Reklam
Reklam

Tarix terminləri lüğəti

korteslər

isp. cortes < corte – kral sarayı

İspaniya və Portuqaliyada orta əsrlərdə silki-nümayəndəli yığıncaq, yeni dövrdə parlament (Portuqaliyada 1911-ci ilədək).

İlk K. 1137-ci ildə Kastiliyada yaranıb. Öncə K.-də yalnız zadəgan və ruhanilərin iştirak etmək hüququ olub. 1188-ci ildən etibarən isə şəhər əhalisi də tədricən eyni hüququ əldə edib. XIII–XIV əsrlərdə böyük nüfuza malik K. absolyutizmin bərqərar olması ilə əhəmiyyətlərini itirib. Yalnız XIX əsr İspaniya inqilablarının gedişində K. yenidən dirçələrək parlament rolunu oynamağa başlayıb. Hazırda ikipalatalı İspaniya parlamenti Baş K. adlanır.

Tarix terminləri lüğəti

kotterlər

ing. cotter və ya cottar < lat. cotarius – fermada yaşayan muzdur

Orta əsrlərdə və yeni dövrün başlanğıcında İngiltərədə feodal asılılığında olan kəndli təbəqəsi.

K.-in kiçik torpaq sahələri olub, həmin sahələr onların yaşayışının əsasını təşkil edib. Məhz bu səbəbdən K. çəpərləmələrin ən barışmaz düşmənləri olublar. Kənddə kapitalist münasibətlərinin inkişafı ilə K. muzdlu kənd təsərrüfatı (və ya manufaktura) fəhlələrinə çevriliblər.

Tarix terminləri lüğəti

kviritlər

lat. Quirites

Respublika dövründə Qədim Romanın tamhüquqlu vətəndaşlarının rəsmi adı (Populus Romanus Quiritium).

Bu terminin “coviria” (kuria, kişi ittifaqı) sözündən yarandığı güman edilir. İlk öncə kuria üzvləri K. adlandırılıblar, Roma dövlətinin formalaşması prosesində kuria üzvlərinin məcmusu Roma vətəndaşlarına çevrilib.

Tarix terminləri lüğəti

kvestor

lat. quaestores < quaero – axtarıram, tədqiqat aparıram

Qədim Romada vəzifəli şəxs.

K.-lar çarlıq dövründə cinayət proseslərində hakim, respublika dövründə isə kiçik magistratkonsulların maliyyə və məhkəmə işləri üzrə köməkçisi vəzifələrini yerinə yetiriblər. İmperiya dönəmində onlar yolların döşənməsi, təntənəli mərasimlərin təşkili, mühüm dövlət sənədlərinin bəyan edilməsi və s. işlərlə məşğul olublar. Öncə yalnız patrisilər K. seçiliblər, e.ə. 421-ci ildən isə bu hüquqdan plebeylər də istifadə ediblər. İlk vaxtlar K.-ları konsullar seçiblər, e.ə. 447-ci ildə isə bu səlahiyyət Tribut komitsiyalarına verilib.

Tarix terminləri lüğəti

kvakerlər

ing. quakers – hərfi mənası: titrəyənlər

XVII əsrin ortalarında İngiltərədə dini-xristian icmasının üzvləri.

Əsası sənətkar J.Foks tərəfindən qoyulmuş bu icma ruhani institutunu və kilsə mərasimlərini rədd edib. Pasifizmi təbliğ edən K.-lərin təliminə görə, insan Allahla birbaşa, kilsə və ruhanilərin vasitəçiliyi olmadan da ünsiyyətə girə bilər. İngilis hökuməti və Anqlikan kilsəsi tərəfindən təqib olunduqları üçün K. XVII əsrin 60-cı illərindən etibarən Şimali Amerikaya mühacirət etməyə başlayıblar. Lakin 1689-cu ildə İngiltərədə K.-in statusu leqallaşdırılıb. Hazırda K.-in əsas icmaları ABŞ, Böyük Britaniya və Şərqi Afrika ölkələrində yerləşir.

Tarix terminləri lüğəti