Reklam
Reklam

Tarix terminləri lüğəti

liktorlar

lat. lictor – mühafizəçi

Qədim Romada aşağı dövlət vəzifələrindən biri.

Romada hələ etrusk çarlarının hakimiyyəti (e.ə. VII əsr) dövründən L. öncə magistratların sərəncamlarını yerinə yetiriblər, sonra isə onların mühafizəçiləri olublar, habelə bəzi rəmzi funksiyalar icra ediblər. Pretoru – 6, konsulu – 12, diktatoru – 24, imperatoru I–II əsrlərdə – 24 silahlı liktor müşayiət edib.

Tarix terminləri lüğəti

lordlar palatası

Böyük Britaniyada parlamentin dünyəvi və dini lordlardan (perlərdən) ibarət yuxarı palatası.

L.P.-nın sədri lord-kansler adlanır. Bu palatanın qanunvericilik səlahiyyətləri 1911 və 1949-cu illərdə qəbul edilmiş parlament haqqında aktlarla məhdudlaşdırılıb.

Tarix terminləri lüğəti

lord

ing. lordhlaford – hərfi mənası: mühafizə edən, ruzini qoruyan

1. Orta əsrlərdə İngiltərədə feodal torpaq sahibi, vassalların senyoru.

Daha sonra bilavasitə kraldan torpaq alan iri feodallara L. deyilib. XIV əsrdən başlayaraq tədricən L. ingilis ali zadəganlarının (hersoq, markiz, qraf, vikontbaronların) ümumi tituluna çevrilib və lordlar palatasını təşkil edən perlərə verilib. Bu titul kişi xətti ilə irsən keçə, həmçinin kral tərəfindən bəxş edilə bilər. XIX əsrdən etibarən İngiltərədə iri kapital nümayəndələrinə, siyasət, elm, mədəniyyət xadimlərinə və s. görkəmli şəxslərə də L. titulu verilir.

2. Böyük Britaniyada bir sıra ali və yerli səviyyəli dövlət vəzifələrinin rəsmi adının tərkib hissəsi; məs.: lord-kansler, lord-mer və s.

3. XV–XVII əsrlərdə İngiltərənin yüksəkvəzifəli dövlət xadimlərinin titulunun tərkib hissəsi; məs.: həddi-büluğa çatmamış kralın regentinə L.-protektor deyə müraciət olunurdu.

Tarix terminləri lüğəti

lollardlar

ing. lollard < nider. lollaert(d) – hərfi mənası: burun altında dua oxuyan

XIV əsrdə İngiltərə, eləcə də bir sıra digər Qərbi Avropa ölkələrində kəndli-plebey hərəkatının üzvləri.

L. hərəkatı antikatolik bidət xarakteri daşıyıb və təxminən 1300-cü ildə Antverpendə (Niderland) yaranıb, XIV əsrin 60-cı illərindən İngiltərədə geniş vüsət alıb. Katolik kilsəsinə qarşı çıxan L. onun imtiyazlarının ləğv edilməsini istəyiblər. L. həmçinin feodalizm quruluşunun ədalətsizliklərini ciddi tənqid edərək biyarın və silki bərabərsizliyin ləğvinə çağırıblar. Açıq şəkildə üsyana çağırışlar edən L. Uot Tayler üsyanının (1381) ideoloji cəhətdən hazırlanmasında mühüm rol oynayıblar.

Tarix terminləri lüğəti

lokayata

sanskr. lokayata – xalq arasında dolaşma, yayılma

Qədim Hindistanda materialist təlim.

O, e.ə. I minilliyin ortalarında yaranıb. Vedaların nüfuzunu inkar edən və qədim zamanlardan həmçinin «çarvaka» da adlandırılan L. bəzi tədqiqatçılar tərəfindən ateist təlim kimi qiymətləndirilir. Bu səbəbdən brahmanlar L.-nı demonik (iblisanə) təlim kimi qiymətləndirirlər. L.-ya görə, bəşəriyyət təbii yolla, heç bir kənar qüvvənin müdaxiləsi olmadan yaranıb. Dörd əbədi ünsür – torpaq, su, od və hava – kainatın əsasında durur. Axirət dünyası ideyasını rədd edən L. materiyanı yeganə reallıq sayır.

Tarix terminləri lüğəti

livr

fr. livre < lat. libra – Roma funtu

1. 1799-cu ildə frank dövriyyəyə buraxılana kimi Fransanın pul vahidi.

2. Orta əsrlərdə Fransada tədavüldə olmuş gümüş sikkə.

Bu sikkə 1834-cü ildə tamamilə tədavüldən çıxarılıb.

3. XVIII əsrin sonunda metrik sistemə keçidə qədər Fransada istifadə olunan tarixi kütlə vahidi.

Bir L. 489,5 qrama bərabər olub.

Tarix terminləri lüğəti

livlər

latış. līvi və ya lībieši; liv. līvlizt

Qədim dövrlərdə indiki Latviyanın şimal və qərb bölgələrində məskunlaşmış fin-uqor mənşəli tayfa.

Eramızın I minilliyinin sonlarına yaxın qonşu xalqlar, ilk növbədə, latqallar tərəfindən assimilyasiya olunan L.-in ərazisi getdikcə daralmağa başlayıb. IX–XII əsrlərdə L. yalnız Riqa körfəzi sahilindəki kiçik bir sahədə qalıblar. Hazırda Latviyanın Talsu rayonunda yaşayan azsaylı balıqçılar qrupu latışlarla qaynayıb-qarışmış L.-in varisləri hesab olunur.

Tarix terminləri lüğəti

liturgiya

yun. leiturgia – ictimai vəzifə

1. Qədim yunan şəhər-polislərində imkanlı vətəndaşların, habelə üç və daha çox talantlıq əmlakı olan yadellilərin, azad edilmiş qulların yerinə yetirdikləri dövlət mükəlləfiyyəti.

L. hesabına bəzi mühüm dövlət xərcləri azaldılıb. Onun iki növü olub: adi və fövqəladə. Musiqi yarışlarında xorların, dini mərasimlərə göndərilən səfirliklərin, gimnastika yarışları iştirakçılarının saxlanması və s. xərclər adi L. hesabına ödənilib. Hərbi gəmilərin imkanlı vətəndaşların hesabına təchiz edilməsi isə fövqəladə L. sayılıb. L. Afinada e.ə. V–IV əsrlərdə daha geniş yayılıb. Onun tətbiqinin iki əsas məqsədi olub: varlılarla yoxsullar arasında ziddiyyətləri yumşaltmaq, eləcə də polislərin hərbi və siyasi qüdrətini artırmaq. Qədim yunan şəhər-polislərindən başqa, L. ellinizm dövründə Misirdə, həmçinin Roma imperiyasında və Bizansda tətbiq olunub.

2. Xristianlıqda ən mühüm dini ibadət mərasimi.

İsa Məsihin “əti” və ”qanı” sayılan çörək və şərabdan dadmaqla ona “qovuşmaq” istəyi bu mərasimin əsasında durur. Katoliklərdə L. “messa” adlanır.

Tarix terminləri lüğəti

lüteranlıq

Protestantlığın Almaniya, Skandinaviya ölkələri və Şimali Amerikada daha geniş yayılmış əsas cərəyanlarından biri.

L. XVI əsrdə Reformasiya gedişində Almaniyada Martin Lüter (1483–1546) və onun ardıcıllarının baxışları əsasında yaranıb. Protestantlığın başlıca müddəaları məhz L.-ın daxilində formalaşıb. Bu cərəyanın təməl prinsipləri “Razılıq kitabı”nda öz əksini tapıb. Protestantlığın bütün digər qolları kimi L. da Roma papasının hakimiyyətini qəbul etmir. O, teizmə söykənir və Bibliyanı dini inancın həqiqiliyinin yeganə meyarı sayır. Əgər katolisizmdə ruhani Allahla dindar arasında “vasitəçi” funksiyasını yerinə yetirirsə, L.-da o yalnız “Müqəddəs kitab”ın “təfsirçi”sidir və insanın Allahla birbaşa münasibətlərinə qarışmır. Bu, L.-la katolisizm arasındakı əsas fərqlərdən biri hesab olunur. L.-da həmçinin dini ayinlər sadələşdirilib, boşanmaya və ikinci nikaha icazə verilir.

Tarix terminləri lüğəti