Reklam
Reklam

Tarix terminləri lüğəti

mədəni inqilab

1. 1966–1976-cı illərdə Çində Mao Tszedunun şəxsi təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı siyasi-ideoloji kampaniya.

“Kapitalizmin restavrasiyasına”, “daxili və xarici təftişçiliyə” qarşı mübarizə pərdəsi altında M.İ. dövründə siyasi müxalifətin zərərsizləşdirilməsi və hakimiyyətin Mao Tszedunun əlində cəmləşdirilməsi prosesi baş verib. İlkin mərhələdə M.İ.-ın hərəkətverici qüvvəsi məktəbli və tələbələrdən təşkil edilmiş xunveybin və gənc fəhlələrdən ibarət tszaofan dəstələri olub. Onlar ordunun dəstəyi ilə partiya komitələrində, nazirliklərdə, müəssisələrdə, elm, təhsil və mədəniyyət idarələrində kütləvi “təmizləmələr” aparıblar. “Təmizləmələr”in gedişində on minlərlə insan repressiyaya məruz qalıb. M.İ.-ın pik nöqtəsi 1969-cu ilə təsadüf edib; bu böyük kampaniya çərçivəsində repressiyalar yalnız 1976-cı ildə Mao Tszedunun ölümündən sonra dayandırılıb.

2. SSRİ-də ideologiya və mədəniyyət sahəsində sosialist inqilabı; sənayeləşmə və kollektivləşmə ilə yanaşı, sosializm quruculuğu planının tərkib hissəsi.

Bu termini ilk dəfə 1923-cü ildə V.Lenin işlədib. XX əsrin 20–30-cu illərini əhatə edən M.İ.-ın nəzəriyyəsinə görə, bütövlükdə mədəniyyət iki yerə bölünüb: mütərəqqi sosialist və mürtəce burjua. Birinci inkişaf etdirildiyi halda, ikinci məhvə məhkum olunub. M.İ. ziddiyyətli xarakter daşıyıb: bir tərəfdən savadsızlığın kütləvi ləğvinə səy göstərilib, icbari təhsilə keçid baş verib, yeni məktəblər, kitabxanalar, muzeylər açılıb; digər tərəfdən isə görkəmli ziyalılar – alimlər, yazıçılar, bəstəkarlar, filosoflar ölkədən sürgün olunub, həbsxanalara atılıb, dinlə mübarizə pərdəsi altında qədim abidələr, kitablar, əlyazmalar məhv edilib, çoxəsrlik yazı mədəniyyətinə malik xalqların yazı sistemləri zorla kiril əlifbası ilə əvəzlənib.

Tarix terminləri lüğəti

məhərrəmlik

İslam dinində şiəlik tərəfdarlarının 680-ci ildə Kərbəla yaxınlığında qətlə yetirilmiş Məhəmməd peyğəmbərin nəvəsi, xəlifə Əlinin oğlu İmam Hüseyn üçün iki ay ərzində (hicri təqviminin məhərrəm və səfər aylarında) saxladıqları matəm, yas, təziyə.

İmam Hüseynin öldürüldüyü gün – məhərrəm ayının 10-u M.-in kulminasiyası sayılır. Aşura adlanan həmin gün mərsiyələr oxunur, ehsanlar verilir, dindarlar küt alətlərlə özlərinə fiziki xəsarətlər yetirir, eləcə də Hüseynin ölümünü təsvir edən şəbihlər çıxarırlar. Bütövlükdə isə matəm iki ay ərzində davam edir və həmin müddətdə fasiləsiz olaraq əza məclisləri qurulur. M. dövründə şiəliyin yayıldığı ərazilərdə iki ay şənliklər, toylar yasaq olunur.

Tarix terminləri lüğəti

məlik

ər. – hökmdar, padşah

1. Qədim Ərəbistanda hökmdarların, həmçinin bəzi tayfa ittifaqı başçılarının, VII əsrdən sonra isə xilafətdən asılı olan qeyri-müsəlman hakimlərinin titulu.

2. Ərəb xilafəti parçalandıqdan sonra (XIII əsr) həmin ərazidə yaranmış müstəqil dövlətlərin başçıları, habelə XIII–XIV əsrlərdə monqolların işğal etdikləri ərazilərin yerli hakimləri.

3. Elxanilər və Səfəvilər dönəmində Azərbaycanın asılı feodalları, habelə XVIII əsrdə Qarabağın Xəmsə mahalının yarımasılı feodalları.

Bəzi ölkələrdə (İordaniya, Mərakeş və s.) M. titulu hələ də qalır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

məliklik

ər. məlik – hökmdar, padşah

Orta əsrlərdə mövcud olmuş kiçik feodal hakimliyi.

M. məlik tərəfindən idarə edilib. XVIII əsrdə Azərbaycanda Vərəndə, Dizaq, Xaçın, Gülüstan və Çiləbörd (Crabert) M.-ləri mövcud olub.

Tarix terminləri lüğəti

məmlüklər

ər. – ağ qul, əsir

Misirdə Əyyubilər sülaləsi (1171–1250) hökmdarlarının seçmə qoşun dəstələrini təşkil edən döyüşçü-qullar.

M., əsasən, türklər, gürcülər, çərkəzlər və digər Qafqaz xalqlarından ibarət olublar. Sayı təxminən 9-12 minə çatan M.-ə 24 bəy başçılıq edib. Məmlük bəyləri ən yaxşı torpaqlara sahib olublar, gömrükdən gələn gəlirlərə, bəzi dövlət müəssisələrinə və s.-yə nəzarəti ələ alıblar. 1250-ci ildə M.-in başçıları Əyyubilər sülaləsini devirərək hakimiyyətə gəliblər. M. Suriyada (1516-cı ilədək) və Misirdə (1517-ci ilədək) müstəqil hökmranlıq ediblər. 1516–1517-ci illərdə Suriya, Fələstin və Misiri fəth edən Osmanlı sultanı I Səlim onların hakimiyyətinə son qoyub. Lakin bu məğlubiyyətə baxmayaraq, Misir torpaqlarının bir hissəsi məmlük feodallarının nəzarətində qalıb və onlar Osmanlı xəzinəsinə vergi ödəyiblər. XVII əsrdə Osmanlı dövlətinin zəifləməsi M.-ə hakimiyyətə qayıtmaq imkanı verib. Yalnız Misir paşası Məhəmməd Əlinin dövründə (1805–1848) torpaqlar M.-dən alınıb (1808), məmlük bəyləri isə məhv edilib (1811).

Tarix terminləri lüğəti

məzdəkilik

Erkən orta əsrlərdə İranda və bir sıra qonşu ölkələrdə, o cümlədən Azərbaycanda geniş yayılmış dini-fəlsəfi təlim.

Bu təlim V əsrin sonu – VI əsrin əvvəlində İranda həmin hərəkata rəhbərlik etmiş Məzdəkin adı ilə tanınıb. Lakin təlimin özü bundan xeyli əvvəl, hələ III əsrdə yaranıb. M.-in özəyində manilik ideyaları durub. M. də manilik kimi dualizm – işıq və zülmətin mübarizəsi prinsipinə əsaslanıb. Lakin manilikdən fərqli olaraq M. ətraf aləmə şərin (zülmətin) deyil, xeyirin (işığın) təcəssümü kimi baxıb, hesab edib ki, iki başlanğıc arasında mübarizə elə “bu dünyada” xeyirin şər üzərində qanunauyğun qələbəsi ilə bitəcək. Şər başlanğıcla eyniləşdirilən sosial bərabərsizliyin ləğvi və qarşılıqlı yardım ideyaları M.-də mühüm yer tutub. Bu təlim həmçinin zorakı üsullardan yararlanmaqla “Allahdan əta olunmuş” sosial bərabərliyi bərqərar etməyə çağırıb. VI əsrin 20-ci illərinin sonunda məzdəkilər hərəkatı İranda yatırılsa da, M. icmaları həm bu ölkədə, həm də Orta Asiya və Azərbaycanda XIV əsrədək qalmaqda davam edib. M. ideyalarından orta əsrlərdə Şərqdəki bir çox xalq hərəkatlarında istifadə olunub.

Həmçinin bax:

Tarix terminləri lüğəti