Reklam
Reklam

Tarix terminləri lüğəti

obstruksiya

< lat. obstructio – maneə, əngəl

1. Parlament azlığının çoxluğa qarşı onun fəaliyyətinə müxtəlif süni maneələr törətməkdən ibarət olan mübarizə metodu.

Bu məqsədlə azlıq nümayəndələri uzun-uzadı nitqlər söyləmək, çoxsaylı yazılı sorğular vermək, çoxluğun hər qanun layihəsinə saysız-hesabsız düzəlişlər təklif etməklə iclasın gedişini uzadır, faktik olaraq parlamentin fəaliyyətini iflic vəziyyətinə salırlar. Qədim Roma siyasətçisi Katonun (e.ə. 95–46) senatdakı çıxışı O.-nın klassik nümunəsidir. Yuli Sezar (e.ə. 100–44) onun gələcək seçkilərdə iştirakına imkan yaradan bir təklifin qəbulunu senatdan xahiş edib və senatorların əksəriyyəti bu xahişi dəstəkləməyə hazır olub. Lakin Katon uzun nitqlə çıxış edərək iclasın bütün vaxtını alıb, səsverməyə vaxt qalmayıb, nəticədə Sezarın təklifi keçməyib.

2. Fəhlə və qulluqçuların çoxsaylı təlimatların bütün tələblərinə dəqiq əməl etməklə həyata keçirdikləri etiraz tədbiri.

Təlimatlar bürokratik xarakter daşıdığından və oradakı tələblərin hamısına riayət etmək qeyri-mümkün olduğundan iş ləngiyir, məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Bu isə son nəticədə müəssisənin ziyanla işləməsinə səbəb olur. Belə etiraz tədbirləri ilk dəfə XX əsrin əvvəllərində İtaliyada tətbiq edildiyi üçün onlara “italyan tətili” də deyilir.

Tarix terminləri lüğəti

ocaq

1. Od saxlamaq və yandırmaq üçün yer.

O., bir qayda olaraq, tikilinin daxilində yerləşib. Arxeoloji tədqiqatlar göstərir ki, o hələ Erkən Paleolitdə mövcud olub. Üst Paleolitdə daşdan düzəldilmiş və bəzən gil ilə suvanmış O.-lar geniş yayılıb. Dairəvi evlərdə (məs.: qaradam, darbazi və s.) O. mərkəzdə qurulub. Düzbucaqlı tikililərdə isə divara bitişik, adətən, girişlə üzbəüz düzəldilib. Məhz divara bitişik O.-dan zaman keçdikcə buxarı yaranıb. O. bir çox xalqlarda, o cümlədən türklərdə müqəddəs yer sayılıb.

2. Ev, məskən, ailə.

Tarix terminləri lüğəti

oğuzlar

Qədim türk tayfaları birliyi.

Orxon-Yenisey abidələrində bu birlik “Oğuz budun” adlandırılır. O. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Lakin bəzi tədqiqatçıların fikrincə, o, “ak” (”ağ” – alicənab mənasında) və qədimdə ”ər” (“kişi”) sözünün sinonimi kimi işlənən “uz” kəlməsinin birləşməsindən yaranıb. “Oğuz Xaqan” dastanında O.-ın 24, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində isə 22 boydan ibarət olduğu göstərilir. Oğuz tayfaları bozok və üçok adlı iki qrupa bölünüb. Bu tayfa birliyi VII əsrdə Türk xaqanlığının (552–745) tərkibində formalaşıb. VII–XI əsrlərdə O., əsasən, Mərkəzi Asiya və Monqolustan ərazisində məskunlaşıblar. X əsrdə onlar kütləvi şəkildə islamı qəbul etməyə başlayıblar. XI əsrin əvvəlində O.-ın bir hissəsi səlcuqların başçılığı altında Ön Asiyaya, digər hissəsi Şərqi Avropaya – Qara dənizin şimal sahillərinə doğru hərəkət ediblər. 1030–1040-cı illərdə Azərbaycana gəlmiş O. burada məskunlaşmış digər türk tayfaları ilə qaynayıb-qarışaraq azərbaycanlıların formalaşmasında aparıcı rol oynayıblar. XI–XIII əsrlərdə “oğuz” etnonimi tədricən Orta Asiyada “türkmən”, Yaxın Şərqdə isə “türk” etnonimləri ilə əvəzlənib. Azərbaycanlılardan başqa, O. türkmənlərin, türklərin, qaqauzların, Krım tatarlarının, salarların və qaraqalpaqların etnogenezində fəal iştirak ediblər.

Həmçinin bax:

Tarix terminləri lüğəti

ox

Ucluq, ağac gövdə və lələkdən ibarət qədim silah növü.

O. və kaman ilk dəfə Mezolit dövründə hazırlanıb. O.-un ucluqları öncə çaxmaqdaşı və sümükdən, sonra isə tunc və ya dəmirdən olub. Dəmir ucluqlar e.ə. I minilliyin sonlarından geniş yayılıb. O. və kamandan həm ovçular, həm də müharibələr zamanı atlı və piyada döyüşçülər istifadə ediblər. XII əsrdə odlu silahların kəşfindən uzun müddət sonra da O. və kaman müxtəlif ordularda istifadədə olub.

Tarix terminləri lüğəti

oqami yazısı

irl. ogham

Qədim keltlərin və piktlərin hərf yazısı.

O.Y.-nın mənşəyi və “ogham” sözünün etimologiyası dəqiq məlum deyil. Bəzi tədqiqatçılar terminin qədim irland dilindəki “ogam” (natiqlik ilahının adı) sözündən yarandığını göstərirlər. O.Y. IV–X əsrlərdə latın əlifbası ilə paralel olaraq İrlandiya və Böyük Britaniya ərazisində işlədilib. Bu yazı ilə irland və pikt dillərində olan ən qədim kitabələr IV əsrə aid edilir. O.Y. sonradan latın əlifbası tərəfindən sıxışdırılıb aradan çıxarılsa da, XVII əsrədək məxfi yazı kimi istifadə olunub.

Tarix terminləri lüğəti