Reklam
Reklam

Tarix terminləri lüğəti

maksimum qanunu

1793–1794-cü illərdə Fransada yakobin diktaturası dövründə tətbiq olunan və qiymətlərin, eləcə də əməkhaqlarının maksimum həddini məcburi qaydada müəyyənləşdirən norma.

Ərzaq və digər ilkin tələbat mallarının maksimum qiymətlərinin müəyyənləşdirilməsi tələbi əhalinin yoxsul hissəsi tərəfindən irəli sürülüb. Bu tələbin yerinə yetirilməsi uğrunda mübarizəyə “quduzlar” başçılıq edib. Jirondistlərin müqavimətinə baxmayaraq, 1793-cü il sentyabrın 11-də Konvent birinci M.Q.-nu qəbul edərək taxıl və una vahid qiymət müəyyənləşdirib. Həmin il sentyabrın 29-da ikinci M.Q. ilə sabun, duz, tütün və digər mallara da vahid qiymətlər tətbiq edilib. Eyni zamanda maaşların maksimum həddi müəyyənləşdirilib ki, bu da əhalinin yoxsul təbəqəsinin narazılığına səbəb olub. M.Q.-nun tətbiqi 1794-cü ilin iyulunda Termidor çevrilişindən sonra faktik olaraq dayandırılıb, həmin il dekabrın 29-da isə həmin qanun rəsmən ləğv edilib.

Tarix terminləri lüğəti

maqlar

lat. magus, yun. màgos, əski fars. maguş

Qədim İran və ona qonşu ölkələrdə zərdüştilik kahinləri və ya kahinlər kastasının üzvləri.

Herodot M.-ı qədim Midiya tayfalarından biri hesab edib. Bu fikrə əsaslanan bəzi tədqiqatçılar zərdüştilik dini kahinlərinin mənşəcə məhz bu tayfadan olduqlarını və öncə Midiyada, sonra isə ətraf ərazilərdə kahinlik fəaliyyətini inhisara aldıqlarını göstərirlər. M. qədim İranın siyasi həyatında mühüm rol oynayıblar. Sasanilər dövründə onlar cəmiyyətdəki mühafizəkar normaların əsas müdafiəçisi olublar. Sonralar İranla qonşu ərazilərdə yayılmış və zərdüştiliyə yaxın olan bir sıra digər dinlərin kahinləri də M. adlandırılıb. Ellinizm dövründə cadugər, sehrbaz və münəccimlərə də M. deyilib.

Həmçinin bax:

Tarix terminləri lüğəti

mal

ər. – sərvət, var-dövlət

Ərəb xilafəti dövründə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda daşınan əmlak (mülkdən fərqli olaraq).

M. termini həmçinin pul, əmtəə, pul vergisi və ümumiyyətlə, hər cür vergi anlamında da işlənib.

Tarix terminləri lüğəti

maldarlıq

Süd, ət və gön-dəri istehsalı ilə məşğul olan heyvandarlıq sahəsi.

M. Neolit dövründə – əkinçilik və M.-ın ovçuluq və yığıcılıqdan ayrıldığı Neolit inqilabı gedişində yaranıb. Köçəri M. onun ən qədim forması sayılır.

Tarix terminləri lüğəti

malikanə

ər. malik – sahib, məxsus + fars. xanə – ev

1. Geniş mənada: feodal torpaq mülkiyyəti və bununla bağlı feodal-asılı kəndlilər üzərində hüquqlar kompleksi.

2. Dar mənada: bütün torpaq sahəsinin çox hissəsini təşkil edən, təhkimli kəndlilərin biyar əməyi ilə becərilən iri və orta feodal təsərrüfatı.

M. sahibi mülkədar adlanıb. XVI–XVIII əsrlərdə Şərqi və Mərkəzi Avropada M.-lər xüsusilə geniş yayılıb. Müsəlman Şərqində, o cümlədən Azərbaycanda belə iri feodal M.-ləri olmayıb. XVIII əsr – XX əsrin əvvəllərində isə bu termin “mülk” sözünün sinonimi kimi işlədilib.

3. Yaşayış binasından, təsərrüfat və s. xarakterli tikililərdən, parkdan ibarət vahid memarlıq kompleksi.

Mülkədar M.-sində ağalıq evi, bir və ya bir neçə əlavə tikili (fligel), oranjereya və park, təsərrüfat həyəti olub. XVIII əsrin sonu – XIX əsrin əvvəlində yaranmış şəhərtipli M.-lərdə isə şəxsi ev, “xidmət yerləri” (tövlə, karetlər saxlamaq üçün bina və s.) tikilib, həyət düzəldilib, yaxud kiçik bağ salınıb. XIX əsrdə Azərbaycanda da (Gəncə, Bakı kəndləri və s.) M.-lər olub.

Tarix terminləri lüğəti

malikilik

Quranı və onun davamı sayılan sünnəni hüququn yeganə əsası hesab edən sünnilik məzhəbi; sünnilikdə dörd başlıca məzhəbdən biri.

Bu məzhəbə onun banisi imam Malik ibn Anasın (713–795) adı verilib. Hazırda Mərakeş, Əlcəzair, Liviya, Tunis, Küveyt və Bəhreyndə M. çox geniş yayılıb, Misir və Sudanda da böyük M. icmaları var.

Həmçinin bax:

Tarix terminləri lüğəti