyyətlərinə görə, habelə hazırlandığı xammalı daha asan əldə etmək mümkün olduğu üçün P. papirusa nisbətən geniş yayılıb.

Tarix terminləri lüğəti

peşəkar ordu

Hərbi xidmətin şəxsi heyət üçün əsas peşə və fəaliyyət növü sayıldığı ordu.

P.O. antik dövrdə Qədim Yunanıstanda, Qədim Romada və s. dövlətlərdə, XIV–XVIII əsrlərdə isə muzdlu ordu şəklində Qərbi Avropanın bir çox ölkələrində (Fransa, İtaliya, Almaniya və s.) mövcud olub. XIX əsrdə Avropa ölkələrinin əksəriyyətində ümumi hərbi mükəlləfiyyətin tətbiqi ilə əlaqədar ordular çağırışçılarla komplektləşdirilməyə başlanıb. Lakin XX əsrin II yarısından etibarən bir sıra inkişaf etmiş ölkələr (ABŞ, Qərbi Avropa ölkələrinin əksəriyyəti və s.) hərbi mükəlləfiyyət sistemindən imtina edərək P.O.-ya qayıdıb.

Tarix terminləri lüğəti

pıçaqçılar

Cənubi və Şərqi İranın dağ və yarımsəhra rayonlarında yaşayan türk tayfası.

P. (və ya bıçaqçılar) qacarların bir qolu sayılır. Farslar tərəfindən güclü assimilyasiyaya məruz qalmış bu tayfanın üzvləri, əsasən, maldarlıqla məşğul olurlar.

Tarix terminləri lüğəti